“Karikatura müsabiqəsi”nin yekun sərgisi keçiriləcək

462

Avqustun 15-də Müasir İncəsənət Mərkəzinin sərgi salonunda “Karikatura müsabiqəsi” layihəsinin yekun sərgisi keçiriləcək. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsində qalib gəlib. Layihənin məqsədi Azərbaycan incəsənətinin karikatura və rəsm sənəti sahəsinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların tapılıb üzə çıxarılmasını və tanıdılmasını, digər tanınmış rəssam və yaradıcı insanlarla əlaqələrin yaradılması və möhkəmlənməsini təmin etməkdir. Layihənin rəhbəri Roza Əliyevadır.
Qeyd edək ki, layihənin ilkin mərhələsində gənc karikaturaçı-rəssamlar açıq havada canlı olaraq karikaturalar çəkiblər. Layihənin ikinci hissəsi kimi həmin rəssamların kolleksiyalarından ibarət sərgi təşkil olunur. Layihədə ümumi olaraq 30-a yaxın rəssam iştirak edib. Üç gün davam edəcək sərgiyə hər bir rəssam maksimum üç işlə qatılacaqdır.