Kanada Qırğızıstanda qızıl istehsalını dayandırır

700
Qırğızıstanda “Kumtor” qızıl mədənində qızıl istehsalı ilə bağlı ortaya çıxan problemi heç cür həll etmək olmur. 
Bunu ötən gün Kanadanın “Kumtor”da qızıl istehsalı ilə məşğul olan “Senterra Qold” kompaniyasının məsələ ilə bağlı sərt addımlar atmağa hazırlaşması da sübut etməkdədir. Belə ki,  “Senterra Qold” Qırğızıstan hökumətinə  rəsmi şəkildə bildirib ki,  “Kumtor”da qızıl mədənini bağlamaq niyyətindədir. Buna səbəb isə “Kumtor”la bağlı yerli əhali və Qırğızıstan hökuməti ilə kompaniya rəhbərliyinin ortaq məxrəcə gələ bilməməsidir. Bundan əlavə bu günə kimi Qırğızıstan hökuməti 2014-cü ildə “Kumtor”da yeni sahələrin istismarı ilə bağlı həyata keçiriləcək işlərin planını təsdiqləməyib. Bu isə “Kumtor”da qızıl istehsalının dayanmasına gətirib çıxara bilər. Məsələyə münasibət bildirən dövlət rəsmisi, Baş Nazirin birinci müavini Tayırbek Sarpaşev deyib ki, yeni sahələrin istismarı ilə bağlı planın təsdiq edilməsinin yubadılmasına səbəb “Buzlaqların saxlanılması” haqqında qanunun Su Kodeksi ilə ziddiyyət təşkil etməsidir. Onun sözlərinə görə, bu səbəbdən yeni qızıl sahələrinin istismarı ilə bağlı bəzi məhdudiyyətlərin tətbiq edilməsi qaçılmazdır.  Sarpaşev: “Biz Su Kodeksinə dəyişiklik etmədən yeni sahələrin istismarı planını təsdiq edə bilmirik. Çünki əks halda, buna görə qanun qabağında cavab verməli olacağıq”,-deyib. Bununla belə dövlət rəsmisi qızıl istehsalının dayandırılmasının ölkə büdcəsinin böyük həcmdə  vergidən məhrum edilməsi olacağını da söyləyib. O, problemin aradan qaldırılması üçün qarşı tərəflə ümumi dil tapılmasının vacibliyini söyləyib. Öz növbəsində, “Senterra Qold” bəyan edib ki, yeni sahələrin işlənilməsinə icazə verilməyəcəyi təqdirdə, qızıl istehsalı sıfra enəcək və işlər dayanacaq. Nəticədə mədən karxanaları su ilə dolacaq. Bundan sonra isə orada qızıl istehsal etmək mənasız olacaq. Öz növbəsində, Dağ Mədən Assosiasiyaları Təşkilatının rəhbəri Orozbek Duyşeyev hökumətə xəbərdarlıq edib ki, əgər Nazirlər Kabineti “Kumtor”da qızıl istehsalı ilə bağlı planın təsdiqləməsini uzatsa, onda onun gətirəcəyi daha ağır nəticələrə indidən hazır olmalıdır: “Kumtorda qızıl istehsalının dayandırılması nəinki dövlət büdcəsini milyonlarla dollar gəlirdən məhrum edəcək, həm də “Senterra Qold” rəhbərliyinə  Qırğızıstana qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağa imkan verəcək və ölkəmizdən dəyən zərərə görə milyardlarla dollar tələb edəcək. Bundan əlavə, Qırğızıstanın 2016-cı ildə ölkədə 200 ton qızıl istehsal etmək planı da boşa çıxacaq”,-deyib.

Yeri gəlmşkən xatırladaq ki, “Kumtor” qızıl mədənindən  dövlət xəzinəsinə daxil olan vergilər ölkə büdcəsinin 10 faizini təşkil edir. Bu isə Qırğızıstan kimi kasıb bir ölkə üçün olduqca böyük rəqəmdir.  “Kumtor”da işin dayandırılması həmçinin1000-ə yaxın qırğızın işsiz qalmasına, 15-20 min nəfərin çörəkpulundan məhrum edilməsi demək olacaq.

Məsələnin ciddiliyini nəzərə alan Nazirlər Kabinetinin sədri Joomart Otorbayev yaxın günlərdə nazirlərin iştirakı ilə təcili iclas çağırmağı qərara alıb. İclasda vəziyyətdən çıxış yolları aranaraq müvafiq qərarın qəbul ediləcəyi gözlənilir.

Əziz Mustafa