Kamal Quliyev: “Mənim arxam, dayağım, daydayım oyunum olub”

0
624

Budəfəki qonağımız “Neftçi”, “Karvan” və “Xəzər Lənkəran” kimi iddialı klubların, eləcə də Ukrayna “Volın”ının, şərəfini qorumuş Azərbaycan yığmasının sabiq üzvü, “Neftçala” klubunun baş məşqçisi Kamal Quliyevdir.

– Komandanız I divizionun lideridir… I divizionun “Qarabağ”ı – “Neftçala”nı növbəti mövsüm Premyer Liqada görə biləcəyik?

– Bəri başdan veteran futbolçuları həmişə diqqətdə saxladığına görə “Çempion”a minnətdarlığımı bildirirəm. O ki qaldı sualınıza… Müqayisənizə sözüm yoxdur. Bu gün “Qarabağ” Premyer Liqanın, “Neftçala” isə I divizionun lideridir. Bəli, bu gün I divizionda “Neftçala” ilə rəqabət apara biləcək ikinci bir komanda yoxdur (Bu fikrimə şərik çıxanlar da olacaq, dodaq büzənlər də… Amma kimsə unutmasın ki, mən bütün komandalara hörmətlə yanaşıram). Bu mənada, deyərdim ki, I divizon “Neftçala” üçün artıq geridə qalıb. Bu komandaya, əgər belə demək mümkünsə, bunun üstü lazımdır. İnşallah, ona da nail olarıq.

– Ötən mövsüm “Neftçala” I divizionun çempionu oldu, lakin Premyer Liqaya keçə bilmədi… Bununla həm sizi yandırdılar, həm də komandanı…

– Sonradan mən AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəndə problemin lisenziya ilə bağlı olduğunu öyrəndim. Sən demə, bu məsələ ilə məşğul olan şəxs ona tapşırılan işə biganə yanaşıbmış. Hə, onu dedi ki, bu mövsüm də çempion olun, nəyə qadir olduğunuzu bir daha sübut edin.

– Yəqin ki, bu, komandaya öz təsirini göstərdi?

– Ötən mövsümki heyət daha güclü idi. Heyətdəki hər bir futbolçu Premyer Liqa həvəsi ilə alışıb yanırdı, lakin onların arzusunu ürəklərində qoydular. Təbii ki, bu, komandaya təsirsiz ötüşmədi. Sözün düzü, hətta komanda dağılmaq üzrə idi. Şükürlər olsun ki, bunun müqabilində yenə yaxşı bir kollektiv formalaşdıra bildik.

– Yeri gəlmişkən, siz bu komandanın sükanı arxasına keçərkən demişdiniz ki, “Neftçala” həsəd aparılacaq komanda olacaq…

– Zənnimcə, oldu. Bir də işə başladığım ilk ildə çempionluq qazanmış komandaya kim həsəd aparmaz ki?

– I divizionunda çalışmağın hansı çətinlikləri var?

– Burada deyiblər də, oğul istəyirəm I divizionda çalışmağa. Burada işləmək üçün daha çox səbir, təmkin lazımdır. Ən əsası da xarakter vacibdir. Unutmayın ki, I diviziondakı futbolçuların ustalıq səviyyəsi Premyer Liqada çıxış edən futbolçularla eyni deyil. Burada bir oyunçunu 20-30 dəfə saxlayıb, bu və ya digər epizodu izah eləməlisən. Üstəlik, I divizionun maddi cəhətdən çətinliklər də özünü göstərir. Bir sözlə, I divizionun öz “qanunları” var. Yadıma düşmüşkən, deyin görüm bizim hansı baş məşqçilərimiz gəlib I divizionda çalışıblar? Hətta işsiz olduqları halda, divizion təkliflərinə məhəl qoymurlar. Bu fakt hələ çox şeydən xəbər vermirmi? Bununla yanaşı, I divizionun öz gözəlliyi var. Burada elə oyunlar olur ki…

_DSC0041Haşiyə

– Hər ağac meyvəsi ilə tanınar, bəs hər komanda?

– Yaxşı idarəçiliyi, bir də baş məşqçisi ilə…

– Pambıqçının ağ itdən zəhləsi gedər, bəs futbolçunun nədən zəhləsi gedər?..

– İclasdan…

– Pulda vəfa olsaydı, əldən-ələ keçməzdi. Bəs topda vəfa olsaydı?

– Ayaqdan-ayağa keçməzdi.

– Qız anadan qorxmasa, öyüd götürməz, bəs futbolçu məşqçidən qorxmasa?..

– O komandada nə bir nəticə ola bilər, nə də irəliləyiş.

– Seyid cəddinə arxayın olar, bəs futbolçu, məşqçi?

– Futbolçu naxışına, məşqçi savadına…

“Kaş səni “Neftçi”də

görəyədim, bala?”

– Sumqayıta oxumağa gəldiniz, amma…

– Mən Ağsunun Bicov kəndindənəm. Atam da, anam da elə bu kəndin müəllimləri idilər. Onların məqsədi məni ali təhsilli şəxs kimi görmək idi. O illərdə şəhərlərlə müqayisədə kəndlərdə təhsilin səviyyəsi bir qədər zəif idi. Odur ki, onlar mənim – yeganə övladlarının bu təhsillə belə bir uğur qazana bilməyəcəyini əsas gətirərək kənddəki yeni tikilmiş evimizi tərk edərək Sumqayıta üz tutdular (Onda beşinci sinfi bitirmişdim). Və Sumqayıtın TS 1 deyilən ərazisindəki gecəqonduların birində məskunlaşdıq. İndi həmin yaşadığımız ev yadıma düşəndə tüklərim biz-biz olur. İnandırım sizi, evimizin divarları, əgər belə demək mümkünsə, əl qalınlığında duz bağlayardı, yağış yağanda döşəməyə qab-qacaq düzərdik… Mən hələ evimizin altından keçən su borusunu demirəm… Nə isə mən Sumqayıt şəhər 10 saylı məktəbində təhsil almağa, atam Ağaseyid 9, anam Göyçək xanım isə 8 saylı məktəblərdə pedaqoji fəaliyyətlərini davam etdirməyə başladıq. Amma bu şəhərdə də futbol məni özünə necə sehirlədisə, sonradan onun təsirindən çıxa bilmədim.

– Siz kənddə də top dalınca qaçırdınız?

– Hə, siniflərarası, məhəllələrarası, hətta kəndlərarası yarışlarda meydana çıxardım (O illərdə “Sevinc” kuboku uğrunda keçirilən yarışlara da qatılmışdım). Özü də komanda yoldaşlarım həmişə məndən yaşca böyüklər olardılar. Valideynlərim bütün bunları ötəri həvəs kimi qəbul edirdilər.

– Bəs valideynləriniz sizi buna görə danlamırdılar?

– Anam məni hərdən danlayardı (Futbolda zədələnəcəyimdən qorxurdu). Amma atam o qədər də yox. Axı atam futbol azarkeşi, hətta mən deyərdim ki, futbol “xəstəsi” idi. Sizə onunla bağlı bir əhvalat danışım. 1984-də “Neftçi” adını unutduğum rəqiblərindən biri ilə görüşəndə atam təzə aldığı kostyumu geyinib həmin oyuna baxmaq məqsədilə indiki Tofiq Bəhramov adına stadiona gəlir. Oyuna o qədər aludə olur ki… Nə isə, evə qayıdanda anam görür ki, atamın kostyumu elə günə düşüb ki… Odur ki, ona deyir: “Min bir əziyyətlə kostyum almışdın, onun da axırına futbol çıxdı”.

– Valideynləriniz sizi kim görmək istəyirdilər?

– Həkim… Mən də həmişə deyərdim ki, ürəyim yuxadır, məndən həkim olmaz. Amma günlərin bir günü atam növbəti oyunumu izləyəndən sonra Vidadi Rzayevi, Yunus Hüseynovu, Maşallah Əhmədovu, İsgəndər Cavadovu mənə örnək göstərdi və öz arsunu da dilə gətirdi: “Kaş günlərin bir günü səni “Neftçi”də görəyədim, bala?” Bu mənada atam məni həm də futbola sövq edərdi.

– Atanızın bu arzusunu gerçəkləşdirdiniz…

– Hə… Amma onların mənim yolumda çəkdikləri əziyyət hələ də gözlərim qarşısındadaır. Atamın işi çox olanda məni öz maşını ilə (o vaxt bir ağ rəngli “Moskviç-412”imiz vardı) məktəbə, oradan da məşqlərə aparıb gətirə bilmirdi. Onda bu missiyanı anam yerinə yetirərdi. Belə ki, o məni tramvayla yola salar, havanın şaxtalı, boranlı, yağışlı, küləkli olmasından asılı olmayaraq, qayıtmağıma yarım saat qalmış gəlib dayanacaqda gözləyərdi.

_DSC0024“Dördüncü qolu

mən vurdum”

– Siz Sumqayıtın “Xəzər”inin yetirməsisiniz… O komanda dağıldı. Və siz komandanı sonuncu tərk etdiniz. Bu sizin “Xəzər”ə olan sevginizdən irəli gəlirdi?

– Məni “Xəzər”ə bağlayan ona olan sevgim olub. Yeri gəlmişkən, indiki futbolçularda elə bil futbola, topa, komandaya, şəhərə sevgi yoxdur e… Bəli, mənim “Xəzər”dəki həmkarlarım həmin dövrdə bu və ya digər komandaya gedib yaxşı pul qazananda, altlarına maşın alıb qoyanda mən burada düz 3 il patriotluq etdim. Sumqayıta olan sevgimə görə, komandama olan sevgimə görə. Bir də mən bəziləri kimi elə addım ata bilməzdim. Çünki məni böyük futbola bu şəhər, bu komanda gətirib. Elə bu komandandan “Neftçi”yə transfer olundum.

– Onda məşqçi kimi idi?

– Sabir Əliyev… O da ki son zamanlar nədənsə məndən inciyib. Amma onu, həm də rəhmətlik Musa Bağırovu, Tofiq Rzayevi (o, Sumqayıt futbolunun “xaç atası” sayılırdı) həmişə fəxrlə yada salıram. Yeri gəlmişkən, elə fürsətdən istifadə edib məndən incimiş məşqçimə müraciət etmək istəyirəm: “Həyat davam edir, ay Sabir müəllim, məni böyük futbola gətirən də, məni “Xəzər”də kəşf edən də, mənə Vaqif Sadıqov, Yaşar Vahabzadə, Allahverdi Səfərov, Mehman Yunusov kimi oyunçuların sırasında, yəni əsas heyətə çəkinmədən atan da siz olmusunuz… Mən heç vaxt istəmərəm ki, münasibətlərimiz belə qalsın”.

– O zaman neçə yaşınız vardı…

– Yaxşı yadıma saldınız… İndi 17, yaxud 19 yaşlı futbolçuya deyirlər ki, hələ cavandır. Amma o zaman mən, İsmayıl Məmmədov, Seymur Rəhimov 15 yaşımızda ikən ustalardan ibarət komandaya düşmüşdük. 16 yaşda isə start heyətdə oyuna çıxmışam.

– İlk oyununuzu xatırlayırsınız?

– Əlbəttə… “Xəzər”- “Sabirabad” oyunu idi. Həmin matçın başa çatmasına 15 dəqiqə qalmış mən Nazim Əliyevi əvəz etdim. 4:1 hesabı ilə başa çatan oyunda dördüncü qolu vurdum.

Haşiyə

– Sirkə nə qədər tünd olsa öz qabını çatladar, bəs məşqçi tünd olsa?

– Komandasını.

– Ölünün böyüyü kiçiyi olmaz, bəs məğlubiyyətin?

– Məğlubiyyət məğlubiyyətdir.

– Uşaq yıxıldığı yerə baxar, bəs futbolçu?

– Arxasına…

– Yengəmiz Yetər oldu, günümüz betər oldu, bəs Foqtsun, Torresin əlində komandamız necə oldu?

– Elə yengəmiz kimi oldu.

– Şirin sözün şirin də cavabı olar, bəs gözəl pasın cavabı nə olar?

– Qol.

– Dost var ağıla-başa gələr, dost var yağlı aşa gələr, bəs legioner?

– Legioner də yağlı aşa gələr.

“Kamal kimsənin qulu olmayıb”

– “Neftçi”yə gəldiniz, oynadınız, daha sonra başqa komandalarda çıxış etdiniz… Amma sonradan “Neftçi”yə qayıda bilmədiniz, səbəb nə idi?

– Söz vermişdim ki, futbolçu karyeramı “Neftçi”də başa vurum. Həm də bu komandada ən çox oyun keçirən futbolçu olmaq istəyirdim. Amma bu alınmadı, buna indi də təəssüflənirəm. Bunun bir səbəbi oldu: “Volın”dan gələndə transfer vərəqəmə görə “Neftçi” 15 min dollar ödəməli idi. Halbuki məni öz heyətində görmək istəyən “Neftçi” bu xərci qarşılamadı (Arada ziyana düşən mən oldum). Elə bu səbəbdən mən də həvəsdən düşdüm və başqa komandaya üz tutdum.

– Kamal Quliyev kimə güvənib?

– Arxam, dayağım, vuran əlim mənim oyunum olub, hətta deyərdim ki, daydayım olub. Kamal həm də bir kimsənin qulu olmayıb. İndi də heç bir şəxs, komanda, federasiya deyə bilməz ki, Kamal kimə isə boyun əyib. Elə boyun əyməməyimə görə də futboldan tez getdim.

– Bəlkə legioner həyatınızdan söz açasınız?

– Bəri başdan deyim ki, futbol aləmimizdə ikitirəlik yaranandan sonra Ukraynanın “Volın”ına keçdim və iki mövsümdən çox bu komandanın tərkibində çıxış etdim (Yeri gəlmişkən, onu da deyim ki, o illərdə ölkə çempionatı keçirilməsə də, Fuad Musayev millinin oyunçularına böyük önəm verirdi. Və komandanı təlim-məşq toplantılarına aparırdı. Belə məşq proseslərinin birində mən ukraynalı mütəxəssislərin diqqət mərkəzinə düşdüm). Az vaxtda orada öz oyunumla azarkeşlərin sevimlisinə çevrilə bildim: iki il ən yaxşı futbolçusu seçildim. Hər qoldan sonra azarkeşlərin dalğalandırdıqları bayrağa tərəf qaçar və əllərimi göyə açardım. Hətta Cahangir Həsənzadə, Tərlan Əhmədov, Samir Əliyev, Fərrux İsmayılov məhz baş məşqçi Vitali Vladimiroviç Kvartsianı ilə danışıqlarımdan sonra bu komandaya dəvət olundular.

– Eşitdiyimə görə, siz bu komandanın tərkibində Kiyevin “Dinamo”suna qol da vurmusunuz?

– Komandamız tarixində ilk dəfə Ukrayna kubokunun yarımfinalına yüksələndə Kiyevin “Dinamo”su ilə Olimpiya stadionunda cavab oyununa çıxdıq (İlk oyun onların qələbəsi ilə başa çatmışdı). Və mən 2:1 hesabı ilə başa çatan bu oyunda komandamızın yeganə qolunun müəllifi oldum.

“Sürüşmə fəndini başımla etdim”

– Həmin oyun sizin həyatınızı tamam dəyişdi…

– Nəyi nəzərdə tutduğunuzu bilmirəm, amma istədiyimə qovuşdum.

– İstədiyinizə?

– Hə, gözüm bir maşına düşmüşdü. Lakin atam nədənsə onu mənə almaq istəmirdi (Aldığım məvacibi həmişə atama verirdim, o, mənə nə ayırırdısa, ona qane olurdum). Hətta “Volın”ın məşqçisi də mənim bu istəyimi atama çatdırırdı: təxminən bu şəkildə: bəs Kamalın əhvalı tez-tez pozulur, bunun yeganə səbəbi gözaltı etdiyi maşını ona almamağınızdır. İnandırım sizi, məşqçi dəfələrlə atama bu şəkildə müraciət etmişdi. Atam isə hər dəfə “yaxşı, yaxşı” deyib onu şirin dillə yola verirdi. Nə isə… Olimpiya stadionuna çatanda atam mənə zəng elədi. Salam-kəlamdan sonra atama dedim: “Qağa, (mən ona belə müraciət edirəm) Kiyevlə oyuna çıxıram, mənə xeyir-dua ver”. Atam xeyir-duasından sonra dedi ki, rəqibin qapısına qol vursan, sənə o dediyin maşını alacağam… Atamın bu sözləri məni oyuna elə köklədi ki… Oyunun 18-ci dəqiqəsində rəqibin oyunçusu Nesmaçnı (mən sağ cinah yarımmüdafiəçi kimi ona qarşı oynayırdım) əvəzlənəndən sonra baş məşqçi mövqeyimi dəyidi, yəni mərkəzdə oynamağı tapşırdı. Mən həm hücumda, həm də müdafiədə dəstək olmalı idim. Nə isə… Komandamızın hücumlarının birində cinahdan ötürülən topu rəqibin oyunçusu başla uzaqlaşdırmaq istədi. Lakin onun bu cəhdi baş tutdu. Mən fürsətdən yararlanaraq topu qapıya vurdum, top dirəyə dəyib tora düşdü. Elə sevindim, elə sevindim ki… Həmin oyunda komandamız bir dəfə də fərqlənə bilərdi, lakin hakim cərimə meydançasında Qusevin kobud oyununa – məni yıxdığına heç bir reaksiya vermədi, əksinə mənə belə dedi: “Vstavay, zdes takiye penalti ne dayutsya”. Onu da deyim ki, həmin matç 2:1 hesabı ilə “Dinamo”nun xeyirinə başa çatdı. Burada bir məsələyə də toxunmaq istərdim. O illərdə hakimlərin aparıçı komandalara bir simpatiyası vardı. Nə yazıq ki, bu vəziyyət indi də davam edir.

Hə, oyundan sonra atama zəng etdim ki, bəs dediyini etdim. Atam da “sözüm sözdür” dedi və bu oyundan 3 gün sonra millinin oyununda iştirak etmək üçün Bakıya gələrkən həmin maşını (“Mersedes” E-klass, o, məxsusi yığılmışdı) mənə aldı.

– Sonradan o maşını neylədiniz?

– Zaur Ramazanova satdım. Onun qardaşı həmin maşını aşırdı. Ondan sonra bilmədim nə oldu.

– Əhvalatlardan söz düşmüşkən, bəlkə birini də yadınıza salasınız?

– AVRO-2000-nin təsnifat mərhələsi çərçivəsində millimizin Portuqaliya ilə oyununu, yəqin ki, xatırlayanlar var (Həmin oyun 1:1 başa çatıb). Həmin oyunda mən Əhməd Ələsgərovun tapşırığına əsasən Luiş Fiqoya qarşı oynayırdım. Fiqonun topu bir ayağından digərinə keçirməklə etdiyi keçidlər var idi (Futbolda ona “pod sebe” deyirlər). O, epizodların birində mənə qarşı həmin fəndi tətbiq etdi. Sürüşərək topu ayağından çıxarmaq istəsəm də, gecikdim. Odur ki, sürüşmə fəndini başımla həyata keçirdim və onun hücumunun qarşısını aldım. Bu hərəkətimə görə Fiqo xeyli təəccübləndi, bir anlığa dayandı. (Görünür o, başla sürüşmə fəndi edən futbolçu görməmişdi). Mənə tərəf gələndə isə ingilis dilində: “Belə də futbol olar?” dedi. Hətta həmin epizodun ardından məni baş hakimə göstərərək oyundan sonra dopinq testinə aparılmalı olduğumu bildirdi. Ona elə gəlirdi ki, normal adam belə edə bilməz. Amma matçdan sonra formalarımızı bir-birimizə hədiyyə etdik. Yeri gəlmişkən məndə İnzaqinin, İnyestanın, Pinonun, Nestanın, Ovenin, Kemplin və digər futbolçuların da formaları var.

– Ondan sonra onunla üz-üzə gəlmək sizə nəsib oldu?

– “Neftçi”də çalışanda Avropaliqanın qrup mərhələsində “İnter”lə Milandakı matç öncəsi San-siro stadionunda Fiqo ilə qarşılaşdım. Tərcüməçimiz vasitəsi ilə ona millidəki məlum epizodu xatırlatdım. O güldü və məni qucaqladı. 1999-cu ildəki qarşılaşmadan sonra hədiyyə etdiyi formanı da ona göstərdim və birgə şəkil çəkdirdik.

Haşiyə

– Bir dirhəm min eybi örtər, bəs bir qol?

– 90 dəqiqə ərzində olan futbolçunun eybini.

– Bağban bağban olsa, neyləyər bağ hasarı, bəs məşqçi məşqçi olsa?

– Komandasının barını görər.

– At igidin yoldaşıdır, bəs top futbolçunun nəyidir?

– Top futbolçunun sevgilisidir.

– Söz eşitmək ədəbdəndir bəs məşqçini dinləmək?

– Qalibiyyətdir

– Qonşun pisdir köç qurtar, dişin pisdir çək qurtara. Bəs rəhbərlik pisdirsə?

– Oradan sürüş qurtar…

“Mən hansı futboldan

danışım?”

– Bu günkü futbolumuzu necə dəyərləndirərdiniz?

– Mən hansı futboldan danışım? O dönəmdə qalan futboldanmı, yoxsa indi olmayan futboldan? Fikrimcə, bu və ya digər klubun qalibiyyəti futbolumuzun qazancı demək deyil. Məsələn, bu gün “Qarabağ”ın uğurları oradakı düzgün idarəçiliyin, məşqçinin fəaliyyətinin, mehriban kollektivinin uğurudur. Bizim qazancımız millimizin hansı səviyyəsində olması ilə ölçülməlidir. Yenə deyirəm, bu gün futbolumuz inkişaf edir deyənlərə demək istəyirəm ki, sən bunu nəyinsə xatirinə deyirsənsə, yanılırsan, qardaş. Futbolumuz inkişaf eləmir. 8 il Foqts futbolumuzu məhvə apardı. Foqts gələndə 11 yaşı olan futbolçunun o gedəndə 18 yaşı oldu. Hanı o futbolçular? Birini göstərin ki, milliyə qazanılıb. Futbolun səviyyəsi gündən-günə aşağı düşür. Premyer Liqaya baxın. Budur futbolumuz? 10 komanda ilə Premyer Liqa olar? 10 komanda ilə milliyə futbolçu seçirsən? O vaxt 18 komanda vardı. O vaxt rayonlardan xal gətirmək olardı? Futbolçular vardı. Bura düşə bilməyənlər rayonlara gedirdilər. Çünki futbol var idi. İndi çempionat gedə-gedə bir komanda liqanı tərk edir. İki-üç komandanın maliyyəsi olmur. Deyirlər, AFFA ya arxayın idik ki, o, komandanı saxlayacaq. Hazır “Neftçala” var idi… O vaxt dedilər ki, klublara dövlət yardımı olacaq. Dedik, ona da ehtiyacımız yoxdur. Büdcəmiz var, bizi liqaya buraxın. Həmin o “Neftçala” idi haqqın istəyirdi də… Ac komanda olmaz. Hazır komanda idi “Neftçala”. Yeri gəlmişkən, komandamızın prezidenti Famil Səfiyev “Neftçala” üçün əlindən gələni əsirgəmir… Sağ olsunlar, məni bu komandaya apardılar. Yəqin bilirsiniz, mən “Neftçi”də köməkçi məşqçi kimi işləyirdim. Kamal özünü baş məşqçi kimi sınamalı idi də, yoxsa ömrünün sonuna qədər orada cürüməli idim.

– Bəlkə, millimizə rəhbərlik etmiş digər məşqçilərdən də söz açasınız?

– Torres də futbolumuzu dala atdı. Hacıyevski is ölkəmizə gəlmiş 2-3 savadlı məşqçidən biri olub.

– Bəs Prosineçk barədə nə deyə bilərsiniz?

– Avazı yaxşıdır, oxuduğu Quran olsa…

“Ağsu aşırımları

futboldakı aşırımların

yanında nədir ki?”

– İndi də sizə bir neçə, əgər belə demək mümkünsə, çaparaq sualla müraciət etmək istəyirəm. Ən çox sevdiyiniz və azarkeşlik etdiyiniz komanda hansıdır?

– 1987-ci ildən indiyədək “Barselona” ilə nəfəs alıram.

– Hansı yazıçının əsərlərini mütaliə edirsiniz?

– Əvvəllər oxuyardım, amma son 15 ildə əlimə kitab almamışam.

– Ən çox sevdiyiniz rəssam kimdir?

– Hazırda XI sinfidə oxuyan qızım…

– Müğənnilərdən kimi dinləməyə üstünlük verirsiniz?

– Alim Qasımovun səsi ilə qidalanıram desəm, yanılmaram. .

– Hazırda rəhbərlik etdiyiniz komandanın hanıs komanda ilə üzə üzə gəlməsini arzulayısınız?

– Arzulamışam və həmin komandaya 4 qol vurmuşuq. Amma komandanın adını çəkmək istəmirəm.

– Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

– Asudə vaxtlarımda təbiətə qaçıram – ova… Hətta məndə ova aid eksponatlar var. Mən ov xəstəsiyəm.

– Ovçu kimi özəllikləriniz?

– Mən heç vaxt vurduğum şikarın ətini yemərəm.

– İlk ovunuz nə olub?

– Yalançı ov… İlk dəfə ova gedəndə heç nə ovlaya bilmədim. Odur ki, Sumqayıt bazarına gəlib oradan ördək alıb evə aparmışam ki, guya mən vurmuşam.

– Bəs yorulanda hara üz tutursunuz?

– Kəndə.

– Mətbəxlə aranız necədir?

– Qayğanaqdan başqa heç nə bişirə bilmirəm.

– Ardadan bir sitat: “İsinmək üçün 18 dəqiqə idman edirəm. O zaman Quran dinləyirəm. Yaxşı təsir edir”… Bəs siz?

– Mən o vaxtı oyuna çıxanda Tünzalə xanımın ifasında “İgidlər” mahnısına qulaq asardım. O mənə əlavə stimul verərdi.

– Eksponatların arasına gümüş, bürünc medallarınız var idi, amma qızıl olmadı?

– Qızılı da məşqçiliklə əldə etdim.

– Gələcəkdə həyat yolunuzla bağlı kitab yazsanız, onu hansı adla çap etdirərdiniz?

– Bu barədə düşünməmişəm. Amma çox istərdim.

– Futbolun da Ağsu kim aşırımları var?

– Ağsu aşırımları futboldakı aşırımların yanında nədir ki?

– Karyeranızın hansı səhifəsini silərdiniz?

– İkinci dəfə “Karvan”a qayıdışımı…

– Seyran Səxavət deyir ki:

Futboldan ucalıq umma dünyada

Çünki Messi ilə qurtarır o da”. Bu fikrə münasibətiniz?

– Messi Allahın möcüzəsidir. O, futbolun padşahıdır. Amma mənə elə gəlir ki, Tanrı yenə də onun kimi futbolçular yetişdirəcək.

– Övladlarınız barədə nə deyə bilərsiniz?

– Mən erkən evlənmişəm, orta məktəbi qurtaran kimi. 2 qızım, bir oğlum var. Bir qızımı köçürmüşəm. Oğlum isə 7-ci sinifdə oxuyur.

– O, sabahın Kamalı ola biləcək?

– Futbolla məşğuldur. Qərarı da ozü verəcək. İstərəm ki, davam eləsin.

Qvami Məhəbbətoğlu