Kalmıkiyalı rejissor “Xortdanın cəhənnəm məktubları”nı yozur…

552

Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli  Azərbaycan  yazıçı – dramaturqu  Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında eyniadlı tamaşaya quruluş vermək üçün artıq Bakıdadır.

Iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən yeni səhnə əsərinin hazırlıq prosesinə bu gün start verilib. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Azərbaycan teatr məkanında ilk dəfə müraciət olunan səhnə əsərində rolları Əməkdar Artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.

Məlumat üçün bildirək ki, qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq  yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.

Tamaşanın cari ilin iyun ayının 9-10-da nümayiş etdirilməsi nəzərdə tutulur.