Kəshakəslərimiz

640
Vacib, həm də lazımlı bir məsələ var ki, ona da heç diqqət eləmirik və qulaq asmırıq, deyirik: “Eh, necə olacaq, olacaq”. 
Həmin o vacib, həm də lazımlı məsələ mənim fikrimcə, kəshakəslərimizlə bağlıdır. Həmin kəshakəslərlə ki, onlara addımbaşı rast gəlirik. Di gəl, onlara qarşı bir əncam çəkə bilmədiyimizdən elə kəsilə-kəsilə qalırıq. Elə bu kimi səbəblərdən kəshakəslərimiz daha da müasirləşir. Sizi bilmirəm, mən həmin kəshakəslərdən yaman kəsirəm. Onları görəndə elə bil ətimi kəsirlər.

Sözün düzü, heç bilmirəm, hansı kəshakəsimizdən başlayım. Deyirəm, bəlkə, “həftə səkkiz, mən doqquz” kəsilən suyumuzdan, qazımızdan, işığımızdan danışım? Amma yox. Nədən ki, belə kəshakəslərimiz artıq adiləşib (Məncə, “adiləşib” ifadəsi burada yerinə düşmədi. “Arxaikləşib” demək daha doğru olardı). Yəni belə kəshakəslərə öyrəşmişik, desəm, yanılmaram. Hətta o qədər öyrəşmişik ki, həmin kəshakəslərdən biri baş verməsə, özümüzü cəza kəsilmiş, yaxud imtahandan kəsilmiş şəxs kimi hiss edirik. Üstəlik, həmin qurumlarda çalışanların qabağını kəsərək kəsməşikəstə deyə-deyə bunun səbəbini soruşmaq üçün dəridən-qabıqdan çıxarıq. Yaxud da başlarının üstünü elə kəsdirərik ki, nəticədə belə kəsdirməyimizdən biçarələrin nəfəsləri kəsilə.

Deyirəm, bəlkə, ev kəsənlərdən, eləcə də pul kəsənlərdən söz açım? Amma yox. Nədən ki, bu dediyim kəshakəslər elə kəshakəslərdir ki, onlardan yalnız həmin sahələrin xiridarları söz aça bilərlər. Məndə hanı elə xiridarlıq? Odur ki, bu yerdə, necə deyərlər, qapını kəsib durmağımın, üstəlik, kəsmə-kəsmə danışmağımın heç bir mənası yoxdur.

Bəlkə, qeyri-qanun ağac kəsməkdən söz açım?! Bəli, bizim məmləkətimizdə bu, adi hal alıb. Başqa sözlə desək, ağac kəsmək dırnaq kəsmək kimi bir şeyə çevrilib. Odur ki, belə kəshakəsə bir “uf” deyən belə yoxdur. Halbuki ağac kəsmək, bizim liderimizin dediyi kimi, qol kəsmək mənziləsindədir. Amma nədənsə bu adi həqiqəti anlamaq belə istəmirlər. Anlamırlar ki, elə bu səbəbdən nəfəsimiz kəskin kəsilə bilər. Odur ki, deyirəm, Allah kəssin belə kəshakəsi?

Bilmirəm, fikir vermisiniz, ya yox, son illər bizim məmləkətimizdə “hörük”, “burumu topuqlarına qədər uzanan saç”, “saçını iki hörük edib kürəyinə atmışdı”, “zülf”, “üzün iki tərəfində sallanan tellər”, “zülfün gəlməz darağa” ifadələri işlənmir. İşlənən yalnız saç sözüdür ki, o da “insanın başında olan tük” anlamındadır. Təbii ki, bu da qızlarımızın, gəlinlərimizın kəshakəsləri ilə bağlıdır. Hələ bu bir yana, onların bəziləri belə kəshakəslə kifayətlənməyib, əyinlərinə geyindikləri paltarları bir ucdan qısalda-qısalda, yəni kəsdirə-kəsdirə gedirlər ki, bunun da sonu görünmür. Mən hələ öz abırlarından, mənəviyyatlarından kəsməkdə olan bəzi kişiciyəzləri demirəm. Allah kəssin belə kəshakəsləri…

Nə isə… Bəli, bu kəshakəslər artıq əndazəni aşmaqdadır. İş o yerə çatıb ki, ömründə bir toyuq başı kəsməyən bəzi kişilər, yaxud bəzi qadınlar əllərinə düşən balta, bıçaqla indi adam başı kəsirlər (Mən son illərin statistikasını bu kiçik məkanımıza töküb, bazar açmaq fikrində deyiləm). Nədən, əcəba, onlar belə edirlər? Niyə insanlar bir-birinə düşmən kəsiliblər? Onları nə kəsir ki, belə addım atırlar? Bəlkə, bunun səbəbini də elə bu kimi kəshakəslərdə axtaraq? Hər halda mənə elə gəlir ki, kəshakəslər insanda heç də xoş əhval oyatmır. (Yeri gəlmişkən, “kəsmək” feli nədənsə dilimizdəki isimlərlə sanki yola getmir. Kim bilir, bəlkə də elə bu səbəbdən “dil kəsmək”, “sözünü kəsmək”, “ətini kəsmək” kimi xoşagəlməz ifadələr formalaşıb. Qənaət etmək anlamında olan “boğazından kəsmək” ifadəsini isə əsla xoşlamıram. Deyirəm, nə yaxşı ki, ondan “kəbin kəsmək”, “qurban kəsmək” ifadələri əmələ gəlib ki, bunlar da könülaçandır).

Düşmən dedim, yadıma Qarabağ düşdü. Bəli, ermənilərin tapdağı altında olan bu guşəmizdə və digər bölgələrimizdə alayı bir kəshakəs var. Bu kəshakəslərin sayı-hesabı belə yoxdur. Bəli, onlar neçə illərdi ki, öz havadarları ilə birgə doğma dədə-baba ərazilərimizdən bizim ayağımızı da kəsiblər. Biz isə neçə ildir ki, kəsilə-kəsilə qalmışıq. Elə bil dünyanın mötəbər qurumları bizim belə kəsilməyimizdən feyziyab olurlar. Biz isə dediyim kimi hələ də kəsilə-kəsilə qalmaqdayıq. Amma nə yaxşı ki, hələ də o yerlərə qayıtmaq ümidimiz kəsilməyib. Buna da min şükür.  Qvami Məhəbbətoğlu