“Kərkük bölgəsinə də xüsusi bir status verilməlidir”

517

Prof. dr. Sedat Laçiner beynəlxalq əlaqələr, beynəlxalq təhlükəsizlik və Yaxın Şərq üzrə mütəxəssisdir. Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının (USAK) təsisçisi, sədri və Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ODAM) sədri vəzifələrini icra edib. 2011-ci ildə, 38 yaşında Çanaqqala On səkkiz Mart Universitetinin rektoru seçilərək, “Türkiyənin ən gənc rektoru” ünvanını alıb. Hələ də bu vəzifədə çalışan S. Laçiner 2006-cı ildə Davos İqtisadi Forumunun “gənc qlobal lider”i adına layiq görüləndə isə 35 yaşında olub. Çox sayda kitab və məqaləsi var … Sizə Sedat Laçinerin Türkiyənin “Bugün” qəzetinə verdiyi müsahibəsini təqdim edirik.

– Bu yaxınlarda, Türkiyənin İŞİD məsələsində tarazlıq siyasəti güddüyünə dair önəmli bir yazı yazdınız. Türkiyənin, İŞİD məsələsində ehtiyatlı davranmasının səbəbi nədir?

– Yaxın Şərq çox elastikləşib. Türkiyə bu elastikliyə uyğunlaşmaqda çətinlik çəkir. “Ərəb Baharı” başlayanda tutduğunuz mövqeyi üç, dörd il davam etdirməyə çalışsanız, sizə dair münasibətlər başdan-ayağa dəyişə bilər. Misirlə əlaqədə də məhz bu yaşandı. Ölkələrdə iqtidar dəyişə bilər, amma o sizin ölkəniz deyil. Bu gün yola getmədiyiniz dövlətlə, sabah bir masaya oturmaq məcburiyyətində qala bilərsiniz. Türkiyə Suriya məsələsinə elə bir eşq və şövqlə girişdi ki, görənlər, bunun bir daxili siyasət, ailə məsələsi olduğunu qəbul etməyə başladı. Türkiyə radikal tərəflərdən biri olaraq qəbul edilməyə başlandı.

İŞİD-ə gəldikdə… Bu quruluş Suriyada, Rakkada gücləndi. Əsədə müxalif olanların bir qrupu da şiddətə meyilli “islamçılar”dı. Silahlı qarşıdurmaların olduğu mühitdə, şiddətin olması qəribə deyildi. Türkiyə bu mühitdə bütün Əsəd əleyhdarlarına dəstək verdi. Zamanla müxaliflər öz aralarında döyüşməyə başladılar. Əsədi hər kəs unutdu. Burada Türkiyənin görə bilmədiyi bir şey var.

– Nədir o?

– Türkiyə şiddətə meyilli “islamçılar”la öz arasında məsafə qoymaqda çətinlik çəkdi. Müttəfiqləri, ortaq hərəkət etdiyi ölkələr geri çəkildi və Türkiyə meydanda tək qaldı.

 

– Türkiyənin müttəfiqləri niyə geri çəkildi?

– Bu barədə “Nyu York Tayms” (NYT) kimi qəzetlərdə uzun-uzadı yazıldı. Hətta NYT-dəki bir məqalədə ortaya belə bir sual qoyulmuşdu: “ABŞ və İsrail olaraq biz, Əsəd yoxsa müxaliflər qələbə çalsa qazanarıq?” Verilən cavab belə idi: “Hər iki halda biz itirərik. Əsəd qələbə çalsa, bir diktator bizə meydan oxuyaraq qazanar. Müxaliflər qazansa, ölkədə xaos yaşanar. “İslamçılar” başa keçər. Qərb və İsrail əleyhdarı təhlükəli bir dünya ortaya çıxar. O halda bu döyüş davam etdiyi müddətcə biz onsuz da qazanırıq”.

“Soyuq müharibə”dən sonra Qərbin ən böyük hədəfi müsəlmanları “islah etmək” idi. Lakin Qərb İraqın və Əfqanıstanın işğalını əlinə, üzünə bulaşdırdı. Bu uğursuzluğunu qəbul etmək yerinə, “Bu müsəlmanlar islah olmaz” dedilər. Türkiyə və Müsəlman Qardaşlarına ümidləri var idi. Ən çox ümid bağladıqları ölkə Türkiyə idi.

– Hələ də ümid bağlayırlarmı?

– İndi bu məsələdə vəziyyət çox mürəkkəbdir. Türkiyənin Misirdəki mövqeyi, İsraillə pozulan əlaqələri, Fələstin məsələsində çox radikal bir tərəf olaraq qəbul edilməsi, HƏMAS tərəfdarı bilinməsi, Qərbin “Müsəlmanlar islah olmaz” fikrini daha da gücləndirdi: “Ən yaxşısı Türkiyədir, ona da tam inamımız yoxdur. Keçmişdə olduğu kimi təhlükəsizlik sahəsində əlaqələr qura bilərik. İslam dünyasının yerdə qalan hissəsini isə buraxaq, bir-birlərini boğazlasınlar”.

 

“İŞiD, ABŞ üçün çox

yaxşı bir vasitədir”

– ABŞ-ın region üçün son planı nədir?

– Müəyyən hədəfləri var. Məsələn, İsrailin təhlükəsizliyi bunlardan biridir. Qərbə qarşı islamçı bir təhlükənin əngəllənməsi də hədəflər arasındadır.

– Elə isə planı İŞİD pozdu?

– Pozduğunu düşünmürəm. ABŞ nə tətbiq etmək istəyirsə, hamısına nail olur. İŞİD ABŞ üçün çox yaxşı bir vasitədir. Bu təşkilat İraq və Suriyanı bölmək üçün də, kürdlərə ayrı bir dövlət vermək üçün də, bölgədəki hər kəsin ABŞ-a möhtac olması üçün də, müsəlmanların bir-birini qırması üçün də gözəl bir vasitədir.

ABŞ-ın “soyuq müharibə” dövründə işinə yarayan bir xüsusiyyəti var idi. “Azad dünyanın lideri!” Lider ola bilmək üçün ortaq bir düşmənə ehtiyac var. Bir təhdid olacaq ki, bir məramınız da olsun. “Soyuq müharibə”dən sonra yeni təhdid kimi ortaya Yaxın Şərq və İslam dünyası atıldı.

 

“Fəth ediləcək könüllər Yaxın Şərqdə deyil”

– Samuel Hantinqton “Mədəniyyətlərin qarşıdurması” kitabında bunu “radikal İslam” deyə terminləşdirdi…

-Hantinqtonun nəzəriyyəsi bu gün Qərbdə bir çox qrupun, hətta sol və liberal ziyalıların belə mənimsədiyi bir yanaşmaya çevrilib. “Madam ki, Yaxın Şərq ilə gözəl bir əlaqə qurub onları islah edə bilmirik, o zaman burada Qərbə qarşı nə edə biləcəyini bildiyimiz Bəşər Əsəd kimi adamlar qalsın. Sonra da dünyəvi idarəçilər iş başına gəlsin. Çünki islamçıları idarə edə bilmədiyimiz kimi, onlarla iş birliyi də edə bilmirik”, -deyirlər.

İŞİD, Əl-Qaidə kimi regional bir təhdid deyil. Qlobal bir problemdir. Qlobal bir hesablaşmanın lideri ABŞ olacaq. Bu məzmunda “Mədəniyyətlərin qarşıdurması” tezisini həyata keçirən siyasi qruplar var. Bir neçə gün bundan əvvəl Londonda, sonradan müsəlman olduğu deyilən bir adam, yaşlı bir qadının boğazını kəsib. Bu, Qərb dünyasında “İŞİD təhlükəsi, islamçı terror bağçamıza qədər gəlib çıxıb”, deyə əks etdirilir.

Bundan 6-7 il əvvəl, Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ – CIA) terrorla bağlı dərslər verən çox mühüm bir şəxsin Almaniyadakı konfransına qatılmışdım. Həmin adam Qurani-Kərimi açaraq, İslamın terroru necə xoş gördüyünü, müsəlmanların təbii terroristlər və şiddətə meyilli olduğunu, Allahın şiddəti əmr etdiyini anlatdı. Bunları dinləyərək yetişən xeyli sayda insan var. Onlar ABŞ və Avropa ictimaiyyətində mühüm yerlərə sahib insanlardılar. Bizim vəzifəmiz, Yaxın Şərq və Qərb mədəniyyətləri arasında körpü vəzifəsini oynamaqdır. Türkiyə mədəniyyətlərin qovuşması təşəbbüsü ilə bu işə əl atmışdı. Türkiyə daha sonra bu təşəbbüslərini arxa plana atdı. Türkiyə hazırda başını Yaxın Şərqə daha çox soxmuş vəziyyətdədir. Halbuki, fəth ediləcək ürəklər də, qazanılacaq yerlər də Qərbdədir.

 

“Ailədaxili qarşıdurmalara girməməliyik”

– Yaxın Şərqdə Türkiyəyə cəzbedici gələn nədir?

– Cəzbedici gələn hərhalda ideallar, siyasi mühakimə və bunun gətirdiyi sərxoşluqdur. İsrail-Fələstin savaşına girsəniz, o müharibəni bitirmək ehtimalınız yoxdur! Yarım əsrdən çox davam edən bir problemdə tək xüsusiyyət barışa bilməkdirsə, siz araya girdikdə özünüzü riskə atarsınız. Yaxın Şərq, müharibə ilə, döyüşlə alınan bir yerdir. Bura girərkən daha diqqətli olmaq lazımdır. İkincisi, ailədaxili qarşıdurmalara dönməmək lazımdır. Məzhəb qarşıdurmaları belədir.

İran-Türkiyə, şiə-sünni arasındakı gərginliyə girərkən diqqətli olmalısınız. Davudoğlu Hocanın bir tezisi var: “Yayı nə qədər dartsan, ox o qədər irəli gedər”. Yayın dartılma istiqaməti doğru deyil. Osmanlı yayını Şərqə doğru çevirməmişdi. Türkiyə Şərqə nə qədər girərsə girsin, oradan çıxa bilməz. Çünki Yaxın Şərqdə atdığınız hər addımda qazanacağınız bir ürək varsa, qıracağınız üç ürək var! Sünninin xoşuna gələn şiənin xoşuna gəlmir. Türkiyə, “Əsəd getsin” deyir. Tutaq ki, getdi, sonra nə olacaq? Daha da pisi olsa? “Olarsa, olsun!” deyirlər. İraqda Səddam getdi, yaxşımı oldu?

Türkiyə əvvəllər Yaxın Şərqdə dövlətləri bir-birinə yaxınlaşdırıb danışıq masasına oturdardı. İsrail, Misir, Səudiyyə Ərəbistanı və İran da daxil olmaqla hamı ilə dialoq qura bilirdi və deyirdi ki: “Biz Yaxın Şərq ölkələri ilə başqalarının vasitəçiliyi ilə danışmayacağıq”. İkinci vəzifəmiz isə Suriya və Səudiyyə Ərəbistanı kimi bir-birləri ilə danışmayan ölkələri barışdırmaq idi. Türkiyə bu prinsiplərini yenidən işə salmalıdır.

 

“Yaxın Şərq lideri olsanız,

başınız dərddən xilas olmaz”

– Üzünü Yaxın Şərqə çevirən Türkiyə ilə Qərbin girəcəyi dialoq əvvəlki kimi olarmı?

– Türkiyə heç bir yerə üz çevirə bilməz. Geostrateji, sosial-mədəni və tarixi mövqeyi buna icazə vermir. Amma haradan nə alacağınızı yaxşı bilməlisiniz. Yaxın Şərqlə partnyorluq edə bilməzsiniz. Çünki Yaxın Şərq iş görüləcək bir yer deyil. Buna hələ çox var. Türkiyə Yaxın Şərqdən hüququn üstünlüyünü, demokratiyanı, insan hüquqlarını ala bilməz. Qərbdə bu belə deyil! Hüquqda bir standart axtarırsansa Laheyə, təhsildə bir standart üçün Harvarda, kitabxanalar, araşdırma mərkəzləri üçün isə İsveçrə, Parisə baxmalısan.

– Türkiyənin Yaxın Şərqdə model ölkə olmaqdan, lider ölkə olma arzusuna keçməsi, Qərbin çəkingənliyini artırdımı?

– Allah xatirinə, Yaxın Şərqin lideri olsanız nə olacaq ki? Başınız dərddən xilasmı olacaq? Qərblə Türkiyə arasındakı əlaqələrdə soyuqluğun olduğu bir reallıqdır. Burada Avropanın da öz payı var. Almaniyada Şröderin gedib Merkelin gəlməsi, Fransada Sarkozidən sonra Ollandın eyni siyasi xətti davam etdirməsi, Avropada hakimiyyətə Türkiyəyə və İslama qarşı ön mühakiməli liderlərin gəlməsi … Bir digər məsələ də, Qərbdə inkişaf edən İslam düşmənçiliyindən Türkiyənin öz payını almasıdır. Amma “Türkiyənin əskikləri yoxdurmu” soruşsanız, əlbəttə ki, var.

 

“Mavi Mərmərə” nə işə yaradı?”

– Nədir o əskiklər?

– Türkiyənin etmədiyi, amma etdiyini söylədiyi şeylər var. Mustafa Kamalın “İttihad və Tərəqqi” ilə əlaqəli belə bir təsbiti var: “Biz, islamçılıq etmədik, amma etdiyimizi söylədik. Türkçülük etmədik, amma türkçü olduğumuzu söylədik. Osmanlıcılıq etmədik, amma etdiyimizi söylədik. Bir şeyləri etmədik, amma insanları qorxutmağı bacardıq. Hamının də qəzəbini üstümüzə çəkdik.

Məsələn, “Mavi Mərmərə” məsələsi … İsrailə mülki bir gəmi ilə hücum etmək nə demək idi? İnsanlarımız şəhid oldu, heç bir şey də əldə edə bilmədik. Nə Qəzzədə, nə də İsrailin mövqeyində bir dəyişiklik oldu. İsrailə həddinimi bildirdik? Quru bir üzr, nə olsun?

Türkiyə ilə İsrail arasındakı ticari əlaqələr, müsəlman ölkələrində 90% daha yaxşıdır. İsraillə ticarət dövriyyəmiz 5 milyard dolları keçir. İsrail, Türkiyənin ən əhəmiyyətli on partnyorundan biridir. Məsələn, Ramazanda orucunuzu Qüds xurması, yəni İsrail xurması ilə açırsınız. İsrail Türkiyəyə böyük investisiya yatırıb. Elə isə niyə etdik biz bunu? İsrailin ünvanına təhqiramiz ifadələr işlətsəniz Qərbdə sizi HƏMAS-la və “Hizbullah”la eyni yerə qoyarlar. Halbuki heç bağırmadan, “BMT hesabatlarına görə İsrail hər üç gündə bir uşaq öldürür. Bu, İsrailə, bir mədəni ölkəyə yaraşmır “,-deyərək daha təsirli olmaq olar.

Xarici siyasəti küçələrə, mitinq meydanlarına endirdiyiniz zaman, nəzarət edə bilməzsiniz. Kütlələr sizdən təhqir, həddindən artıq dərəcədə tərif gözləyər. Onların ruh halına görə danışsanız, bunun xarici siyasətdə təxribatı yüksək olar.

 

“AKP qütbləşmə tələsində”

– Türkiyə bu mənada bir populist tələsinə düşdü? Çünki Ərtuğrul Günayla reportajımız zamanı o Ərdoğanın başda “Mavi Mərmərə”nin gedişinə hirsli olduğunu ancaq daha sonra ortaya çıxan reaksiyalara görə fikrini dəyişdiyini söyləmişdi.

– Bu, tipik bir tələdir. İsraillə davalı olduğunuzda İslam dünyasında, küçələrdə şöhrətiniz artar. Nasir, Ərəb dünyasının lideri olmasını, məğlub olmasına baxmayaraq, İsraillə kəllə-kəlləyə gəlməsinə borcludur. Bir məşhurluğu var, amma bu real həyatda hansı problemi həll edir? Türkiyə, Ərəb dünyasının lideri olmaq istədi. Belə bir meyli var.

Ərdoğanın və AKP-nin düşdüyü bir digər tələ də Türkiyədəki mübahisələri bir qütbləşməyə çevirməsidir. “Gəzi”dən əvvəl də, “Gəzi”də də, 17 dekabrdan sonra da elə bir bloklaşma formalaşıb ki, AKP səs aldıqca, eyni zamanda da zəifləyir! Çünki qarşısındakı cəbhə getdikcə güclənir. Bu da hakim partiyanın ifadələrini daha da sərtləşdirir. Bir iradə, ağılla gedilən prosesdən, reflekslərə keçilir.

 

“İraq üçün ən ideal çıxış yolu federasiyadır”

– İŞİD-in Yaxın Şərqdə bir cazibə mərkəzi meydana gətirməsi, sünni quruluşun geriləməsi və yenidən ayağa qalxmaq istəməsindən qaynaqlanır?

– Burada sünnilərin sahibsiz qalması problemi, Malikinin ayrı-seçkiliyi vardı. İŞİD şeytan olmadığı kimi, digərləri də mələk deyil! Şiə militanlara baxdığınızda, sünnilərə qarşı o qədər ağır işgəncələr və qırğınlar törədirlər ki! ABŞ, İraqı məzhəbçi ölkəyə çevirdi. Bunu bilərəkdən etdiklərini və bütün İslam dünyasına yaydıqlarını düşünürəm.

İraq üçün ən ideal çıxış yolu federasiyadır. Bu federasiyada sünnilərin, kürdlərdən, şiələrin ayrı bölgələrinin olması, öz qubernatorlarını seçmələri, öz büdcələrinin olması, hər bölgənin bərabər miqdarda, bəlkə də iki pilləli bir məclisdə nümayəndələrinin olması, gerçək mənada bir İraq idarəsinin meydana gəlməsidir. Gələcəkdə yeni qarşıdurmalar istənilmirsə, Kərkük bölgəsinə də xüsusi bir status verilməlidir. Orada üç dənə də qubernator ola bilər. Türkiyə üçün ideal olan budur. Federasiyanın hər bir bölgəsinə yüksək büdcə ayırarsınız, bu pulu da o bölgənin gerçək nümayəndəsinə verərsiniz. Gerçək hüquqlar da versəniz, o zaman görəcəksiniz ki, İŞİD-ə gedənlər geri gələcək, gedən də olmayacaq.

 

“İŞiD PKK-ya dəyər qazandırdı”

– Səlahəddin Dəmirtaşın “Türkiyə, İŞİD-lə mübarizə üçün PKK-ya silah köməyi etməlidir” çıxışını da xatırlasaq, İŞİD-in varlığı, PKK-nın leqallaşmasına da yarayırmı?

– Bu vəziyyətin PKK-nın leqallaşmasına yaradığı fikri bir faktdır. Həll prosesi başlayanda, “Üç-beş ay sonra PKK sərhəddən çıxacaq, silahlarını buraxacaq” deyilirdi, amma o günlər heç gəlmədi! PKK-nın əhəmiyyətli bir qismi sərhəddən çıxdı, amma Suriya və İraqda döyüşmək üçün. Bu səbəbdən həll prosesi, PKK-nın işinə yaradı. PKK onsuz da iki cəbhədə vuruşa bilməz. İndi də eynisini görürük. Həll prosesi sayəsində PKK bütün güclərini Suriyada PYD-yə və İraqa ötürrmək imkanı qazandı.

İŞİD-in ABŞ, Qərb düşməni olaraq göstərilməsi sayəsində, PKK Qərbin dəyərlərini müdafiə edən bir təşkilat kimi önə çıxarılır. Türkiyədəki həll prosesi də məqsədini aşan mərhələlərə gəlib çıxıb.

 

“Həll prosesi PKK-nın insafına qalıb”

– Hansı mərhələlər?

– Proses təəssüf ki, bir sülh prosesi kimi yaşanmır. Həll prosesi PKK-nın insafına qalıb. Türkiyə, “Terror yenidən başlasa” qorxusu ilə hərəkətsizliyini məsələnin həlli kimi görməyə başlayıb. Halbuki PKK hazırda Cənub-Şərqi və Şərqi Anadoluda əvvəlkindən daha çox aktiv və yaxşı vəziyyətdədir. Adam qaçırır, yaralayır, öldürür. Bölgənin hərbi və siyasi gücü olmaq üçün çalışır.

Əvvəlki PKK-nın Yeni Türkiyədə leqal güc olaraq yer almasını tələb edirlər. BDP-nin, HDP-nin, PKK-nın həll prosesindən anladığı budur.

İŞİD PKK-nı leqallaşdırmaq üçün böyük bir şans oldu. ABŞ hökuməti və ordusuna yaxın qəzetlərdə tez-tez “PKK bir terror təşkilatıdırmı, yoxsa deyil” sualı ətrafında yazılar yazılır. “Bizə ən böyük töhfəni PKK verir. Bərzaninin əsgərləri çox da dinamik deyillər. PKK-nı silahlandırsaq necə olar? “ sualı davamlı olaraq gündəmə çıxarılır. Bunun da ola bilməsi üçün PKK-nın, terror təşkilatı siyahılarından çıxardılması lazımdır.

 

“Fəthullah Gülənin təhvili

ABŞ-ın prestijini zədələyər”

– Prezident Ərdoğan, NATO sammitində ABŞ Prezidenti Obamadan Fəthullah Gülənin Türkiyəyə təhvil verilməsini istədi. Sizcə bu istək, reallığa nə qədər uyğun gəlir?

– Bu mövzuda əslində təcrübələr var. Haqqında həbs qərarı olan, günahı məhkəmə qərarı ilə təsdiqlənən insanlar var. Almaniyanın, Fransanın, bu tip insanlar üçün Türkiyəyə elə də kömək etmədiyini bilirik. Terrorda şübhəli bilinənləri belə Türkiyəyə ekstradisiya etmirlər. Birincisi, Türkiyənin narahatlıqlarına ortaq olmurlar. İkincisi, Türkiyə siyasi mənada hələ “credible” yəni etibarlı bir ölkə deyil! Türkiyəni tam demokratik bir hüquq dövləti olaraq görmürlər. Burada hərbi çevrilişlərin, hökumətlərin də çox rolu oldu. Digər tərəfdən, əgər bir adam sizə sığınıbsa, dövlətlər bunu bir prestij məsələsi olaraq görərlər və onu geri verməzlər. Fəthullah Gülənin təhvil verilməsi, ABŞ üçün böyük bir prestij itkisinə gətirib çıxarar. Məsələnin başqa bir tərəfi, F.Gülən barəsində Türkiyədə açılmış bir dənə də məhkəmə iddiasının olmamasıdır. ABŞ-a getmiş və yerləşmiş, bir dini lider … Siyasi fəaliyyət də göstərə bilər. ABŞ qanunlarına görə belə bir qadağa yoxdur.

Üstəlik mən bildiyim qədər, Gülənin “yaşıl kartı” da var. Bəlkə də artıq vətəndaşlıq haqqı yaranıb. Belə bir adamı ABŞ Türkiyəyə versə, mən çox təəcüblənərəm. ABŞ qanunlarına görə bu bir cinayətdir! Güləni nəinki Türkiyəyə vermək, heç ştat dəyişdirməsinə belə məcbur edə bilməzsiniz. Hökuməti, Prezidenti və Türkiyəni, ABŞ nəzdində xoşagəlməz vəziyyətə salan bir tələbdir. Bu həm də Türkiyənin daha sonrakı tələbləri üçün də pis bir zəmin yaradır.

Hökumət cəbhəsində çox açıq edilən, dəhşətli səhvlər var. “Camaata zərər verim, onu etibarsızlaşdırım” istiqamətində atılan addımlar tam tərs nəticələr verəcək. Hüququn və demokratiyanın təməl prinsiplərinə riayət etmirlər. Qısa müddətli bir hədəf üçün prinsiplərinizdən imtina etməyə başlasanız, üzərində durduğunuz sütunlar tezliklə çökər.

Türkiyə hazırda həddindən artıq gərgin vəziyyətdədir. Bu gərginlik “Gəzi” ilə başladı, 17 dekabr, Soma və son olaraq Mecidiyeköydəki lift qəzası ilə davam edir. Hökumət artıq bunu görməlidir. Öz-özünə “Mən bu gərginliyi seçkilərlə yox edə bilmirəm. Bu gərginlik davam etdikcə, ölkə bir yerdə partlayış nöqtəsinə gələ bilər”, -deyə bilməlidir. O partlayışın altında bütün Türkiyə qala bilər. Ona görə bu bir müxalifət məsələsi deyil. Hörmətli Davudoğlunun da bunu görməsi vacibdir. Daha fərqli və məqbul vasitələrlə, bu vəziyyət aradan qaldırılmalıdır.