Kərbəla hadisəsinin məqsədi çox ağlatmaq yox, çox anlatmaqdır

0
347

“Bu gün ölkəmizdə gündəlik həyat tərzinə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə çevrilmiş tolerantlıq və multikultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib.

Bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldib. Çünki bizim ölkəmizdə müxtəlif dinlər, həmçinin onlarla bağlı hər bir tədbir, hər bir ayin yüksək səviyyədə təşkil edilir”.

Bu sözləri “İki sahil”ə açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib. “Artıq Məhərrəm ayının ərəfəsindəyik” sözləri ilə söhbətini davam etdirən ilahiyyatç bildirib ki, bu, dinimizdə müqəddəs aylardan biri sayılır. Ona görə də onun müqəddəsliyini qorumaq, bu müqəddəsliyi təbliğ etmək hər bir adamın, xüsusilə hər bir din xadiminin borcudur. Yeri gəlmişkən, bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayı və Aşura ilə bağlı fətva verib. Burada göstərilib ki, soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İmamın, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Onu da deyim ki, zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi hallar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Yəni bunlar xurafatdan başqa bir şey deyil. Hər kəs bilməlidir ki, başqa vasitələrlə bədəndən qan çıxarmaq dinimizin mahiyyətinə ziddir. Bununla bağlı kifayət qədər məlumatlar, bu məsələdən, yəni imam Hüseynin (ə) mübarizəsindən və Kərbəla faciəsinin əsl mahiyyətindən düzgün halı olan din xadimlərimiz var. Odur ki, tövsiyə edərdim ki, Aşura, o cümlədən dinlə bağlı hər hansı məlumatı məhz belələrindən almaq lazımdır”.

Hər il Aşura günündə qanvermə aksiyasının keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirən Ağa Hacıbəyli vurğulayıb ki, bununla da neçə-neçə insan xeyirxah addımlar atır, minlərlə xəstə insana yardımçı olur: “Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Çünki bu, dinimizin də prinsiplərinə tam uyğundur və imam Hüseyn məktəbinə, həm də onun fədakarlığına hörmət əlamətidir. Bir sözlə, belə günlərdə hər kəs xeyirxah işlərə vəsilə olmalıdır. Unutmayaq ki, hazırda qana ehtiyacı olan xəstələrimiz, cəbhə  bölgəsində olan hərbçilərimiz var. Bəli, bu cür məqamlarda yalnız sosial və humanist xarakterli addımlar atılmalıdır”.

Öz müşahidələrinə əsasən, artıq bu istiqamətdə müəyyən uğurlara imza atıldığını bildirən həmsöhbətimiz deyib ki, hər il Aşura tədbirlərində iştirak edir: “Artıq zəncir vurmaq, qan çıxarmaq, baş yarmaq, özünə xətər yetirmək kimi hallar azalıb, ümid edirəm ki, belə hallar tam sıradan çıxacaq. Yəni Aşura tədbirləri getdikcə əsl mahiyyətini özündə ehtiva edəcəkdir. Hesab edirəm ki, qanvermə artıq xalq arasında geniş yayılıb. Artıq vətəndaşlarımız heç bir çağırış olmadan bu savab işi yerinə yetirməyi özlərinə borc bilirlər. Əksər insanlarımız belə günlərdə digər xeyirxah işlər də görməyə can atırlar. Belə ki, Məhərrəmlik ayında sosial yardımlaşma, ehtiyacı olanlara baş çəkmə, yardım etmə kimi sosial aksiyalar kütləvi hal almaqdadır. Üstəlik, belə tədbirlər Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyinə çevrilməkdədir. Bu isə əsl fədakarlıq deməkdir. Əksər ilahiyyatçıların, o cümlədən mənim də fikrimcə, Kərbəla hadisəsinin məqsədi çox ağlatmaq yox, çox anlatmaqdır. Şübhəsiz, Məhərrəm ayı və Aşura mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcək. Bu da həmin hadisənin mahiyyətinin daha dərindən anlaşılmasına öz töhfəsini verəcək. Yəni bir daha bildiriləcək ki, imam Hüseyn və onun tərəfdarları ümmət, insanlıq, bəşəriyyət uğrunda canlarından keçiblər.

Burada bir məsələni də vurğulamaq istərdim: bu kimi tədbirlərdə milli vəhdətimizi pozmaq, öz iyrənc siyasətlərini həyata keçirmək istəyən qüvvələr hələ də var. Qoy dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışanlar dərk etsinlər ki, belə tədbirlər siyasət meydanı deyil. Ölkəmiz hər zaman onlarla  mübarizə aparıb və İslam həmrəyliyinə öz töhfəsini verib. Bilirsinizmi, bu nədən irəli gəlir; dövlət-din münasibətlərinin yüksək formada olmasından, bir də ölkəmizdə sağlam düşüncəli insanların çoxluğundan. Odur ki, inanıram ki, dindən öz məqsədləri üçün istifadə etməyə çalışan heç bir xarici, həmçinin yerli qüvvələr ölkəmizdə öz niyyətlərinə çata bilməyəcəklər”.

Qvami Məhəbbətoğlu