“Kərəm kimi”

631
– Oğlum (qızım), çalış tərbiyəli, əxlaqlı ol!
 – Ata, bunun üçün nə etməliyəm? Məgər tərbiyəmdə bir qüsurmu gördün?

– Xeyr, əziz balam, sənin tərbiyənə bir sözüm yoxdur, amma insan daima özünü inkişaf etdirməlidir. Bax, valideynlərinin sözünə baxırsan, müəllimlərinin sözünü dinləyirsən, böyüklərə qarşı rəftarın çox yaxşıdır, amma… Amma bunlar kifayət deyil, insan gərək dürüst olsun, yalan danışmasın, haram yeməsin, rüşvət almasın, başqalarına kələk gəlməsin, kobudluq etməsin, qeybət etməsin, onun-bunun qüsur və xətalarına qarşı kar, kor olsun, günahı həmişə özündə görsün…

– Ata, dediyin o şeylərlə necə yaşamaq olar? Görmürsən, bunlarsız yaşayan kim var, nə qədər adam var?

Ata övladının bu sualına cavab verə bilmədi, bir müddət mat-mat uşağın gözlərinin içinə baxdı, baxdı, sonra ayağa qalxdı və dedi:

– Haqlı görünürsən, çünki, doğrudan da, bu saydıqlarımı yaşayanların sayı çox azdır, həm də bunlar cəmiyyətdə orta, daha çox da aşağı təbəqəni təşkil edirlər.  Amma varlı olub, yaxşı və yüksək vəzifə sahibi olub, dürüst yaşayanlar da vardır. Bir az düşün, sonra bu mövzunu bir də müzakirə edərik…

Bunu deyib ata qalxdı, otaqdan çıxdı. Qapının arxasında yoldaşı ilə üz-üzə gəldi. Ananın gözləri hədəqəsindən çıxmışdı. Ərinin otağın qapısından bir-iki addım uzaqlaşmasını gözləməyə səbri çatmadı. Avtomat tüfəng kimi açıldı, nə açıldı:

– Ay kişi, söz tapmırsan danışmağa, bunlar nədir deyib uşağın başını xarab edirsən?

Kişi mat-mat arvadına baxdı. Arvad isə ara vermədən sualı sual ardınca yağdırırdı. Həm də nə suallar:

– Var-yox ikicə uşağımız var, istəyirsən ki, onlar da acından ölsünlər? Sənin dediyin o qaydalara kim əməl edir ki, bizimki də əməl etsin?- Bu sözlərdən sonra ərinə ultimatum verdi, – Bax, bir də eşitməyim ha, özün bizi çox ağ günə çıxartmısan, indi qalıb övladın. Onu da ac-yalavac elə, canın qurtarsın.

– Ay arvad, bir dayan görüm, sən məndən hansı pisliyi görmüsən ki, özünü qaragünlülər siyahısına daxil etmisən?

Arvad səhv etdiyinin fərqinə vardı, amma təslim bayrağı qaldırmağı düşünmürdü. Sözlərinə ittihamlarla və giley-güzarla davam etdi:

– Hanı mənim cürbəcür üzüklərim, komplektlərim, qızıl-brilyantlarım, qolbaqlarım? Yasa, toya getməyə utanıram. Başqalarının təkcə yasa, toya götürdükləri sumkalarının qiyməti sənin bu evindən bahadır, sənin dünyadan xəbərin yoxdur, dünyadan! Bununla da uşağa əxlaq dərsi deyirsən. İşin yoxdur, necə bilir, elə yaşasın. El ilə gələn bəla da toy-bayramdır!

Yuxarıdakı dialoq real hadisədən alınmayıb, təxəyyülün məhsuludur, amma etiraf edək ki, reallıqdan da uzaq deyildir. Bu dialoqla nəzərə çatdırmaq istədiyim isə budur: belə bir dialoq real olduğu zaman cəmiyyətimiz çürük, içinə qurd düşmüş meyvə kimi olar. Belə bir cəmiyyətdə heç kəs rahat, xoşbəxt, bəxtəvər ola bilməz – pulu olan da, olmayan da.

Biz hamımız giley edirik, bir-birimizdən, məktəbdən və müəllimdən, xəstəxanadan və həkimdən, nəqliyyatdan və sürücüdən, idarə və müəssisə rəhbərlərindən və məmurlardan, hamıdan, hamıdan. Nə üçün gileylənirik? Bizi incitdiklərinə, get-gələ saldıqlarına, lüzumsuz yerə süründürdüklərinə, ən sonda istədikləri məbləğı qopardıqlarına, yalnız bundan sonra işimizi həll etdiklərinə görə. Amma bütün bunlarda çalışan insanlardan birinin də özümüz və ya ailə üzvümüz, övladımız olmasını da arzu etmirikmi? Əgər arzu ediriksə, o zaman haqsız olan kimdir? Kim aradan qaldıracaq bu narazılığı? Fərdlərmi? Ailəmi? Məktəbmi?

İcazənizlə, bu sualın cavabını Nazim Hikmətin “Kərəm kimi” şeirindən iqtibasla verim:

Mən yanmasam,

Sən yanmasan,

Biz yanmasaq,

Necə çıxar qaranlıqlar aydınlığa? Nazim Əkbərov