“Kəpəz”linin göz yaşları

792

Hüseyn əmioğlu, yazırsan ki, birinci divizion təmsilçisi “Kəpəz” futbol klubunun azarkeşiyəm: “O “Kəpəz”in ki, SSRİ çempionatlarındakı çıxışları, milli birinciliklərdə qazandığı uğurlarını sadalamağa başlasam, qurtarmaz. “Toxucu” adı ilə yaradılan bu klub sonradan “Dinamo” adı ilə ötən əsrin 60-cı illərində SSRİ Kubokunda Bakının “Neftyanik” və Kiyevin “Dinamo”sunu mübarizədən kənarlaşdırmaqla 1/4 finala kimi irəlimişdi. 1968-ci ildə SSRİ çempionatının yüksək dəstəsində çıxış etməklə daha bir uğura imza atmışdı. Yəni o, “Neftçi”dən sonra yüksək dəstədə iştirak edən yeganə Azərbaycan klubu olub. Futbol aləmimizdə kifayə qədər tanınmış Ruslan Abdullayev, Mübariz Zeynalov, Yaşar Babayev, Çingiz İsmayılov, Mahmud Qurbanov, Vidadi Rzayev, Yunis Hüseynov, Vəli Qasımov və başqaları məhz bu klubun “şinel”indən çıxıblar… Müstəqillik illərimizdə də “Kəpəz” respublikanın ən “xod” gedən klublarından olub. 3 dəfə çempion, 4 dəfə Azərbaycan Kubokunun qalibi kimi tarixə düşüb. Bəli, bir zamanlar “Kəpəz” çox möhtəşəm idi. İndi isə… Yox bu dəfə “Kəpəz”’n müasir durumundan söz açmaq istəmirəm, sadəcə, Gəncə Şəhər Stadionundan danışmaq istəyirəm. Amma nə gizlədim, bir azarkeş kimi Gəncə Şəhər Stadionundan söz açmağa, sözün həqiqi mənasında, xəcalət çəkirəm. Bunun səbəbi bir zamanlar səs-küylü olmuş bu məkanın xarabalığa çevrilməsidir. Bəli, bu gün məmləkətimizin ikinci böyük şəhərinin stadionu özünün ən acı günlərini yaşayır”.

Hüseyn əmioğlu, sən elə bilirsən təkcə sizdə belədir? Guya bütün əyalət komandalarının stadionlarını günün tələblərinə uyğunlaşdırıblar, qalıb sizin o Gəncə Şəhər Stadionunuz?

Canım-gözüm, bir de görüm, bu um-küsünü niyə mənə eləyirsən? Məgər mən bir səlahiyyət sahibiyəm ki, gəlib oranı abıra salım? Və yaxud bir imkanlı adamam ki, durub sponsorluq edim? Hüseyn əmioğlu, yəqin, həmin stadionun bir sahib var da… Vallah, mən dəqiq bilmirəm, həmin stadion Gənclər və İdman Nazirliyinin balansındadır, yoxsa AFFA-nın. Aydınlaşdır, dərdini onlara danış, əgər eşitməsələr, o yuxarılar, o da sən… Daha nə deyim, əmioğlu? Tutaq ki, mən sənin xatirinə bu məsələ ilə bağlı haray-həşir saldım, bununla yaran sağalacaq? Vallah, yox… İndi kimdir adi bir yazarın yazdıqlarına reaksiya verən?

Bir də elə bilrisən ki, indi belə bir stadionu təmir elətdirmək asan işdir? Ay-hay… Əvvəla, bundan ötrü layihə-plan, daha sonra texnika, xod gedən bir tikinti şirkəti lazımdır. Deyək, bunlar birtəhər tapıldı. Bəs əsas məsələ? Yəni pulu kim verəcək?

Hüseyn əmioğlu, yazırsan ki, görəsən Gəncə futboluna belə münasibət haradan qaynaqlanır, bunun səbəbi nədir? Yarım milyonluq əhalisi olan şəhərdə bir dənə də olsun normal futbol meydançası, yaxud günün tələblərinə cavab verən idman kompleksi yoxdur. Amma bu sahənin başbilənləri bir nəfər kimi futbolumuzun inkişafından danışırlar. Hüseyn əmioğlu, sən belə suallar verib məni pis vəziyyətə salma. Belə asan suallara cavab verib özümü urvatsız etmək fikrində deyiləm. Amma bir məsələni xatırlatmaq istərdim. Mən biləni, düz üç il bundan əvvəl Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi həmin dediyin stadionun yenidən qurulacağı ilə bağlı müzakirələr aparırdı. Amma nəticənin nə olduğunu bilmirəm. Bəlkə, bir zəhmət çəkib bu məlumatı onlara xatırladasan?

Hüseyn əmioğlu, bu kimi məsələləri sənin boynuna qoymaqla demək istəyirəm ki, məndən sənə kar aşmaz. Əgər istəyirsən ki, dağılmaqda olan stadion kimlərinsə dəyirmanında üyüdülməsin, sənə daha bir məsləhətim budur ki, həmin ərazinin bir hissəsində “Azarkeş” adlı bir təsərrüfat təşkil edəsiniz, orada “xod” gedən kənd təsərrüfatı məhsulları yetişdirib bazarlara çıxarasınız. Əldə olunacaq vəsaitin bir hissəsini də stadionun abadlaşmasına xərcləyəsiniz.

Hüseyn əmioğlu, mən ölüm, məsləhətim ağlına batsa, bir namə göndərərsən bu məsələ ilə məşğul olan idarələrin başbilənlərinə…Bəlkə, onların ağıllarına bir şey batdı. Amma əmioğlu, sənə bir söz deyim, Gəncədə futbol olmasa, futbolumuzda rəqabətdən söhbət gedə bilməz a… Bunu tək mən yox e…futboldan az-çox başı çıxan hər kəs deyir.