“Kəpəz”i daha çətin sınaq gözləyir

0
335

Avropa Liqasında mübarizə aparan Azərbaycan klubları sabah II təsnifat mərhələsində ilk oyunlarını keçirəcək. Təmsilçilərimizdən biri evdə, ikisi səfərdə sınaq qarşısına çıxacaq. Oyunu daha tez başlayacaq “Neftçi” öz meydanında Makedoniya “Şkendiya”sı ilə görüşəcək. Malta “Baltsan”ı ilə cavab matçında azarkeşlərini üzən bakılılar həmin məğlubiyyətin təsadüf olduğunu sübut etməlidi. “Ağ-qaralar” Azərbaycan klubları üçün o qədər də çətin olmayan Makedoniyanın növbəti təmsilçisini mübarizədən kənarlaşdırmalıdı. Lakin Vəli Qasımov yetirmələri həm də ev sindromunu qırmalıdı. Çünki paytaxt klubu son 11 ev matçında qələbə qazana bilməyib. 4 illik həsrətə son versə, “Neftçi” səfər qarşılaşmasına daha sərfəli nəticə ilə yollanacaq. 16 illik fasilədən sonra qitə kuboklarına qatılıb, ilk dəfə mərhələ adlayan “Kəpəz”i daha çətin sınaq gözləyir. Gəncə təmsilçisi 22 il əvvəl Azərbaycan klublarının avrokuboklardakı ilk qolunu vurduğu Avstriyaya yollanıb. Şahin Diniyevin yetirmələri bu dəfə “Admira”yla üz-üzə gələcək. I təsnifat mərhələsini qol buraxmadan adlayan qərblilər “Daçiya” ilə Moldovada əldə etdiyi uğuru Sankt-Poltendə də təkrarlamaq arzusundadı. Tarixində ilk dəfə mərhələ keçən komanda bunun davamını gətirmək üçün səfərdən məğlubiyyətsiz və hətta qolla dönməlidi. Ötən il 4 mərhələ adlayıb, qrupa qədər irəliləyən isə Azərbaycan üçün yeni futbol ölkəsini “kəşf edəcək”. Avrokuboklarda qarşılaşacağımız 45-ci ölkədə – Macarıstanda MTK önünə çıxacaq əyalət klubu səfər sindromunu qırmalıdı. İndiyədək rəqib meydanında qələbəsi olmayan “qırmızı-qaralar” ilk arzusunda olsa da, Roman Qriqorçukun yetirmələrini üçün bərabərlik də qənaətbəxş sayıla bilər. Çünki Bakıda daha yaxşı çıxış edən “Qəbələ” cütün taleyinə gələn həftə öz xeyrinə aydınlıq gətirə bilər. apasport
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
20:00. “Neftçi” (Azərbaycan) – “Şkendiya” (Makedoniya)
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malitsin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Dimitri Bokeriya (Gürcüstan)
Bakı. 8-ci km stadionu
21:00. “Admira” (Avstriya) – “Kəpəz” (Azərbaycan)
Baş hakim: Pavle Radovanoviç
Baş hakimin köməkçiləri: Dimitriye Mrqunoviç, Aleksandar Cikanoviç
Dördüncü hakim: Miloş Savoviç (hamısı Monreneqro)
Hakim-inspektor: Neyl Barri (İngiltərə)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Sankt-Polten. NV Arena
22:30. MTK (Macarıstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Boyan Pandjiç
Baş hakimin köməkçiləri: Stefan Hallberq, Maqnus Syoblom
Dördüncü hakim: Mohammed Al-Hakim (hamısı İsveç)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Dyer. “Dyirmot” stadionu