Kəndlilərin “var-dövlət”i xəstələnib

538
İnfeksiya əsas etibarı ilə qansoran həşəratlar-ağcaqanadlar, milçəklər tərəfindən mexaniki yolla yayılır. İribuynuzlu heyvanlar virusla yoluxduqda 4-7 gündən sonra həmin nahiyənin mərkəzində düyüncüklər olmaqla ətrafında 20 santimetrə qədər iltihabi proses gedir.
 Rayonlarda heyvanların xəstələnməsi xəbərlərini tez-tez eşidirik. Növbəti belə xəbər Zərdab rayonundan gəlib. Belə ki, rayonun Qoruqbağı kəndinin sakinlərinin qəzetimizə verdikləri məlumata görə, artıq bir neçə gündür burada mal-qara arasında naməlum xəstəlik yayılıb. Sakinlərin bildirdiklərinə görə, artıq bir neçə heyvan bu xəstəlikdən tələf olub. Xəstəlik digər heyvanlar arasında da yayılmaqdadır. Xəstə heyvanların da bir neçəsinin yaxın günlərdə tələf olması ehtimalı var. Kənd sakini Fəqan Rəşidovun sözlərinə görə, yerli baytarlar xəstəliklə mübarizədə çarəsiz olduqlarını bildiriblər. Onlar deyiblər ki, ilk dəfədir belə bir xəstəliklə qarşılaşırlar və onlar bunun necə müalicə olunmasını, hansı tədbirlər görülməsinin vacibliyini bilmirlər. Necə deyərlər, hər ehtimala qarşı edilən müalicələrin isə bu günədək nəticəsi olmayıb.

Fəqan Rəşidov məsələ ilə bağlı aidiyyəti qurumların “qaynar xətti”nə məlumat verildiyini bildirdi. Maraqlıdır ki, bu xəstəlik iribuynuzlu heyvanlarla yanaşı, qoyunlar arasında da yayılıb.

Xəstəliyin əlamətləri isə belədir: heyvanların bədənində bir neçə günün içərisində yüzlərlə şiş əmələ gəlir. Həmin şişlər çirk edir. Bundan başqa, inəkləri sağanda süd yerinə qan gəlir.

Başqa bir kənd sakini isə mənşəyi tam aydın olmayan bu xəstəliyə yoluxan inəklərin, əvvəlcə, bədənində irisuluqlu səpgilər əmələ gəldiyini, heyvanların ağzından su gəldiyini, onların iştahadan tam kəsildiyini, heyvanların bir dəri, bir sümük qaldığını dedi. Onun bildirdiyinə görə, digər kənd yerlərində yaşayanlar kimi, burada da ailələrin əsas dolanışıq mənbələrindən biri də heyvanlardır. Heyvanların kütləvi şəkildə tələf olması isə kəndlilərin dolanışığını daha da ağırlaşdıra bilər.

Aldığımız məlumata görə, bu vəziyyət rayonun Çallı kəndində də geniş yayılıb. Kənd sakini Babək Mikayılov: “İnəyimin biri 9 gündür xəstədir. Bütün müalicələrini aparıram, xeyri olmur. Axır nəfəsidir. Bizə deyilənə görə, xəstəliyin adı nodulyar dermatitdir. İnternetdə spesifik müalicəsi olmadığı yazılıb. Artıq kəndimizdə bir neçə heyvan tələfatı olub”.

Qeyd edək ki, bir müddət əvvəl bir neçə rayonda heyvanlar arasında nodulyar dermatit xəstəliyi yayılmışdı. Həmin rayonlardan heyvanların kənara çıxarılmasına məhdudiyyət qoyulmuşdu. Bildirilirdi ki, nodulyar dermatit xəstəliyi qansoran həşəratlar vasitəsilə yayılır. Heyvandan insana keçməsə də, heyvanlarda nəsil artımı və süd vermək qabiliyyətini aşağı salır.

Xəstəlik həşəratlar-ağcaqanadlar, milçəklər tərəfindən yayılır

Məlumat üçün bildirək ki, bu xəstəliklə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti açıqlama yayıb. Xidmət bildirir ki, iribuynuzlu heyvanların nodulyar dermatiti (latınca dermatitis nodularis bovum, ingilis dilində isə limpy skin disease-adlandırılır) virus mənşəli olmaqla qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

Xidmət bildirir ki, təbii şəraitdə nodulyar dermatitə iribuynuzlu heyvanlar, xüsusən də cinsi yaxşılaşmış heyvanlar və zebular həssasdırlar: “Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və virus daşıyıcılarıdır. Xəstəliyin baş verdiyi ilk dövrlərdə naxırın 5-50%-i, ayrı-ayrı hallarda isə 75-100 %-i virusa yoluxa bilər. İnfeksiya əsas etibarilə qansoran həşəratlar-ağcaqanadlar, milçəklər tərəfindən mexaniki yolla yayılır. İribuynuzlu heyvanlar virusla yoluxduqda 4-7 gündən sonra həmin nahiyənin mərkəzində düyüncüklər olmaqla ətrafında 20 santimetrə qədər iltihabi proses gedir. İltihabi proses dəri, dərialtı nahiyəni, bəzi hallarda əzələ toxumasını da əhatə edir. Qanda virus 3-4 gündən sonra temperaturun qalxması və düyüncüklərin əmələ gəlməsi nəticəsində özünü büruzə verir. Həmin dövrdə virus qanla ağız boşluğunun, burunun, gözün, cinsiyyət yolunun selikli qişasına, tüpürcək, süd vəzilərinə, xayalara sirayət edir. Dərinin derma hissəsinin şişkinliyi damarların trombozu nəticəsində ətraf toxumalar nekrozlaşır. İltihab prosesi limfa vəzilərini əhatə edir, lakin həmin prosesin mexanizmi axıra qədər öyrənilməmişdir. Limfa vəzilərinin, damarların iltihabı, xoralı yaraların əmələ gəlməsi, septik mürəkkəbləşmələr isə infeksiyanın nəticəsində baş verir”.

İnəklər bala salır

Dövlət Baytarlıq Xidməti vurğulayır ki, xəstəliyin iti forması ilk dövrlərdə isitmə (bədən temperaturu 40°C qədər artır), iştahanın zəifləməsi, gözdən yaş axması, burunun selikli qişasından axıntılarla müşayiət olunur: “Xəstəliyin 48 saatından sonra dəri üzərində 0,2-5 sm ölçüdə girdə formalı səpgilər əmələ gəlir. Səpgilərin sayı dərinin hər yerində bir neçə yüzə qədər ola bilər. Dərialtı limfa vəziləri həcmcə böyüyür və aşkar müşahidə olunur. Xəstə heyvanlar sürətlə arıqlayır, süd verən heyvanlarda isə süd vəzilərinin mastiti nəticəsində süd azalır. Nadir hallarda sinir pozğunluğu və aqressivlik baş verir. Bəzi inəklərdə balasalma halları qeyd olunur.

Xəstəliyin ağır formasında uzunmüddətli isitmə, iştahanın kəsilməsi, arıqlama baş verir. Bədən nahiyəsinin hər yerində və görünən selikli qişalarda düyüncüklər əmələ gəlir, xəstəliyin ağırlaşma dövründə traxeyanın, udlağın zədələnməsi və bronxopnevmoniyanın nəticəsində heyvanlarda asfiksiya müşahidə olunaraq ölüm baş verə bilər. Nodulyar dermatitin iti formada keçdiyi halda, dəridə nəzərəçarpan zədələnmələr qeyd olunmur. Xəstəlik qısamüddətli isitmə (2-5 gün) və iştahanın kəsilməsi ilə müşayiət olunur. Xəstəliyin atipik forması yeni doğulmuş buzovlarda fasiləli diareya, isitmə ilə özünü büruzə verir, kliniki əlamət kimi dəri örtüyündə heç bir dəyişiklik hiss olunmur. Yaşlı heyvanlarda iştahanın kəsilməsi, arabir isitmə halları hiss olunur. Nadir hallarda xəstəlik simptomsuz, lakin virusdaşıyıcılıq və virusneytrallaşdırıcı anticismlərin əmələ gəlməsi isə müşayiət olunur”.

Südün satışına və istifadəsinə qadağa…

“Nodulyar dermatit zamanı, adətən, xəstə heyvan sağalır. Ölüm halları 10%-dən artıq olmamaqla 1-2% təşkil edir. Xəstəliyi keçirmiş heyvanlarda immunitet əmələ gəlir. Heterogen vaksinlə peyvənd olunmuş heyvanlarda immunitet 2 ilə qədər qalır. Hazırda ən çox “Neethling” ştammından lioflizasiya edilmiş kultural vaksin tətbiq edilir. Həmin vaksin 3 il ərzində immuniteti saxlayır. Cənubi və Şimali Afrikanın bir çox ölkələrində milyonlarla heyvan müsbət nəticə ilə peyvənd edilib. Heyvanlar üçün yaxşı saxlanma və yemləmə şəraiti yaradılmalıdır. Dezinfeksiya maddələri ilə duş qurğuları vasitəsilə heyvanları çimizdirmək lazımdır. Xəstəlikdən sağalmış heyvanlarda yenidən yoluxmaya qarşı güclü immunitet yaranır. Xəstəliyin baytarlıq-sanitariya profilaktikasında vahid sistem işlənib hazırlanmayıb. Belə diri heyvanın və onun dərisinin daşınması qadağan edilir, xəstə və şübhəli heyvanlar izolyasiya edilir. Ölmüş heyvanların cəsədləri yandırılır, yaxud yerə basdırılır. Südün satışına və istifadəsinə qadağa qoyulur”,-deyə açıqlamada qeyd olunur.

Nicat İntiqam