“Kəndli toxumu torpağa atanda…”

402

Yaz fəsli qapıdadır, artıq torpaqda canlanma başlayıb. Bu isə o deməkdir ki, kənd təsərrüfatının ən qaynar dövrü başlayır, yaz əkinlərinə, torpaqda işlərin aparılmasına start verilir. Belə bir məqamda aqrar sektorun problemləri, fermerlərin əkin üçün stimullaşdırılması , subsidiyaların verilməsi və sair kimi məsələlər də gündəmə gəlir.

Musavat.com qeyd edilən mövzularda kənd təsərrüfatı eksperti Nicat Nəsirli ilə müsahibəni təqdim edir.

– Nicat bəy, hazırda aqrar sektorda subsidiyaların verilməsində müəyyən problemlər var. Onlardan biri də istehsal olunan məhsulun həcminə görə deyil, torpağa görə subsidiyanın verilməsidir. Bu istiqamətdə hansı dəyişikliklərə ehtiyac var?

– Bildiyiniz kimi, subsidiya proqramı 2009-cu ildən tətbiq olunmağa başladı. Mahiyyət və məzmununa görə, kifayət qədər yeni idi. Bu proqram təxminən 10 ilə yaxın tətbiq olundu. O vaxt əsas meyar kimi əkin sahəsi götürülmüşdü. O dövrə görə bu əslində düzgün qərar idi. Ancaq bu gün artıq elektron sistem qurulub, istənilən fermerin təsərrüfatını kompüter və ya telefonla daxil olub peyk vasitəsilə görmək mümkündür. Problem o idi ki, indiyə kimi əkin sahələri süni şəkildə şişirdilirdi. Məhsuldarlıq da şişirdilirdi, dövlət vəsaiti mənimsənilirdi. Buna görə də statistikada ölkə üzrə istehsal çox görünsə də, əslində reallıqda az idi. Bu məsələnin həllində iki mərhələ olmalıdır. Birinci mərhələdə yeni elektron sistemlə problemlər aşkarlanmalıdır, ilk növbədə əraziləri görməliyik ki, nə qədər əkinlərimiz var. Artıq peyk vasitəsilə rahatlıqla girib baxmaq mümkün olacaq, pilot layihə kimi tətbiqinə başlanılıb. Problemin bu tərəfini müəyyən etməliyik ki, bizim əlimizdə nə qədər əkinə yararlı torpaq var. Rəsmi rəqəmlərlə reallıq düz gəmir, rəısmi rəqəmlərə görə biz bu gün bütün dünyaya məhsul ixrac etməliydik. Deməli əkin sahələrində problem var. Biz bu nəticəni bildikdən sonra subsidiya proqramının təkmilləşdirilməsi ilə bağlı islahatdan söhbət gedə bilər. Bu təhlillər göstərəcək ki, artıq əraziyə görə subsidiya vermək düzgün deyil, biz məhsula keçməliyik. Bu mərhələyə keçdikdən sonra istehsalçı axtarışa çıxacaq, məlumatlar əldə etməyə çalışacaq ki, torpağı necə keyfiyyətli şumlayım, necə becərim, necə keyfiyyətli toxum tapım, digər aqrotexnikanı necə tətbiq edim ki, yüksək məhsuldarlıq əldə edim. Ancaq onu da etiraf etməliyik ki, subsidiya proqramı kifayət qədər iqtisadi nəticələr doğurub. Hər şeyin üstündən xətt çəkmək olmaz. Ancaq müasir çağırışlar və dövrün tələbləri başqadır.

– Hazırda əsas problemlərdən biri də unun və çörəyin bahalaşmasıdır. Səbəb isə odur ki, bizim yerli buğda standarta uyğun deyil, ərzaq buğdasını xaricdən idxal edirik. Artıq taxın əkini başlayır. Fermerlərimiz necə etsin ki, yerli buğda da ərzaq üçün yararlı olsun və idxaldan asılılıq aradan qaldırılsın?

-Bu günlərdə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda biz bu məsələni müzakirə etdik. Bu da aqrar elmin qarşısında duran ən çətin məsələlərdən biridir. Vəziyyət ondan ibarətdir ki, bu gün ölkənin ərzaq buğdasına tələbatı 1 milyon 800 min tondur. Rəsmi rəqəmlərdə də etiraf olunur ki, bunun hamısı xaricdən gətirilir, burada gizli bir məsələ yoxdur. Yerli istehsal ölkənin ərzaq buğdasına olan tələbatını ödəməlidir. Azərbaycanda təxminən 70 ildir ki, bu sahədə elmi-tədqiqat işləri gedir, kifayət qədər 200-ə yaxın dənli, paxlalı bitkilərin bərk və yumşaq toxumlar yetişdirilib. Bu özlüyündə bizim aqrar elmin içində gedən prosesdir. Mərkəzi icra orqanı kimi Kənd Təsərrüfatı Nazirliyi qarşısında bu məsələ də qoyulub ki, artıq elmi-tədqiqat məsələləri də kommersiyalaşmalıdır. Elmi müəssisələrlə biznes dünyasının sintezi yaranmalıdır. Biz bu gün etiraf etməliyik ki, Azərbaycanda kütləvi şəkildə 5 – 10 min hektar əkən aqroparkların çoxu toxumu xaricdən gətirməyə üstünlük verirlər, yerli toxuma güvənmirlər. Digər tərəfdən elmi-tədqiqat müəssisələrinin özlərinin biznes dünyasına çıxışı çox zəifdir. Bu insan alimdir, toxumu yaradıb və oturub. O elmi seleksiya işini aparan insandır, gedib öz məhsulunu bazarda sata bilməz. Ayrıca bir qurum olmalıdır ki, bizim bütün elmi-tədqiqat müəssisələrinin məhsullarını bazara çıxara bilsin. Son vaxtlar meyvəçilik institutu yenidən quruldu, tərəvəzlik institutunda quruculuq prosesi gedir. Böyük investisiyalar qoyuldu. Yeni texnologiyaların gəlməsi bundan sonrakı mərhələdə bu institutları vadar edəcək ki, onlar iş dünyasına çıxsınlar. Mən bu yaxınlarda Goranboy rayonundakı aqroparka getmişdim. O aqroparkda təxminən 10 min hektar taxın əkilib və çox fəxrlə dedilər ki, buradakı bütün sortların toxumunu biz elmi-tədqiqat əkinçilik institutundan almışıq, kifayət qədər də razı idilər.

– Yetişdirilən məhsuldar toxumlar həmin standarta uyğun şəkildə becərilə bilirmi? Yoxsa tarlada vəziyyət dəyişir?

– Çox vacib məqama toxundunuz, biz bu elmi-tədqiqat müəssisələri yetişdirib təsərrüfatlara ötürdüyü məhsuldar toxumun becərilməsində problem görürük. Fermerlər bu yeni toxumların potensialından istifadə edə bilmirlər. Fermer toxumu alıb əkir, biri də soruşmur ki, əkdiyi toxum yaşadığı məsələn Salyan rayonunun iqlim şəraitinə uyğun deyil. Bu toxum sulu ərazidə əkilməlidir, ancaq quraqlıq və isti yerdə əkirlər. Bizim fermerlərimiz çox zaman bilmədən , öyrənmədən su istəyən toxumları aparıb dəmyə torpaqda əkir, dəmyədə əkilməli toxumlarını suyun altında əkir. Bu məsələlər elmi məsələlərdir, bütün fermerlərdən xahiş edirəm ki, toxum məsələsinə gələndə zəhmət çəkib elmi-tədqiqat institutlarına getsinlər, regional aqrar elm mərkəzlərinə getsinlər, məlumatlar alsınlar. Çox zaman bu mərkəzlərdə çalışanlar da etiraz edirlər ki, fermer gəlib bizim qapımızı döymür, ayağına qədər gedirik ancaq fermer yeni informasiyalara qapalıdır. Bizim fermerlər başa düşməlidirlər ki, onlar baltanı öz ayaqlarına vururlar. Azərbaycanda 170-180 elit toxum istehsal edən müəssisə var ki, bunlar özəldirlər. Dövlət toxumu yetişdirib bu təsərrüfatlara ötürür, bu təsərrüfatlar onu artırır və satır. Fermer gedib həmin toxumu alanda onun informasiyasını da, elmi təminatını da üstündə almalıdır. Bu pulsuzdur, sadəcə maraqlanmaq , cəhd etmək lazımdır.

– Eyni məsələni heyvandarlıqla bağlı da qeyd etmək olar…

– Bəli, mən hər zaman deyirəm ki, inəyə heyvan kimi yox, insan kimi münasibət göstərmək lazımdır. Bizdə regionlarda bir sağmal inək gün ərzində 10-12 kilometr məsafə qət edir, yem axtarır. Bu da canlıdır, yolda stress yaşayır, yol keçir, qida tapa bilmir. Qlobal istiləşməyə görə son illər ot örtüyü məhv olur. Axşam gəlib evə cəmi 1 stəkan süd verəndə bizim fermer narazı qalır. Azərbaycanda heyvandarlığın ən ciddi problemlərindən biri qapalı şəraitə və qüvvəli yemləndirmə şəraitinə keçməməkdir. Bunu uzun illərdir danışırıq. İnəyin çöldə qidalanma dövrü bitdi. Bizdə inəklər qaçmaqdan idmançıya dönür, əti də əzələli olur. Azərbaycan xalqı qırmızı ətə qarşı həssasdır ki, kövrək olmalıdır, tez bişməlidir.

– Azərbaycanın aqrar sektorunda kadr problemi varmı?

– Ölkədə inkişaf etmiş istənilən aqrar təsərrüfata getsəniz qarşınıza ya iranlı, ya da türkiyəli iş adamı çıxacaq. Bir heyvana qulluq və tibbi xidmət göstərmək ki, çox çətin məsələ deyil. Yaxşı kadrların əksəriyyəti gəlib Bakıda satıcılıqla, fəhləliklə məşğuldur. Bu gün aqrar sektorda çox ciddi kadr problemimiz var. İxtisaslı kadr, zootexnik, aqronom, texnikadan başı çıxan insanlar azdır.

– Bu arada ölkəyə ət idxalı 67 faiz artıb, səbəb nədir, sizcə?

– Son illər bütün dünyada heyvandarlıqla bağlı mənfi bir proses gedir, qlobal iqlim dəyişikliyi ilə əlaqədar ot örtüyü azalır. Şərqi Avropa ölkələri, Albaniya, Bolqarıstan, Serbiya kimi ölkələr məhsul qıtlığı yaşayırlar. İqlim amilləri həm bitkiçilik, həm də heyvandarlıq üçün kəskin şəkildə dəyişir. Azərbaycan ərazisi bitki örtüyünə və torpaqların münbitliyinə görə, ən aşağı siyahıdadır. Bunu şişirtmək lazım deyil. Deyə bilərsiniz ki, heç İsrailin də torpağı yoxdur. Ancaq bu dövlət hər şeyin elmi-texnologiyasını yaradıb. Bu ölkədə əsasən camış məhsullarından istifadə edilir, orada inək və qoyun görə bilməzsiniz. Çünki camış dünyada radiasiyaya məruz qalmayan yeganə heyvandır. Ona görə də, bu ölkədə yalnız camış ağartılarından istifadə olunur. Statistikaya baxsaq, Azərbaycanda demək olar ki, camış qalmayıb.

– Sizcə, aparılan bütün bu işlərdən sonra kəndlərə qayıdış baş tutacaqmı?

– Bu mövzuda bir məsələ məni narahat edir, yolda da bəzən eşidirəm ki, cavablar, yaşlılar bir-birinə aşağılayıcı mənada kəndçi deyirlər. Biz bu məsələyə, eləcə də qidamıza yanaşmada baxışımızı dəyişməliyik. Qidanı yetişdirən kənddir, bizi yedizdirən kəndlidir, mədəniyyətin beşiyi oradadır. Biz ənənəvi kənd təsərrüfatı ölkəsiyik.

Biz araşdırma aparırıq və görürük ki, ölkədə aqrar sektorda çalışan 1 milyon 300 min insanın yaş həddi məsələsi ciddi problemdir. Bu problem bütün dünyada var, bizdə isə ikiqat ciddi vəziyyətdir. İstehsalçılarımızın orta yaşı 55 –dən yuxarıdır. Bu çox ciddi siqnaldır. Bu yaxınlarda mən gördüm ki, Kənd Təsərrüfatı Nazirliyi AMAL adlı ciddi bir layihə başladı. Bu layihənin məqsədi odur ki, gənclərdə kənd təsərrüfatına maraq oyansın, gənclər kəndə qayıdıb bu işdən yapışsınlar. Bu kimi layihələrə üstünlük vermək lazımdır, investisiya vermək lazımdır. Ancaq bu təbliğatla mümkün olmayacaq. Mən bir gənc kimi kəndə gedirəmsə, orada mənə çox ciddi güzəştlər olmalıdır. Rusiya prezidenti Putinin çıxışına diqqət etdinizsə, o məhz bu məsələyə toxundu ki, əhali regionlara geri qayıtsın və orada onlara çox ciddi təminat verilsin.

– Bir sahibkar üçün ən riskli sahə məhz aqrar sahədir. Bu baxımdan kənd təsərrüfatı sektoruna sığortanın tətbiqi məsələsi gündəmə gəlir. Aqrar sığorta probleminin həlli üçün nə etmək lazımdır?

– Azərbaycanda sığorta ilə bağlı heç bir addım atılmayıb. Sadəcə müəyyən dairələrdə müzakirələr gedir. Türkiyənin TARSİM modeli öyrənilib, ona uyğun nəzərə forma müəyyənləşdirilib. Bu gün aqrar sektorda aqrar sığortanın tətbiqi ilə bağlı bizim ciddi problemlərimiz var. Sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı rəqəmlərə baxsaq görürük ki, cəmi 4-5 şirkət bazarda aktivdir, sığorta verməkdə maraqlıdır. Birinci maliyyə sektorunu stimullaşdırmaq lazımdır, sonra da kəndlilərə gəlmək lazımdır. Bunun müzakirəsinə ehtiyac yoxdur, mütləq şəkildə aqrar sığorta sistemi qurulmalıdır, həmçinin bu regional amillərə uyğun olmalıdır. Onun detalları bilinməlidir. Kəndli toxumu torpağa atanda, dövlət gəlib onun qulağına yavaşca deməlidir ki, ürəklə ək , mən buradayam. Başqa çıxış yolu yoxdur.

– Aqrar sektorda ən mühüm məsələlərdən biri də texnikadır. Bu, həm məhsuldarlıq , həm də vaxta qənaət baxımından önəmlidir. Necə etmək olar ki, xırda fermerlər də texnikadan yararlana bilsin?

– Bizdə kiçik aqrar təsərrüfatların əsas problemi əl əməyidir. Burada həm zaman itirilir, həm keyfiyyət, həm də maliyyə. Keyfiyyət birinci texnikadan başlayır. Uzun illər aqrolizinq sistemində belə bir problem var idi ki, onlar bahalı texnikanı gətirib fermerə diqtə edirdilər. Fermer isə daha kiçik həcmli texnika istəyirdi. Ötən ilin dekabr ayında “Aqrolizinq”in ləğv olunması, onun funksiyalarının biznes münasibətlərinə inteqrasiyası çox müsbət bir addımdır. Fevral ayından elanlar verilib , satış gedir. Ümid edirik ki, bu istehsalçı ilə banklar və təsisatçı şirkətlər arasında biznes həlqəsinə çevrilə biləcək. Qoy, dövlət bu həlqənin içində olmasın. Dövlət dövrün tələbinə uyğun olaraq bir çox sahələrdən çəkilməlidir. Heyvandarlıqla bağlı da müəyyən sərbəstlik verildi, istəyən adam heyvanı hətta gedib xarici ölkədən də alıb gətirə bilər.

– Yaz əkinləri ilə bağlı tövsiyələriniz nədir?

– Artıq ölkə ərazisində, xüsusən də aran bölgəsində yaz-tarla işləri başlayıb. Bu işlər 4 kateqoriyadan ibarətdir, istehsalçı əraziyə gəlməli , aqrotexniki qulluğa başlamalıdır. İlk növbədə yemləmə gübrələr verilməlidir, suvarma problemi həll edilməlidir. Aran rayonlarında 990 min hektardan çox taxıl əkini var. Bu il əsas problemlərdən biri də qış fəslinin quraqlıq keçməsi səbəbindən sahələrdə gəmiricilərin artmasıdır. Gəmiricilərin xüsusiyyəti belədir ki, havanın temperaturu yüksələndə torpağın altından üzünə çıxır bitkinin yaşıl hissəsini biçirlər, soyuq havada isə torpağın altında toxumları yeyirlər. Bu zərərvericilər məhsuldarlığa 30 faiz ziyan vururlar. Fermerlə bu məsələdə müvafiq instansiyalardan, aqrar-elm mərkəzlərindən kömək almalıdırlar. Fermerlərin cəmi 30 faiz aktiv olsalar, problemlərin çoxu həll olunar. Yeni nazir regionlarda fermerlər şurası yaratdı, burada problemlər müzakirə etməli, nazirliyə çatdırmalıdırlar. Bu gün Kənd Təsərrüfatı Nazirliyində birinci adamlardan sonuncu adama qədər hər kəs səfərbər olunub, hanasısa fermerdən şikayət gələn kimi adekvat reaksiya verilir. Fermerlər də ictimai borclarını yerinə yetirərək bu məsələdə aktiv olmalıdırlar. musavat.com