Kəndimizin Rüstəm kişisi və Hacı Salmanı barədə

109

 

 

Kəndimizin bəzi kişiləri məşhur filmlərimizin personajları kimi yaddaşıma həkk olunub. Onlardan biri də el-obada meşəbəyi (meşə gözətçisi) Rüstəm  kimi tanınan Rüstəm kişi idi ki, hər dəfə onu at belində görəndə  görkəmli yazıçımız Mirzə İbrahimovun eyniadlı romanı əsasında 1962-ci ildə çəkilmiş “Böyük dayaq” ekran əsərindəki sevimli aktyorumuz Ələsgər Ələkbərovun canlandırdığı Rüstəm kişinini xatırlayardım. Hərdən mənə elə gələrdi ki, kinodakı Rüstəm kişi bizim kəndimizdəki Rüstəm kişinin prototipidir. Bu dəfə sizə elə həmin şəxsdən, yəni həyat yolu ilə digər meşəbəyilərimizdən fərqlənən, ağır təbiəti, qürurlu və məğrur duruşu ilə seçilən, çiynində silah olan, meşələrdə dəfələrlə yırtıcı heyvanlarla qarşılaşan  Rüstəm kişidən söz açmaq istəyirəm.

 

Şəcərəsi və özü haqqında bəzi faktlar

Bəri başdan qeyd edək ki, Rüstəm kişinin soy kökü Türkiyəyə – Ərzruma gedib çıxır. Belə ki, 1750-ci illərdə Osmanlı imperiyasının Ərzrum vilayətindən kəndimizə təşrif buyurmuş Rüstəm Paşa kəndimizin  tanınnmış bəylərindən olan Məmmədxan bəy Alpanlının  şəcərəsindən olan  qız ilə burada ailə qurub. Onun bu izdivacdan 2 oğulu (Nəriman və Salman) və bir qızı (Hükmə) dünyaya gəlib. Sonradan Rüstəm Paşa qızı Hükmə ilə birgə yaxınlarına baş çəkmək məqsədilə Türkiyəyə yola düşüb, amma qeyri-müəyyən səbəblərdən geri qayıda bilməyib. Atasının dalınca Türkiyəyə yola düşən Nərimandan  da bir soraq çıxmayıb. Rüstəm Paşanın o bir yadigarı Salman öz həyatını əbədi olaraq Alpana bağlayıb və burada evlənib, Ağagül adlı bir övlad sahibi olub. Soyadı Rüstəmli olan Ağagülün isə 6 övladı (3 oğlan Sərkar, Musa, Həmzə, 3 qız – Sürəyya, Hükmə, Ziyarət) dünyaya gəlib. Həmzə İkinci Dünya müharibəsində iştirak edib və geri qayıtmayıb. Musa isə kəndimizdə təsərrüfatla məşğul olub. O, 96 yaşında dünyasını dəyişib.

Rüstəm kişinin 109 il ömür sürən və 1969-cu ildə rəhmətə gedən atası Sərkar kişi isə uzun müddət heyvandarlıq sahəsində çalışıb. Deyilənlərə görə, onun 300 başdan çox qoyunu və ilxısı olub. Bundan başqa, Qarasular və Yataqqabağı kimi tanınan əraziləri də o əkib-becərib. Sərkar kişi, həmçinin Seyidli kəndində 150 hektar torpaq sahələrinin sahibi kimi tanınıb. Rüstəm kişi də işgüzarlığına görə atasından geri qalmayıb.

Rüstəm Ağayev 1902-ci ildə Alpan kəndində anadan olub. Kəndimizdə yeddiillik təhsil alıb. Daha sonra yol idarəsinin nəzdində fəaliyyət göstərən peşə məktəbində oxuyub və burada yol təsərrüfatı üzrə ixtisasa yiyələnib. Sonradan isə o, meşəbəyi kimi fəaliyyət göstərib. Həmişə də deyərdi ki, onu bu sahəyə kəndimizin füsunkar təbiəti sövq edib.

Haşiyə

Deyilənlərə görə, o zaman Əhməd dərə tərəfdən Alpandan Digah istiqamətində yol çəkilirdi. Bu işdə fəhlə kimi çalışan Rüstəm kişi fəallığı ilə  fərqlənib. Elə bu səbəbdən onun təhsil alması və bu sahə üzrə mütəxəssis kimi yetişməsi vacib sayılıb. Odur ki, o, həmin məktəbə göndərilib. Yeri gəlmişkən qeyd edək ki, vaxtilə çəkilmiş həmin yol indi də qalıb. Ötən əsrin 60-cı illəlrində Quba-Qusar yolu hazır olandan sonra isə Uzun yol istiqamətində kəndimizə  yeni yol çəkilib.

… 1936-cı ildə Əlibala kişinin qızı Sonacət xanımla ailə  həyatı qurmuş Rüstəm kişi 1939-cu ildə ordu sıralarına cəlb edilib, Böyük Vətən müharibəsinin iştirakçısı olub və Berlinə qədər döyüş yolu keçib. 20-dən çox müxtəlif orden və medallara layiq görülüb. Onların arasında “Slava” ordeni də var ki, həmin təltif Sovet İttifaqı Qəhrəmanı adına bərabər olub.

Hətta o, İkinci Dünya müharibəsinin tanınmış sərkərdəsi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Konstantin Konstantinoviç Rokossovskinin adyutantı (hərbi hissənin komandirinin tapşırıqlarını icra edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu) olub və starşina rütbəsində rota komandiri vəzifəsini icra edib. Müharibədən sonra, daha doğrusu, 1947-ci ildən 1978-ci ilə qədər, yəni pensiyaya çıxana kimi o, rayon meşə təsərrüfatında meşəbəyi kimi fəaliyyət göstərib və həmin illərdə müxtəlif mükafatlara layiq görülüb.

Haşiyə

Deyilənlərə görə o, müharibədən sonrakı illərdə gündəlik hadisələri yazmağı çox xoşlayardı. Hətta onun gündəliyi indiyə qədər qalmaqdadır. Yeri gəlmişkən,  onun gündəliyindəki bəzi faktlarla sizi bu yaxınlarda tanış edəcəyəm.

Ömür-gününü meşələrdə – təmiz havada keçirən meşəbəyi Rüstəm kişi  çox sağlam və gümrah idi. Yaşadığı el-obanın bənd-bərəsinə, hər cığırına, hər ağacına bələd olan, qonşu kəndlərdə belə yaxşı tanınan Rüstəm kişi 2003-cü ildə 101 yaşında dünyasını dəyişib.

Sonacət xanım və Rüstəm kişi 1979-cu il
Sonacət xanım və Rüstəm kişi 1979-cu il

 

 

Rüstəmin qozluğu

Pensiyada olduğu illərdə o,  kəndimizin yuxarı hissəsində, Uzunmeşə ilə üzbəüz ərazidə, o vaxtın təbirincə desək, Alpan meşəçiliyinin 9 saylı dolayısında yerləşən qoz bağını diqqətindən kənarda qoymayıb. Məlumat üçün bildirək ki, sovet dönəmində, daha doğrusu, ötən əsrin 69-71-ci illərində Rüstəm kişinin rəhbərliyi ilə salınan həmin qoz sahəsi indi də onun adını daşıyır: “Rüstəmin qozluğu”. Əvvəllər bir hektardan ibarət olan həmin qoz bağının ərasisi sonradan 3 hektara çatdırılıb. Hazırda bu əraziyə Rüstəm kişinin oğlu Nəriman nəzarət edir.

Rüstəm kişinin “Katya”sı

Yazının əvvəlində qeyd etdiyim kimi, Rüstəm kişini həmişə at belində görmək olardı. Rüstəm kişinin oğlu Hacı Salman Salmanovun (elə bu yazı da onun qeydlərinə istinadən qələmə alınıb) dediyinə görə, minib gəzdiyi “Katya” adlı (atası ona belə bir ad vermişdi) ağ ata da xüsusi rəğbət bəsləyərdi: “Atam “Katya”sını gümrah saxlayardı. Onun vaxtında qidalanmasına imkan yaradardı.  Bir sözlə, atam atı ilə sanki bir dost kimi rəftar edərdi. Bunun səbəbini soruşanda “Ata dost kimi bax, düşmən kimi çap” deyərdi.

Atam “Katya”nı “Maşmaş, Maşmaş” deyərək səsləyən kimi harada olmasından asılı olmayaraq kişnəyərək yanında hazır olardı. Atamın bir iti də vard. Bu itin də “Katya”ya xüsusi sevgisi vardı. Belə ki, onu həmişə “Katya”nın yanında görmək olardı”.

Haşiyə

Rüstəm kişi ötən əsrin 30-cu illərində həm də aşıq kimi fəaliyyət göstərib. Hətta o, filarmoniyanın (indiki Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası –Q.M.) solisti olub və bir müddət orada çalışıb. Elə 1939-cu ildə əsgərliyə də buradan yola salınıb. Deyilənlərə görə, o bu sənətin sirlərini Qusarda yaşayan bir aşıqdan öyrənib.

 

Hacı Salman haqqında bir neçə kəlmə

Yeri gəlmişkən qeyd edək ki, Salmanov Salman Rüstəm oğlu 10 oktyabr 1948-ci ildə Alpan kəndində anadan olub. 1965-66-cı tədris ilində Alpan kənd orta məktəbini bitirib. 1967-ci ildə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə qəbul olub və 1973-cü ildə bu tədris ocağında təhsilini başa çatdırıb.

Əmək fəaliyyətinə Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda (hazırda Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu adlanır) başlayan Salman Salmanov 1974-cü ildə Sabir adına meyvəçilik sovxozunda meyvəçi-aqronom kimi fəaliyyətini davam etdirib. 1983-87-ci illərdə Quba rayonunun Nərimanov sovxozunun direktoru olub. 1988-ci ildən icarə müqaviləsi ilə sovxozda işləməyə başlayıb. 1990-cı ildə “Qarasu” adlı fermer təsərrüfatı yaradıb. 1994-cü ildə Murad piri ziyarətgahında türbə inşa etdirib, 1994-cü ildə Məkkəyə ümrə (Həcc mövsümü xaricində Kəbəni ziyarət edənlər belə adlanırlar) ziyarətinə gedib. 1998-ci ildə isə o, Həcc ziyarətində olub. 1975-ci ildə İsmayıl kişinin qızı ilə ailə həyatı quran Salman Salmanovun 5 övladı (4 qız, 1 oğlan) var.

“Yeraltı keçid yerini artıq müəyyənləşdirmişəm”

Məlum olduğu kimi, Qalacıq//Qələcuq (“qələ” qala sözünün fonetik dəyişikliyə uğramış formasıdır-Q.M.) ərazisi torpaq bölgüsü zamanı Hacı Salman Salmanovun qismətinə düşüb. Qala termininin toponimiyada “istehkam, şəhər, kənd” mənalarında işləndiyini vurğulayan Hacı Salman e.ə I minilliyə aid olan Qalacıqla bağlı eşitdiklərinə, bildiklərinə əsasən bəzi mətləblərə aydınlıq gətirdi. Dedi ki, kiçik qala, kiçik şəhər, kiçik kənd anlamını verən Qələcuqu bir zamanlar Dərbəndlə birləşdirən yeraltı yol olub: “Mən nəzarətimdə olan ərazidəki həmin yeraltı keçidin yerini artıq müəyyənləşdirmişəm. Amma hələlik bu barədə heç yerə məlumat verməmişəm”. O eyni zamanda vurğuladı ki, Qələcuq zaman-zaman talanlara məruz qalıb: “Bu talançılıq yaxın illərədək davam edib. Yeri gəlmişkən qeyd edim ki, Qalacıqda üzərində qədim yazılar olan 4 metr uzunluğunda 60 sm enində bir başdaşı vardı. Bir zamanlar, daha doğrusu, 70-ci illərdə o daşı Leninqraddan gələn bir qrup arxeoloq Ermitaja aparmaq istəyirdi. Mən onda kəndimizdə aqronom kimi çalışırdım. Briqadir Rəhman, sovxozun direktoru da bu prosesin şahidi olublar. Amma nədənsə  bu, baş tutmadı. Sonradan isə həmin daş birdən-birə yoxa çıxdı. Digər qalan kiçik baş daşları isə pis vəziyyətdədir. Onu da deyim ki, həmin ərazidə aşkar etdiyim əşyaları (küpələr, saxsı qablar və s.) toplayaraq onları mühafizə edirəm. Bütün bunlara rəğmən, elə indi də əgər  bu ərazidə tədqiqatlar aparılsa, nəinki Alpan kəndinin tarixi, hətta Alban tarixi haqqında da dəyərli məlumatlar əldə etmək olar”.

Hacı Salman təcrübə sahəsində
Hacı Salman təcrübə sahəsində

 

“Qəleyçalan” və “Təmrəzlər”in etimologiyaları haqqında bir neçə kəlmə

Fürsətdən istifadə edib Hacı Salmana kəndimizin bir neçə yer adı ilə bağlı  suallar da verdik. O dedi: “Kəndimizə məxsus toponimlərdən biri Dik Qəleyçalandır. Amma nə yazıq ki, bu toponimin anlamı düzgün şərh olunmur. Belə ki, bu toponim qalayçılarla əlaqələndirilir, üstəlik, qalay vurulan yer kimi izah edilir. Amma eşitdiklərimə əsasən deyə bilərəm ki, həmin toponimin qalayla heç bir əlaqəsi yoxdur. Bəri başdan qeyd edim ki, Dik Qəleyçalan indiki Dağlı kəndinin ərazindədir. Həmin ərazi ötən əsrin 80-ci illərinin əvvəlinə kimi bizim kəndə məxsus olub. O ifadənin yaranmasına gəldikdə isə… Onun əmələ gəlməsini 1747-ci ildə Hüseynəli xan tərəfindən Quba xanlığının mərkəzinin Xudatdan Qubaya köçürülməsindən sonra inşa edilmiş Quba qalasında (Qəleyi-Quba) axtarmaq lazımdır. Yəni həmin toponim qələ, kiçiltmə mənasını verən -ça və məkan mənasını verən -lan (isimdən fel düzəldən şəkilçi) komponentlərindən düzəlib. Zaman keçdikcə bu ifadə dilimizdə qəleyçalan kimi formalaşıb. Bir sözlə, həmin yer Quba qalasının yaxınlığındakı dikdə yerləşdiyi üçün belə adlandırılıb. Şübhəsiz, bu sözdəki qala yaşayış məskəni mənasındadır. Qəleyçalanı, həm də qələyə calanan yer anlamında da başa düşmək olar.

Hacı Salman kəndimizdə yer adı kimi təqim olunan Təmrəzlər ifadəsinin şəxs adı ilə heç bir əlaqəsi olmadığını vurğuladı. Bildirdi ki, Təmrəzlər bir neçə, bəzi mənbələrə görə, 7, bəzi mənblərə görə 4 bağdan (Allahverdinin, Əhmədin, Vəlinin…) ibarət olub. Həmin bağlar bir-birindən arakəsmlərlə ayrılıb. Elə Təmrəzlər sözünün etimologiyasını da burada axtarmaq lazımdır”.

Haşiyə

Hacı Salmanın bu versiyası üzərində düşünərkən belə qərara gəlmək olar ki, ərəb dilində mərzarası yer anlamını verən məzrə tarla, bağ bostan və s. sahəsini bir-birindən ayıran xətt, sərhəd deməkdir. Bu mənada cəsarətlə demək olar ki, Təmrəzlər sözü sərhəd, ara barısı, yaxud da mərzarası yol mənalarını özündə ehtiva edən mərz(lər) sözü əsasında formalaşıb. Şübhəsiz, bu ifadənin qarşısındakı təm sözü bütov, lazımi ölçüdə, normada olan mənalarını verən tamdır. Həmin ifadə müəyyən fonetik dəyişikliklərə uğrayaraq Təmrəzlər formasına düşüb. Bir daha xatırladaq ki, -lar,-lər şəkilçiləri əşya məzmunu bildirən sözlərin sonuna artırılıb, qeyri-müəyyən kəmiyyət ifadə etməklə yanaşı, söz yaradıcılığı prosesində iştirak edib yeni sözlər də düzəldə bilir. Bu məqamda şəkilçi qeyri-məhsuldar və leksik səciyyə daşıyır. Məsələn, Ağalar, Bəylər, Şahlar, Xanlar. Çox güman ki, bu oronim məzrə sözündəndir. Həmin yerin coğrafi mövqeyi də bu mənaya uyğundur. Yeri gəlmişkən qeyd edim ki, kəndimizin toponimləri ilə bağlı hazırladığım yazını da bu günlərdə sizin müzakirənizə təqdim edəcəyəm.

Hacı Salman
Hacı Salman

Hacı Salman daha nələr söylədi?

“Qarasular ərazisi vaxtilə mənim babamın – Sərkar kişinin (Salmanov Sərkar Ağagül oğlu. Həcc ziyarətində olduğuna görə sonradan onun adının qarşısına Hacı ifadəsi də əlavə edilib və Hacı Ağagül kimi tanınıb) iqamətgahı olub. Deyilənlərə görə, o,  1 hektarlıq ərazini meşədən, kol-kosdan təmizləyib bağ salıb. Həmin ərazidə bir bulaq olub. Bu bulağın suyu qara olmasına baxmayaraq, içilməli olub. Hətta kənddən gəlib oradan su aparıblarmış. Sonradan genişləndirilmiş həmin ərazinin adı da elə bu bulaqdan götürülüb.

“Ata yeri” barədə də bir neçə kəlmə demək istərdim. Yaşlı adamlardan eşitdiklərimə görə, kəndimizdə Qoca adlı imkanlı bir şəxs olub. O, kəndimizdə torpaq sahəsi çox olan bir şəxs kimi tanınıb. Hətta deyilənlərə görə, satılan torpaq sahələrini alaraq özünün ərazisini 127 hektara çatdırıbmış. Bununla əlaqədar bir zamanlar belə bir deyim də formalaşıbmış: “Göy Allahın, Yer Qocanın”. Sovet hakimiyyəti illərində Qoca kişinin də torpaq sahələri əlindən alınıb. Həmin illərdə Qocanın övladı Əlixanov Qiyasəddin (deyilənlərə görə, o, Rafiq müəllim kimi tanıdığımız (əsil adı Darvin olub) şəxsin atası, Balaqızın həyat yoldaşı olub) uzunmüddətli həbsdən qayıdandan sonra o ərazilərdən söz düşəndə deyib ki, o yerlər mənim atamın yerləri olub. Elə o vaxtdan da həmin ərazidən söz düşəndə oranı “Ata yeri” kimi nişan verməyə başlayıblar. Yəni məhz bu olaydan sonra həmin ərazilər “Ata yeri” kimi tanınmağa başlayıb”.

Qvami Məhəbbətoğlu (Rəsulov)