Kəndimizin “Qara İbrahim”i

0
580

İbrahim kişini kəndimizin ortasından keçən çayın kənarında (oğlu Vahidin evinin böyründə) özü üçü quraşdırdığı çardaqda palıd ağacının üstündə oturmuş görmək olardı. Əksər hallarda bu ağırtəbiətli kişi yaşlı adamlarla dərdləşərdi. Mən onu həmişə qəlyan çəkə-çəkə xəyallara dalan görərdim. Qəlyan demişkən,  qəlyanla bağlı bir əhvalatı da xatırlatmaq yerinə düşərdi. Bir gün rəhmətlik (o, 1977-ci ildə dünyasını dəyişib) İbrahim kişi kənddən xeyli aralıda iş görməyə gedirmiş. Fikir necə güc gəlirsə, birdən yadına qəlyan düşür. Ciblərini, heybəsini axtarır, amma qəlyanının tapa bilmir. Arvadı Çeşmi xanımın qarasına deyinə-deyinə qayıdır kəndə. Həyətə girib arvadını cağırır, başlayır qəlyanı götürməyi yadına salmadığı üçün onu danlamağa. Arvad elə bilir ki, kişiyə nəsə olub. Odur ki, deyir:

– Ay rəhmətliyin oğlu, qəlyan damağında ola-ola o qədər yolu qayıdıb gəlmisən? Daha sənə sözüm yoxdu.

Bu gün əlində olduğu halda bir şeyi axtaran adama: “Rəhmətlik İbrahim kişi ağzında olan qəlyan üçün evə qayıdan kimi sən də əlində olan şeyi axtarırsan”, – deyirlər.

…Bəli, nələr düşündüyünü bilməzdim. Amma hiss olunurdu ki, İbrahim kişi nəyinsə xiffətini çəkir. Hiss olunurdu ki, onda bir deyil, iki şəxsiyyət yaşayır; biri hələ də başından ötən günlərin ab-havası çəkilməmiş adam, biri də sovetə hələ də alışa bilməyən kişi. Bir sözlə, açıq-aydın bilinirdi ki, onun həyatında ikilik var.

 Həmişə məktəbdən qayıdanda yolumun üstündə olan həmin məkandan keçərdim. Təbii ki,  yanından salamsız ötməzdim. Amma İbrahim kişi  mənim ona: “Günortanız xeyir” və yaxud “Axşamınız xeyir” formasında verdiyim salama reaksiya verməzdi. Yəni bu salamımı sükutla qarşılardı. Amma onun niyə mənə qarşı belə rəftar etdiyini  heç nə ilə əlaqələndirə bilmirdim.

Günlərin bir günü bununla əlaqədar atama (o, İbrahim kişiyə dayı deyə müraciət edərdi) şikayətləndim, üstəlik, ərz etdim ki, kəndimizin ağsaqqallarından sayılan İbrahim kişinin yanından keçəndə bir daha ona salam verməyəcəyəm. Qoy o, mənim bu hərəkətimi sənə irad tutmasın. Atam gülərək dilləndi: “Bala, o köhnə kişilərdəndir. Özü də el arasında ona “Qara İbriim” (İbrahim) deyərlər. Bu dəfə onun yanından keçəndə “Səlamun əleykum”, yaxud “Əs-Səlamu əleyküm” (Allah sizə salamatlıq bəxş etsin) deyərsən. Bax gör salamını alır, ya yox?”

Mən ertəsi gün İbrahim kişinin yanından keçəndə atamın dediyi formada ona salam verdim. Sözüm tamam olmamış İbrahim kişinin zəhmli səsi qulaqlarımda cingildədi: “Əleykum əs-Səlam və rahmətullahi və bərakətuhu əbəda” (Allahın salamı, rəhməti və bərəkəti əbədi olaraq sizin də üzərinizə olsun!) Onun cavabından ruhlanıb indiyədək kəlmə belə kəsmədiyim İbrahim kişidən hal-əhval soruşdum. İbrahim kişi: “Kefin yaxşı olsun” deməklə məni özünə yaxınlaşdırmış oldu.

“Axırıncı aşırım”dakı kişi

…Hər dəfə tanınmış rejissor Kamil İbrahimbəyovun Fərman Kərimzadənin ssenarisi əsasında 1971-ci ildə ərsəya gətirdiyi “Axırıncı aşırım” filminə baxanda həmin İbrahim kişi gözlərim önündə canlanır. Bilirsinizmi niyə? Həmin filmin əsas personajlarından biri olan Kərbəlayı İsmayıl var a…İbrahim kişi ona o qədər oxşayır ki. Ədil İsgəndərovun canlandırdığı Kərbəlayı İsmayılın papağı, əynindəki libası da İbrahim kişinin geyimi ilə eynidir. Üstəlik, Kərbəlayı İsmayıl oturuşu, duruşu, baxışları – bütün hərəkətləri ilə də İbrahim kişini xatırladır. Mən hələ qəlyanı demirəm. Hərdən mənə elə gəlir ki, Ədil İsgəndərov şəxsən İbrahim kişini lap yaxından tanıyanlardan biri olubmuş. Əks halda, onun rolu belə inandırıcı alınmazdı. Bəzən də mənə elə gəlir ki, həmin rolu canlandıran məhz İbrahim kişinin özüdür. Sonradan eşitdiyimə görə, İbrahim Xəlilovun da Kərbəlayı İsmayıl kimi sovet quruluşuna heç simpatiyası olmayıbmış. Buna rəğmən o, sonradan taleyin qisməti ilə barışmalı olub.

Nəvəsinin yaddaşından

Bu günlərdə məni düşündürən bəzi suallarla İbrahim kişinin nəvəsi Şakir müəllimə (Xəlil kişinin oğlu) müraciət etdim. O dedi ki, babası 1875-ci il oktyarbrın13-də Alpan kəndinin Culfaçı məhəlləsində (Yeri gəlmişkən qeyd edək ki, kəndimizdə “Culfaçılar icması” da olub) anadan olmuş İbrahim kişi uzun müddət kolxoz sədri vəzifəsində çalışıb. Daha sonra isə Ağsaqqallar Şurasına rəhbərlik edib. Onu da deyim ki, babam kəndin sayılıb seçilən kişilərindən biri olub. Haqq-ədalət tərəfdarı olduğundn hətta kənd sakinləri məsləhət almağa onun yanına gələrdilər. O ki qaldı ona “Qara İbrahim” deyilməyinə: “İbrahim kişi ucaboylu, pəhləvan cüssəli, qaraqabaq, həm də qarabuğdayı idi. Ona görə də onu belə adlandırırdılar”.

Şakir müəllim, həmçinin qeyd etdi ki, namaz əhli olan İbrahim kişi 1918-ci ildə kəndimizə hücum etmiş erməni daşnaklarına qarşı döyüşənlərdən biri olub. Daha doğrusu, ermənilər kəndimizə hücum edəndə onlara qarşı fəal mübarizə aparanlardan biri kimi ad çıxarıb. Amma nədənsə babam bu məsələdən ətraflı söz açmazdı. Görünür, bu da sovetin qadağalarından irəli gəlirdi”.

Haşiyə

Eşitdiklərimə əsasən qeyd edim ki, həmin günlərdə İbrahim kişi at belində kəndə gəlibmiş. Həyətə girəndə görüb ki, ermənilər onun da evini yandırmağa cəhd ediblərmiş. İbrahim kişi odu sönürməklə evini yanğından xilas edibmiş.

…İbrahim kişi təhsilə yüksək qiymət verənlərdən olub. Şakir müəllimin dediyinə görə, elə onun ali təhsil almasında babasının nəsihətləri önəmli rol oynayıb: “Babam həmişə mənə deyərdi: “Bala, oxu, müəllim ol. Kəndin uşaqlarına elm ver”. Qeyd edək ki, Şakir Xəlilov Azərbayan Dövlət Univesitetinin (Bakı Dövlət Universitetinin) kimya fakültəsini bitirib və uzun illər kəndimizin məktəbində kimya fənnini tədris edib. O, indi pensiyaçıdır.

Son

Əli müəllimin oğlu Neman Qədirbəyli xatirələrinə əsasən bildirdi ki, bir zamanlar BDU-nun filologiya fakültəsinin tələbələri onun səsi ilə nağılları, bayatıları da lentə alıblar: “Hərdən məktəblərdə Alpan ləhcəsindən söz düşəndə həmin materiallardan istifadə olunardı”.  

Yeri gəlmişkən, İbrahim kişinin 3 oğlu (Xəlil, Vahid, Rəşid) və bir qızı (Reyhan) olub. Onun böyük oğlu Xəlil kişi qoyunçuluqla məşğul olub. O, ötən əsrin 60-cı illərində baş çoban kimi “Şərəf nişanı” ordeninə layiq görülüb. O biri oğlanları isə mexanizator kimi tanınıblar.

Qvami Məhəbbətoğlu (Rəsulov)