Kəndimizin boynu qalstuklu Firəngizi…

194

 

“О, gözəl, girdəsifət gənc bir qızdı; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, incə dоdaqları vardı”. Yəqin, xatırladınız. Sözlə portret yaratmaqda çox mahir olan Cəfər Cabbarlı “Firuzə” hekayəsində əsərinin qəhrəmanını, yəni Firuzənin portretini oxucunun gözləri önündə belə canlandırmışdı. Söz açacağım Firəngiz xanım Nəzirova mənim yaddaşıma Firuzə kimi həkk olunduğundan onu digər ştrixlərlə sizə təqdim etməyə lüzum görmədim.

Bəli, bacarığı, təşkilatçılığı, şagirdlərlə ünsiyyət qurmaq qabiliyyəti ilə seçilən bu xanım sovet dönəmində məktəbimizdə (Yuxarı məktəbdə) fəaliyyət göstərərdi. Yadımdadır, o zaman uşaqlar, o cümlədən mən ayağımızın altına daşlar qoyub sinif otaqlarına pəncərələrdən boylanmaqla  boynu qalstuklu, daha doğusu, həmişə  boynunda qırmızı pioner qalstuku gəzdirən Firəngiz xanıma, həmçinin onun təşkil etdiyi tədbirlərə “göz qoyardıq”. O, hərdən bizi pəncərədən boylanan görəndə nəvazişlə deyərdi: “Belə olmaz…”

Günlərin bir günü isə o məni Yuxarı məktəbdəki otağına aparıb (səhv etmirəmsə, onun otağı Yuxarı məktəbin zalının sol tərəfində idi) bir döş nişanı da hədiyyə etmişdi. O hədiyyəni bir müddət qoruyub saxlasam da, sonradan birdən-birə yoxa çıxdı. Bu “itkiyə” görə hönkür-hönkür ağlamağım indiki kimi yadımdadır.

Yeri gəlmişkən qeyd edim ki, o zaman şagirdlər orta məktəb illərində pilləli şəkildə təşkilatlarda (öncə oktyabryat, sonra pioner, daha sonra komsomol) təmsil olunardılar. Bu təşkilatlarda əsasən sovet ideologiyası təbliğ edilərdi. Firəngiz xanım bu təşkilatlardan birinə, yəni oktyabryat və komsomol arasında aralıq mərhələki pioner təşkilatına rəhbərlik edərdi, daha doğrusu, məktəbin pioner baş dəstə rəhbəri idi. Atamın ötən əsrin 60-cı illərinin sonunda rayon mətbuatında dərc etdirdiyi “Baş dəstə rəhbəri” adlı məqaləsinə istinadən qeyd edim ki, məktəbdə təlim-tərbiyənin təşkilində o, pedaqoji kollektivə yaxından kömək göstərərdi: “Məhz buna görə də baş dəstə rəhbərinin təkcə məktəbdə deyil, həm də kənd zəhmətkeşləri arasında böyük hörməti vardır… Məktəbin müəllimləri özlərinin yaxın köməkçiləri olan F. Nəzirovanı respublika müəllimlərinin qarşıdakı V  qurultayına nümayəndə seçmişlər”.

Haşiyə

Ola bilsin ki, kimlərsə məni bu mövzuya müraciət etməyimi totalitar sovet rejiminin təbliği kimi başa düşərlər. Amma əslində məsələ başqa cürdür. Bütün bunlar o qədər də uzaq olmayan o dövrə əgər belə demək mümkünsə, ekskursiya etməyimdən, başqa sözlə desək, Firəngiz xanımı xatırlamağımdan irəli gəlir. Amma bu, bir həqiqət idi ki, həmin təşkilatlar  uşaq və gənclərin şəxsiyyət, vətəndaş olaraq yetişdirilməsində, onların intellekt səviyyəsinin yüksəldilməsində, zərərli vərdişlərdən xilas olunmasında misilsiz rol oynayırdı.

arxada soldan - Tərlan Nəzirov, Tərlanın anası Şəfiqə xanım, atası İmam kişi və Firəngiz xanım. Ön sırada dayananlar: Fatma xanım və İmam kişinin qızı Reyhan xanım.
arxada soldan – Tərlan Nəzirov, Tərlanın anası Şəfiqə xanım, atası İmam kişi və Firəngiz xanım. Ön sırada dayananlar: Fatma xanım və İmam kişinin qızı Reyhan xanım.

 

İmam kişinin baçısı    

Hazırda Türkiyədə yaşayan, 5 kitab müəllifi olan Tərlan Nəzirin sözlərinə görə, babası Mehdi Nəsrəddin oğlu Nəzirovun (Bəzi sənədlərdə soyadı Nəsrəddinzadə kimi qeyd olunub) həyat yoldaşı Pəlvər Əlosman qızı vəfat etdikdən sonra o, Ağagül kişinin ərindən boşanmış qızı Fatma xanımla (Ənvər müəllimin bibisi) ailə qurub və izdivacdan 3 övlad (Tofiq, Leyla və Firəngiz) dünyaya gəlib.

Bu mənada Firəngiz xanım Tərlan Nəzirin atası İmam kişinin atadan bir, anadan ayrı bacısı olub. Firəngiz anası Fatma xanımla birgə yaşayıb.  Evləri  indiki Əlağanın (bərbər Cəlil kişinin qardaşı) evinin yerində olub. Oranı satıb Dumallar məhəlləsində, Sədullanın evinin qarşısında ev tikiblər. Sonradan həmin  evi Vəli kişinin oğlu Mətləbə satıb Xaçmaza köçüblər.

Yaddaşlardan

Haçı Nəzakət Qumalat qızının xatirələrindən: “Firəngiz xanım olduqca saf, mehriban bir qadın kimi yaddaşıma həkk olunub. Həyat onu hələ uşaqlıq və yeniyetməlik illərindən öz biliyinə və iradəsinə arxalanmağı öyrətmişdi. Çox güman ki, valideyninin “özünə güvən” sözləri onun inamını və qətiyyətini birə-beş artırmışdı. Həyatın ortaya atdığı problemlər onu ruhdan salmamış, iradəsini, inamını sarsıda bilməmişdi.. Bir sözlə, həyat imtahanlarından alnıaçıq çıxmışdı. Onu  anam Rəhim xanımla tez-tez bir yerdə görərdim.  Onların bu mehribançılığından mənə də pay düşərdi. Belə ki, mən onların Dumallar məhələsindəki evlərinə hərdən gedib-gələrdim. Onu da deyim ki, onların evi bir otaq, bır də mətbəxdən ibarət idi. Amma çox səliqəli idi. Həyətlərindəki gül-çıçək isə adama gəl-gəl deyirdi”.

.Fəzilə Fərzəliyevanın yaddaşından: “O bizim qonşuluğumuzda yaşayıb. Xanım-xatın bir qız idi. Hətta mən onu təhsil ocağına yaraşan bir xanım adlandırardım. Şəxsən mən onun rəhbərliyi altında pioneer sıralarına qəbul olunmuşam. Məktəbimizdə çalışdığı qısa müddətdə hamının hörmətini qazanmışdı”.

Firəngiz xanım və qızı Sevda xanım
Firəngiz xanım və qızı Sevda xanım

 

Tərcümeyi-halından sətirlər        

…Alpan kəndində dünyaya göz açmış Firəngiz Nəzirova Quba şəhərində orta məktəbi bitirəndən sonra Pioner Baş dəstə rəhbərləri məktəbinə daxil olub. 1962-ci ildə 12 nömrəli sovxozdakı (indiki Zərdabi qəsəbəsi) səkkizillik məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyət göstərib. 1964-cü ilə qədər burada çalışan Firəngiz xanım rayon xalq maarif şöbəsinin əmri ilə Alpan kəndində elə bu sahə üzrə fəaliyyətini davam etdirib. 1965-ci ilə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində təhsil alan Firəngiz xanım Tərlan Nəzirin sözlərinə görə, bir zamanlar Qubada şəhər sovetində işləmiş Səkinə xanım Babayevanın direktor olduğu məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyətini davam etdirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Hacımurad Yusifovla (İmam kişinin bibisi oğlu) ailə həyatı quran Firəngiz xanım həyat yoldaşının Xaçmaz rayon Mədəniyyət evinə təyinat alması ilə əlaqədar (o, sonradan raykomda partkomissiyanın sədri çalışıb) iş yerini dəyişib və Xaçmazdakı 1 nömrəli  orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. 4 övlad (Şamil, Yusif, Sevinc, Sevda) atası olan Hacımurad 1996-cı ildə ürək tutmasından,  Firəngiz xanım isə 2004-cü ildə  mədə xərcəngindən dünyasını dəyişib.

Atamın (Məhəbbət Rəsulovun) Firəngiz xanım haqqında yazdığı yazı
Atamın (Məhəbbət Rəsulovun) Firəngiz xanım haqqında yazdığı yazı

 

Son

Eşitdiyimə görə, xoşbəxt o insandır ki, xəyalən yaşanmış illərə dönəndə xatırlamağa nələri isə tapır. Bilmirəm, sağlığında Firəngiz xanım müəyyən bir yaşa çatanda dönüb arxaya, keçdiyi ömür yoluna nəzər salanda “İllər, səndə nəyim qaldı?” deyibmi, ya yox? Şübhəsiz, bu suala cavab vermək çətindir.  Amma mən birmənalı şəkildə deyirəm ki, Firəngiz xanımdan illərdə nələrsə qalıb. Əgər qalmasaydı, mən belə bir yazı yaza bilərdimmi? Əsla, yox.

Qvami Məhəbbətoğlu (Rəsulov)

Hacımurad Yusifov və Firəngiz Yusifova
Hacımurad Yusifov və Firəngiz Yusifova
Hacımurad Yusifov, Firəngiz xanım və qardaşı oğlu Telman Nəzirov (Moskva Dövlət Universitetinin məzunu)
Hacımurad Yusifov, Firəngiz xanım və qardaşı oğlu Telman Nəzirov (Moskva Dövlət Universitetinin məzunu)