Kənd turizmindən pul qazanmaq üçün yeni imkan: evlər müəyyən ediləcək

472

“Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi məqsədi ilə tədbirlər planı hazırlanacaq”. Yeniavaz.com saytı “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə istinadən məlumat verir ki, tədbirlər planı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanacaq.
Tədbirlər planına əsasən, kəndlərdə mövcud olan bir sıra ənənələrin təbliğatı (məsələn, çörəkbişirmə, xalçaçılıq və s.) məqsədilə qısamüddətli kurslar təşkil ediləcək, eləcə də ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi üzrə tədbirlər görüləcəkdir: “Bunun üçün, ehtiyac yaranarsa, bu prosesə yerli və xarici ekspertlərin cəlb olunması da nəzərdə tutula bilər. Turistlərin yerləşdirilməsi məqsədilə müvafiq kənd evləri də müəyyən ediləcək, həmin kənd evlərində təmirbərpa işlərinin aparılması, kənd icmalarında turistlərin qəbulu və xidmətlərin təşkili ilə əlaqədar təlimlərin keçirilməsi, eləcə də həmin kəndlərin sakinlərinə vergi ödəmək vərdişlərinin aşılanması məqsədilə maarifləndirmə işinin aparılması üçün, dəstək tədbirləri görüləcək. Kənd evlərində minimum tələblərin təmin olunması ilə əlaqədar standart hazırlanacaqdır”.
Sənəddə bildirilir ki, layihədən, ilk növbədə, kənd evi sahibləri və turistlər faydalanacaqlar. Lakin layihənin reallaşdırılması ilə daha geniş auditoriya kütləsi, o cümlədən turistlərə birbaşa xidmət göstərən (məsələn, bələdçilik, nəqliyyat, ov və s.) digər kənd sakinləri, turistlərin ehtiyaclarını ödəmək üçün ərzaq və suvenir hazırlayan xidmət sahələri də fayda əldə edəcəkdir. Kənd sakinləri arasında mütəşəkkilliyin və sahibkarlıq vərdişlərinin artması ilə onların aktiv həyat tərzinə keçməsi və fəaliyyəti nəticəsində kəndlərdə infrastrukturun yaxşılaşdırılması, kənd sakinləri üçün daimi iş yerlərinin yaradılması, məşğulluğun artmasına nail olunacaq ki, bu da öz növbəsində, kəndlərdə maddi rifah səviyyəsinin yaxşılaşmasına, biznes vərdişlərinin formalaşmasına və insanların sosial vəziyyətinin yüksəlməsinə səbəb olacaqdır: “Bununla bərabər, hər bir şəhər və rayon barədə yerli və xarici turistlərdə müsbət rəy formalaşdırılacaq. Milli parklarda yerli əhalinin turizm fəaliyyətindən bəhrələnməsi təmin ediləcək, ətraf mühitin qorunmasına şərait yaradan yeni turizm məhsulları yaradılacaqdır”.
Nicat