Kənd turizmi gəlir mənbəyi deməkdir

0
544
Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biri də turizmdir. 
Ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə turizm sektorunun inkişafı üçün münbit şərait yaratdı, beynəlxalq turizm bazarına inteqrasiyanın əsasını qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin  “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etməsi bu sahəyə ölkə başçısının verdiyi önəmin nəticəsidir. 2011-ci ilin “Turizm ili” elan edilməsi də bu sahənin ölkə iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevrilməsi işlərini sürətləndirib. Qeyd edək ki, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda kənd turizminin (yaşıl turizm) inkişaf etdirilməsi və perspektivləri də ön plana çəkilib. Ölkəmizdə kənd turizminin hazırkı vəziyyəti və potensialı haqqında mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.

 “Azərbaycanda kənd turizminin inkişaf potensialı böyükdür”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, kənd turizmi Azərbaycanda son illərdə daha çox inkişaf etməyə başlayıb. Onun sözlərinə görə, Azərbaycanda kənd turizminin inkişaf potensialı böyükdür: “Kəndlərimizin çoxu dağlıq ərazilərdə yerləşir. Buna görə də kəndlərimiz gözəlliyi ilə turistlərin diqqətini çəkir”. Artıq müəyyən bölgələrdə yerli icmaların təşəbbüsü ilə turizmin inkişafına dəstək verən müəyyən qrupların yaradıldığını və fəaliyyət göstərdiyini dilə gətirən M. Qəhrəmanov kənd turizminin inkişafı ilə bağlı işin xeyrinə olan bütün təşəbbüslərin dəstəkləndiyini söylədi: “2005, 2006 və 2007-ci illərdə regionlarda kənd turizmi ilə bağlı treninqlər keçirdik. Xalqı kənd turizmi haqqında maarifləndirmək məqsədilə 2007-2008-ci illərdə “Kənd yaşıl turizmi” jurnalı dərc olundu”. Nazirlik rəsmisi onu da əlavə etdi ki, ölkəmizdə kənd turizminin inkişafına təkan vermək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyi təsis edilib. M. Qəhrəmanovun sözlərinə görə, kənd turizminin inkişafı bölgələrin inkişafına da gətirib çıxaracaq: “Kənd turizminin inkişafı kənd camaatı üçün yeni iş yerlərinin açılmasına gətirib çıxarır ki, bunun da nəticəsində gənclərin iş üçün Bakıya gəlmələrinin qarşısı alınır. Bundan başqa, kənd turizminin inkişafı bölgələrdə kiçik sahibkarlıq fəaliyyətlərinin çoxalmasına da şərait yaradır”.

Mədəniyyət və Turizm Nazirliyinin kənd turizmi sahəsində fəaliyyət göstərən sahibkarlara, şirkətlərə maliyyə dəstəyi verilməsi istiqamətində təşəbbüslərinin olmasını da dilə gətirən Mahir Qəhrəmanov, hələlik, hökumətlə bununla bağlı bir razılığın olmadığını dedi. Kənd turizminin inkişaf etdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiklərini bildirən müsahibimiz bu sahədə turizm şirkətləri və bələdiyyə orqanları tərəfindən maariflənmə işlərinin aparılmasının önəmindən də danışdı.

 “Yox səviyyəsindədir”

Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərindən olan RVS Turizm Şirkətinin əməkdaşı Ülvi Sultan mövzumuzla bağlı suallarımıza cavab olaraq bildirdi ki, Azərbaycanda kənd turizmi, demək olar ki, yox səviyyəsindədir: “Bu sahədə çatışmazlıqlar çoxdur. Bizdə kənd turizmi haqqında vətəndaşlarımızın düşüncəsi doğru deyil. Kəndlərə gedən əksər insanlar meşədə quzu kəsib yeməyi, sonra da gəlib yatmağı istirahət hesab edirlər”. Onun sözlərinə görə, vətəndaşlarımızın kənd turizminə bu cür yanaşması onun inkişafına mane olur. Ü. Sultan kənd turizmi ilə bağlı dünya təcrübəsindən də danışdı: “Turizm inkişaf etmiş ölkələrdə kənd turizmi deyildikdə, insanların ağlına “özün ək, özün becər, özün topla” düşüncəsi gəlir. Onlar kəndlərə bizdəki kimi yeyib-yatmağa yox, əsl kənd həyatı yaşamağa, şəhərin stresindən uzaqlaşmağa gedirlər. Buna görə də turizm şirkətləri turistlər üçün kəndlərdə geniş xidmətlər hazırlayıb, servis edirlər”. Turizm sahəsi üzrə kadrların az və ya keyfiyyətsiz olmasından da danışan Ü. Sultan qeyd etdi ki, bu problem də ümumilikdə turizm, xüsusən də kənd turizminin inkişafına mane olur: “Turizm sahəsi üzrə mütəxəssis çox azdır. Ona görə də şablonlardan kənara çıxa bilmirik. Azsaylı, keyfiyyətli kadrlarla da ciddi uğur əldə etmək mümkün olmur. Kənd turizmi bazarını yarada biləcək potensialı olan mütəxəssislərin sayı yox səviyyəsindədir”.

“Maliyyə dəstəyi lazımdır”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da bildirdi ki, ölkəmizdə kənd turizminin mövcud vəziyyəti qənaətbəxş deyil: “Kənd turizminin inkişafına maliyyə dəstəyi lazımdır. Kənd yerlərində evlər bərpa olunmalı, o evlərin turistləri qəbul etməsi üçün müəyyən şərait təmin olunmalıdır”. M. Ağakərimov bildirdi ki, birinci növbədə kənd həyatını yaxşı bilən mütəxəssis hazırlanmalıdır: “Bizdə hələ ki belə bir mütəxəssis yoxdur. Hazırda turizm institutunda kənd turizmi ilə bağlı mühazirələr oxunur. Ölkəmizdə kənd turizminin inkişafı üçün təbii şərait var. Azərbaycanın gözəl iqlimi mövcuddur, təbiəti gözəldir. Amma iradə yoxdur. Kənd turizmi İtaliya, Avstriya, Fransa və Almaniya kimi ölkələrdə çox güclü inkişaf edib”. Müsahibimiz bildirdi ki, kənd turizminin inkişafı üçün kəndlərdə infrastrukturun da yaradılması önəmlidir: “Son illərdə Azərbaycan ərazisində infrastrukturun qurulması istiqamətində böyük işlər görülüb. Kəndlərin qaz, su, elektriklə təmin olunması, yolların çəkilməsi bu sahənin inkişafında mühüm rol oynayır. Avropa ölkələrində kənd turizmi ona görə yaxşı inkişaf edib ki, onlarda infrastruktur yaxşıdır”. Müsahibimizin sözlərinə görə, ölkədə kənd turizminin inkişafı üçün planlaşdırılmış layihə lazımdır. Təbiətin qorunması və sanitariya ilə bağlı maarifləndirmə də əsas şərtlərdəndir. Onun sözlərinə görə, Azərbaycanda kənd turizminin imkanları çox genişdir: “Bəzi insanlar üçün kənd həyatında inəklər otlaqlara necə yola salınır, təndir çörəyi necə bişirilir, Göyçayda nar necə yığılır və s. kimi işlər çox maraqlıdır. Kənd turizmi sahəsindəki dünya təcrübəsinin ölkəmizdə tətbiqi işlərinə başlanılmalı və bu işə mütəxəssislər cəlb olunmalıdır”. Avropa turistlərinin kənd turizminə marağının böyük olduğunu dilə gətirən müsahibimiz onu da əlavə etdi ki, bu sahənin inkişafı ölkəmizə turist marağının da artmasına gətirib çıxarar. M. Ağakərimov onu da qeyd etdi ki, ölkəmizdə turizmin inkişaf etməsini istəyiriksə, turizm növlərinin və xidmətlərinin sayı artırılmalıdır: “Son vaxtlarda qış turizmi komplekslərinin yaradılması ölkəmizdə turizmin inkişafına böyük təsir etdi. Ümid edirəm ki, kənd turizminin də inkişafı ölkəmizdə turizmin inkişafına böyük dəstək olacaq.

“Kənd turizmi çox ehtiyac duyulan turizm növlərindəndir”

Suallarımızı cavablandıran “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Qəhrəman Yusupov bildirdi ki, kənd turizmi çox ehtiyac duyulan turizm növlərindəndir: “İstirahət etmək, şəhərin hay-küyündən uzaq qalmaq istəyənlər regionlara üz tuturlar. Amma kənd qonaq evlərinin sayının azlığı, kənd evlərinin şəraitinin yaxşı olmaması ucbatından onlar yenə də otellərdə qalmalı olurlar. Aydındır ki, otellərin daxili nizam-intizam qaydaları var. Misal üçün, filan vaxtı səhər yeməyidir, filan vaxtı oyanmaq lazımdır və s. Bütün bunlar turistin istəmədiyi şeylərdir. Ona görə də turistlər rayonlara gedib, otellərdə qalmaqdansa kənd- qonaq evlərində qalmağa daha çox üstünlük verirlər”. “Amma kənd-qonaq evlərinin müştəri tapması üçün gərək normal şəraiti olsun”,- deyən müsahibimiz qeyd etdi ki, turist birinci növbədə rahatlıq istəyir. Q. Yusupovun sözlərinə görə, son vaxtlar bu sahədə ciddi irəliləyişlər nümayiş olunur: “Artıq regionlarda vətəndaşlarımız həyətlərində turistlərə kirayə vermək üçün hər cür şəraiti olan evlər tikirlər. Bu da sevindirici haldır. Çünki bu turizm növünün inkişafı əhali üçün yeni məşğuliyyət sahələri yaradır. Beləliklə də, kənd sakinlərinin iş-güc üçün ailələrindən uzaq qalmalarına ehtiyac qalmır. Bütün bunlar kənd turizminin önəmini artırır”.

“Atla gəzinti, balıq ovu, meşə gəzintiləri”…

Kənd yaşıl turizminin digər bir üstünlüyündən danışan Q. Yusupov söylədi k, turistlərin kənd-qonaq evlərinin sahibləri ilə xidmətləri öz aralarında razılaşdırması və istirahətini özü planlaşdırdığı kimi keçirməsi kənd turizminə olan marağın artmasına səbəb olur. Adıçəkilən ictimai birliyin fəaliyyət planı haqqında da məlumat verən müsahibimiz kənd-qonaq evlərinin sahiblərinin işinin, xidmət səviyyəsinin standartlarını müəyyən etməyin vacibliyini bildirdi, turistlərə kəndlərdə istədikləri evə elektron formada baxıb sifariş vermək və s. imkanların yaradılmasının əsas məqsədləri olduğunu dilə gətirdi: “Kənd-qonaq evlərinin sahiblərinə işlərini səmərəli təşkil etmələri üçün treninqlər keçirmək də məqsədlərimizdən biridir. Çünki kənd turizmi təkcə yeyib-yatmaqdan ibarət deyil. Belə olan halda, turist bir-iki gündən sonra darıxacaq. Ona görə də kənd-qonaq ev sahibləri əlavə servis vermək iqtidarında da olmalıdır. Misal üçün, atla gəzinti, balıq ovu, meşə gəzintiləri və s”.

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here