Kənd təsərrüfatında “avqust müəmması”

511
Məlum olduğu kimi, ötən ayın əvvəlindən başlayaraq bazarlarda meyvə-tərəvəzin qiyməti kəskin şəkildə bahalanıb. Müstəqil ekspertlərin əksəriyyəti bahalanmaya əsas səbəb kimi yerli məhsulların Rusiya bazarlarına göndərilməsini göstərirlər. 
Bildiyimiz kimi Qərb ölkələri Ukraynada baş verənlərə görə Rusiyaya sanksiya tətbiq ediblər. Rusiya isə buna cavab olaraq Qərb ölkələrindən idxal olunan meyvə-tərəvəzə qadağa qoyub. Eyni zamanda daxili tələbatı ödəmək üçün digər ölkələrdən, xüsusilədə qonşu dövlətlərdən gətirilən meyvə-tərəvəzin sərhəddən asanlıqla keçməsi üçün hər çür şərait yaradıb. Belə olan halda da Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi artıb. Bu isə yerli bazarda məhsul qıtlığı yaradıb ki, bundan istifadə edən işbazlar da qiymətləri qaldırıblar. Lakin rəsmi qurumlar bəyan edirlər ki, ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixrac həcminin çoxalmasına görə bahalaşmasına dair yayılan fikirlər əsassızdır. Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamada bildirilirdi ki, mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə kifayət qədər aşağı olub. Nazirliyin açıqlamasında göstərilirdi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin iyul ayında kələm 25, soğan 21, sarımsaq 15, xiyar 13, alma 21, çiyələk 12, alçanın qiyməti isə 10% ucuz olub. Açıqlamada daha sonra qeyd olunur ki, Rusiya bazarına ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir kimi çıxış edib, KİV-lərdə səsləndirilən və daha çox subyektiv mülahizələrə əsaslanan informasiyalar da bu psixoloji təsirin artmasında əsaslı rola malik olub. Ötən gün Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan məlumatda isə, bahalanmanın tamam fərqli səbəblərdən baş verdiyi qeyd olunur. Əgər Kənd Təsərrüfatı Nazirliyi qiymət artımının psixoloji təsirlərə bağlı olduğunu irəli sürürdüsə, Statistika Komitəsi bunu kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin bahalanması ilə izah edib. Komitədən bildirilir ki, avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6% bahalanıb. Məlumatda qeyd olunur ki, ötən ay birillik bitkilərdən xiyarın istehsalçı qiyməti 55,9%, qarpızın 32,1%, lobyanın 24,4%, pomidorun istehsalçı qiyməti isə 21,2% bahalanıb. Açıqlanan rəqəmlərdən də görünür ki, sadalanan məhsulların istehsalçı qiymətlərində ciddi artım baş verib. Hansı ki, Rusiyaya da əsasən bu məhsulları ixrac edirik. Buradan belə nəticə çıxarmaq olar ki, topdan və pərakəndə satış bazarlarında müşahidə olunan bahalanmanın səbəbi kimi məhsulların istehsalçı qiymətlərinin artması göstərilir. Bəs görəsən, iyul ayında qiymətlər mövsümə uyğun, həttə ötən illə müqayisədə daha ucuz olduğu halda avqust ayında istehsalçı qiymətlər birdən-birə niyə bu qədər yüksəldi? Yuxarıda adları sadalanan birillik bitkilərin istehsalçı qiymətləri əvvəllər avqust ayında heç vaxt bu səviyyədə bahalanmayıb. Havaların mövsümə uyğun keçdiyini, yanacağın, gübrənin bahalanmadığını nəzərə alsaq o zaman istehsalçı qiymətlərin niyə bu qədər artığı başa düşülmür. Məsələn, hər kəs yaxşı bilir ki, şaftalının qiyməti ən çox avqust ayında ucuzlaşır. İndiyə qədər açıqlanan rəsmi statistika da bunun belə oduğunu təsdiqləyib. Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin avqust ayında şaftalının istehsalçı qiyməti əvvəlki ayla müqayisədə 11,8% ucuzlaşıb. Şaftalının istehsalçı qiyməti 2012-ci ilin avqustunda 13,7%, ötən ilin avqustunda isə 2,2% aşağı düşüb. Lakin, bu ilin avqustunda birdən-birə şaftalının istehsalçı qiyməti 12,8% bahalanıb. Digər məhsulların qiymətində də analoji vəziyyət müşahidə olunmaqdadır. Ümid edirik ki, müvafiq qurumlar kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin niyə bu qədər bahalandığını izah edə biləcəklər.  

Allahverdi Cəfərov