“Kənd təsərrüfatı ili” qeyri-neft sektorunun inkişafı ilə yadda qalacaq

“Kənd təsərrüfatı ili” elan edilməsində məqsəd aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək və sairədir.
Prezident İlham Əliyev yanvarın 12-də 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda o da vurğulanıb ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsində məqsəd kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı respublikamızda ötən il qeyri-neft sektorunun 7 faiz artdığını vurğulamışdı: “Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcək. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”. İclasda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdi ki, hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır.

Mövzu ilə bağlı iqtisadçı alim Vüqar Bayramov dünən qəzetimizə verdiyi açıqlamasında “Kənd təsərrüfatı ili”ndə hansı yeniliklərin həyata keçirilməsinə ehtiyac olduğunu nəzərə çatdırıb: “Birincisi, subsidiyaların müəyyənləşdirilməsi və verilməsi prosesində şəffaflığın gücləndirilməsinə ehtiyac var. İkincisi, subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi lazımdır. Üçüncüsü, korporativlərin, klasterlərin yaradılması prosesinin sürətləndirilməsi vacibdir. Dördüncüsü, məhsul istehsalının planlaşdırılması və proqnozlaşdırılması üçün təhlil və məsləhət xidmətinin həyata keçirilməsi vacibdir.

Beşincisi, fermerlərə ixrac subsidiyası verilməlidir. Altıncısı, aqroparkların yaradılması prosesi sürətlənməlidir. Yeddincisi, “elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılmasının sürətləndirilməsi vacibdir. Səkkizincisi, xarici investorlarla birlikdə ölkəmizdə kənd təsərrüfatı texnika və avadanlıqlarının istehsalının həyata keçirilməsinə ehtiyac var. Doqquzuncu, aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasının təmin edilməsi üçün aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkili zəruridir”.

 

Nicat İntiqam