Kənd qəbiristanlıqlarındakı “şəhərlilər”

Sovet dövründə kənd, rayon yerlərində zavod və fabriklər, bir sözlə, iş yerləri kifayət qədər olduğundan insanlar şəhərə o qədər də meyl göstərmirdilər. Yəni əksəriyyət öz doğulduğu yurdda yaşayır, işləyir və beləcə, öz ömrünü yaşayırdı. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra vəziyyət bir qədər dəyişdi. Az qala kəndlərdə yaşayan əhalinin yarı hissəsi iş və dolanışıq dalınca Rusiyaya və ya ölkəmizin müxtəlif şəhərlərinə üz tutdular. Hazırda bölgələrdə yaşayanlar iş dalınca ən çox Bakıya üz tuturlar.

Bu mövzumuz isə kənddə, rayonda doğulan və uzun illər başqa şəhərlərdə yaşayan, lakin dünyasını dəyişəndən sonra kənddə dəfn olunanlar haqqındadır. Şəhərdə yaşayanlar, ölənə yaxın isə vəsiyyət edərək “məni öz kəndimdə, rayonumda dəfn edin” deyənlər görəsən, niyə belə edirlər? Bunun səbəbi nədir? El dili ilə desək, bu insanları torpaqmı çəkir, yoxsa qocaldıqca insanlar daha həssas olurlar, ona görə?

“Şəhərlə kəndimiz arasında

körpü kimiyəm”

Mövzu ilə bağlı suallarımızı cavablandıran “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə dedi: “İnsanın uşaq vaxtı belə demək olarsa, “maya tutduğu” yaş dövrü var. Kənddə doğulanlar həmin dövrü məhz orada keçirlər. Sonradan insanlar müəyyən səbəblərdən şəhərlərə üz tuturlar. Amma insan hara getsə də, harada yaşasa da mütləq doğulduğu, yeri unutmur, yaddan çıxarmır. Bəlkə havasındandır, bəlkə suyundandır, bəlkə doğmalarının çoxunun orada yaşaması ilə əlaqədardır, bəlkə torpaq insanın ruhunu çəkir ondandır, dəqiq deyə bilmirəm. Bəlkə mən də şəhərdə doğulsaydım, kəndi arzulamazdım. Yeri gəlmişkən deyim ki, mən 50 ildir kəndimizdən kənardayam, şəhərdə yaşayıram, amma nə şəhərli ola bilirəm, nə də kəndli. Şəhərlə kənd arasında körpü kimiyəm. Rəngli yuxularımı da məhz kəndimizlə bağlı görürəm. Yaşa dolduqca doğulduğu yurd, doğulduğu yer insanı daha çox çəkir. Yenə deyirəm, bunun səbəbini konkret bir məqamla əlaqələndirmək çətindir…”.

Psixoloqun fikrincə…

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov sualımıza belə cavab verdi: “Mənim fikrimcə, bu, insanlardakı həssaslıqdan irəli gəlir. Bu insanların bir çoxu həm də unudulmaq istəmirlər. Şəhərdə qaynar həyata düşən, başı qarışan insanlar zaman keçdikcə həyatın fani olduğunun fərqinə varırlar. Necə deyərlər, özlərinə qayıdırlar, özlərinə. Ona görə də, bu tip insanlar doğmalarının yanında dəfn olunmalarını istəyirlər. Bununla qismən də olsa onlardan bir müddət ayrı qalmalarının “günahkarlıq hissini” yumağa çalışırlar”.

“Bu həm də insanın aradan nə qədər illər ötsə də öz doğulduğu yurdu unuda bilməməsi anlamına gəlirmi?” sualımıza psixoloqun münasibəti belə oldu: “Əlbəttə, həmin anlama gəlir. Yəni bir səbəb də bundan qaynaqlanır”.

“Gənclik xatirələri əl yelləyib

geri çağırır insanı – yurduna”

Suallarımı Respublika Ağsaqqallar Şurasının mətbuat xidmətinin rəhbəri, şairə Şərafət Şəfaya da ünvanladım. Cavaba keçməzdən öncə həmsöhbətimdən soruşdum ki, onu oxuculara necə təqdim edim? Yarızarafat, yarıgerçək belə cavab verdi: “Sadə bir kəndçi qızı, uşaqlıqda ağacların başında oynayan, sıldırımlara dırmaşmağı sevən, bu yaşda da kəndə çatan kimi yelləncəyə cuman xanım yaz”.

Mövzumuzun əsas sualına isə şairənin cavabı belə oldu: “Kənd! Bizim ruhumuz, ilk və son mənzilimiz, doğmalarımızın ruhunun dolaşdığı məkan. Bir də şəhərdə yaşamağa məcbur edən səbəblər… Sizin sualınızdakı “həssaslıq və torpaq çəkir” məsələsini də bura qatsaq, fikirlər formalaşır. İnsan cəmiyyətdəki kənd və şəhər mühitinin fərqini hiss etdikcə öz yurduna can atır. Həm də orada uşaqlıq, gənclik xatirələri əl yelləyib geri çağırır insanı – yurduna. Özümə gəlincə, belə deyim – mən sadə bir kənd qızı olduğum üçün kəndimi daha çox sevirəm. Mən orada canımı təslim edib, öz doğmalarım arasında uyumaq istəyərəm”.

Fəlsəfə elmləri doktoru, yazıçı-dramaturq Firuz Mustafanın sualımıza cavabı belə oldu: “Yəqin ki, son ünvanla bağlı hərənin bir istəyi, bir arqumenti, bir məqsədi olur. Görünür, bəzilərini şəhərin tünlüyü açmır, dəfn üçün sakit yer axtarır. Bir çox insanlar isə bu qəbiristanlıq və qəbir “bolluğunda” itib-batmaqdan qorxa bilərlər. Həqiqətən el-obasına bağlı insanlar da olur və onlar sidq-ürəkdən doğulduqları yerdə dəfn olunmaq istəyirlər. İri şəhərlərdə məzar yeri bahadır, bunun da təsiri ola bilər; axı kəndlərdə qəbir yerləri müftə-müsəllahdır. Burada qoca adamın kövrək hisslərinin, kədərinin, həssaslığının da rolu ola bilər. Amma öləndən sonra nə fərqi? Axirət hər kəsin son məkanı, son məskənidir. Torpaqsa hər yerdə torpaqdır”. NICAT İNTIQAM