Kənd dəlləyi

Əşrəf kişi səhər gözünü baş ağrısıyla açdı. Əvvəlcə fikir vermədi, amma ağrı getdikcə artırdı. Günortadan sonra Mustafa həkimin yanına getdi. Həkim də kişini yüngülcə müayinə edəndən sonra bir-iki dərman verdi və dedi:
– Bunları at, keçib gedər.

Əşrəf kişi Mustafa həkimə çox inanırdı, bilirdi ki, yaxşı həkimdir. Ona görə də dərmanları elə oradaca bir qurtum su ilə içib kəndin içinə çıxdı. Bir qədər gəzib-dolaşdı, tay-tuşları ilə söhbət elədi. Amma başının ağrısı keçmədi.

Axşam baş ağrısından yata bilmədi. Səhər oğlunu çağırıb dərdini danışdı. Oğlu da Əşrəf kişini maşına mindirib şəhərə apardı. Tanınmış həkimlərə göstərdi, rentgen çəkdilər, axırda uzun bir resept yazıb verdilər ki, bu dərmanları içsin, ağrı kəsiləcək. Bir torba dərmanla kəndə qayıtdılar. Müalicə bir həftə çəksə də Əşrəf kişinin başının ağrısı kəsmədi, hələ desən, getdikcə artdı. Yazıq kişi daha yemək-içməkdən də kəsilmişdi. Xörək suyunu qaşıqla boğazına tökürdülər. Qohumları pul yığıb Əşrəf kişini oğlu ilə Avropaya göndərdilər ki, orada müalicə olunsun. Kişi Parisi gəzdi, Londonu dolandı, ancaq dərdinə çarə tapılmadı. Kişini aparatdan çıxarıb aparata saldılar, başından ayağına qədər yoxladılar, bir şey tapa bilmədilər ki, bilmədilər. Çiyin çəkib mat-məəttəl kişinin üzünə baxmaqdan savayı əllərindən bir şey gəlmədi.  Amma bu dərd nəydisə, kişi gündən-günə əriyirdi. Axır gətirib evinə yıxdılar ki, heç olmasa öz evində ölsün.

Əşrəf kişinin üzündə bir çimdik ət qalmamışdı, gözləri çuxura düşmüşdü. Bir tərəfdən də saç-saqqal üzünü necə basmışdısa, lap birtəhər görünürdü. Evdəkilər adam göndərib dəllək Qürbəti çağırdılar ki, gəlib kişinin üz-gözünü sahmana salsın. Dəllək Qürbət kəndin ən mötəbər adamlarından sayılırdı, özü də Əşrəf kişinin köhnə dostu idi. Həm də çox söhbətcil adam idi. Həmişə də söhbətinə eyni sözlərlə başlayardı: “Ayıb olmasın, dədə-babadan bu dəlləklik sənətində qaydadır ki, gərək üç işi bacarasan. Birini bacarmadın haa, sənə dəllək deyən itin oğludur. Dəllək gərək kəssin, qırxsın, çəksin”. Elə bu dediklərinin üçü də özündə vardı, yəni diş də çəkirdi, saç da qırxırdı, ayıb olmasın, aradabir sünnət də edirdi. İndi də dostunun xəstələndiyini eşidən kimi çantasını götürüb çaparaq gəldi. Dostunu yataqda görəndə çox məyus oldu. Əyilib kişinin o üz – bu üzündən öpdü. Gur səsiynən hal-əhval tutsa da, Əşrəf kişinin səsi zorla çıxırdı. Bircə onu deyə bildi ki, heç kəs onun xəstə olduğuna inanmır.

Dəllək Qürbət də nə fikir elədisə əyilib onun burnunun içinə baxdı və dedi:

– A kişi ey, olmaya sənin burnunun içində tük çönüb?

Həkimlərin sorğu-sualına cavab verməkdən təngə gəlmiş Əşrəf kişi zorla:

– Mən nə bilim, başıma haranın daşı düşüb, – deyə bildi, – dirigözlü ölürəm, kimsə dərdimə inanmır.

Dəllək Qürbət kişinin burnunun ortasını yüngülcə sıxdı. Əşrəf kişi ağrıdan dərin bir “off” elədi. Dəllək Qürbət:

– Əşi, mən bircə öldüyüm günü bilmirəm, sənin burnunda tük çönüb. Bu saat qardaşın onun çarəsinə baxar.

Yazıq Əşrəf kişi elə halda idi ki, nə “hə” deyə bildi, nə “yox” deyə bildi.

Dəllək Qürbət də üzü bozarmış çantasından köhnə bir maqqaş çıxartdı, kişinin burnuna soxdu, bir qədər qurdalayandan sonra “hə, tutmuşam”,- dedi və qəfil dartdı. Bayaqdan zarıyan Əşrəf kişidən bir bağırtı çıxdı ki, gəl görəsən. Elə o bağırtı ilə də dəllək Qürbətə yumruğu ilə nə təhər ilişdirdisə, yazıq kişi yerlə bir oldu.

Əşrəf kişi özünü saxlaya bilməyib hələ bir yaxşıca söydü də. Allah var, dəllək Qürbət də bir kəlmə cavab qaytarmadan durub çantasını yığışdırdı, qapıdan çıxdı. Əşrəf kişinin oğlu, arvadı dəlləyin ardınca nə qədər çağırsalar da, dönüb baxmadı.

O gecə Əşrəf kişi nə təhər yatdısa sabah günortaya yaxın gözlərini açdı. Kişinin canında ağrıdan əsər qalmamışdı. Duran kimi də yemək istədi. Arvad-uşaq əl-ayağa düşdülər, tez bir şey hazırlayıb gətirdilər, kişi də durub oturdu, yaxşıca yeyəndən sonra oğluna dedi:

– Ay oğul, get o dəlləyi çağır gəlsin, barışaq. Bir də denən ki, o yanı balalı ala inəyi ona pay verdim.

Əşrəf kişinin oğlu dükana girəndə dəllək Qürbət bir müştərinin üzünü qırxırdı və oğlanın verdiyi salamı da dilucu aldı. Oğlan bir qədər duruxandan sonra dedi:

– Qürbət əmi, dünəndən bəri dədəmin dərdi-azarı qalmayıb. İndi səni çağırır ki, barışasınız. Özü də deyir ki, yanı balalı ala inəyi sənə pay verib.

Dəllək Qürbət dayandı, Əşrəf kişinin oğluna tərəf dönüb:

– Maa heç kimin inəyi-zadı lazım deyil. Allaha şükür, özümüzünkü bəs eləyir. Amma sən get o dədəndi-nədi ona denən ki, burnunu çox dik tutub gəzməsin. Hərdən bir bizim kimi dəlləyi də adam yerinə qoysun, burnunun qılını aldırmağa ar eləməsin, – dedi və işinə davam elədi.