Milli mətbuatımız 147: tarix, müasirlik və gələcək üçün təminat

36

 

Əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş 147 yaşlı mətbuatımız ictimai fikir tariximizdə, çoxəsrlik dövlətçilik ənənələrimizin bərpasında müstəsna rol oynamış milli-mənəvi sərvətimizdir. O, fəaliyyətə başladığı ilk gündən milli özünüdərkin, mil­li şüurun formalaşmasında müstəsna pay sahibinə çevrilmişdir. Məhz “Əkinçi” ilə başlanmış yol “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Həyat” və digər davamçıların sayəsində ideoloji çalarlar əldə etmişdir. Həmçinin istiqlal ideyalarının daşıyıcıları sayı­lan ziyalılarımızın söz tribunasına, xalqla təmas simsarına çevrilməklə püxtələşmiş, keyfiyyət baxımından oturuşmuş status qazanmış, özünə geniş oxucu auditoriyası toplamışdır.

Mətbuatımız Azərbaycan cəmiyyətinə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağa­oğlu, Əlimərdan bəy Topçubaşov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə və digər parlaq simalarımızı bəxş etmişdir. Bu böyük şəxsiyyətlərin hər birini həyatı və yaradıcılığı maarifçiliyin dövlətçilik amalları uğrunda mücadiləsi kimi yadda qalmışdır. Deməli, mətbuatımız həm də 1918-ci il müstəqilliyimizə gedən yola işıq saçmış, dövlətçilik təfəkkürünü cilalayaraq möhkəmləndirmişdir.

Həsən bəy Zərdabinin “Əkinçi” ilə əsasını qoyduğu məfkurə təməlləri möhkəm idi. O qədər möhkəm idi ki, 70 illik sovet işğalı dönəmində də mətbuatımız özünün başlıca prinspilərindən dönmədi. Qadağa və məhrumiyyətlərə baxma­yaraq, dövrün görkəmli ədiblərinin, ziyalılarının milli düşüncə uğrunda söz səngəri kimi fəaliyyət göstərdi, tariximizin, ədəbiyyatımızın, incəsənətimizin toxu­nulmazlığını, çoxəsrlik ənənələrimizin qorunmasını təmin etdi. O, ötən əsrin 90-cı illərinin sonlarında əsrin əvvəllərində oynadığı missiyanı bir növ təkrarlamaqla dövlətçiliyimiz baxımından son dərəcə müstəsna missiya yerinə yetirdi. Həmin dövrdə başlanmış milli istiqlal hərəkatımız özünün siyasi-ideoloji hədəflərini mətbuat orqanlarımız vasitəsilə formalaşdırdı. Onlar təqiblərə və məhrumiyyətlərə baxmayaraq, dövlət müstəqilliyimizə aparan yolun maya­kına çevrildilər.

Azərbaycanda sovet hakimiyyəti illərində jurnalistikanın istər nəzəri, istərsə də təcrübi istiqamətlərini milli yaddaşımı­zın, adət-ənənələrimizin yaşadılmasına sərf etmiş jurnalist nəsli yetişdi. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabini yada saldığımız gündə ana dilimizin qorun­masına müstəsna əmək sərf etmiş misilsiz fədakarlıq örnəyi, ustad Nəsir İmanquli­yevin də xatirəsinə ehtiramımı bildirmək istəyirəm. Ustad Şirməmməd Hüseynovun jurnalistikanın gücünü milli özünüdərk proseslərinin avanqardına çevirən müstəsna əməyi də vurğulanmalıdır.

Mətbuatımız müstəqillik illərində özünəməxsus inkişaf yolu keçmişdir. Bu dövrü bir neçə cəhətdən xarakterizə edərdim. 90-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsi mətbuatımızın istər məzmununa, istərsə də keyfiyyətinə mənfi təsirlərini göstərdi. Onun xalqımızın rifahı və firavanlığı naminə mübarizə apardığı böyük ideallar yaşadığımız durğunluq və təlatümlər müstəvisində bir növ puça çevrilmiş kimi göründü. Ölkənin başının üstünü qara buludlar aldı, müstəqilliyimizin itirilməsi təhlükəsi yaşandı. Məhz belə bir durumda ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi Azərbaycanın qarşısında açdığı kimi, onun mətbuatının qarşısında da yeni üfüqlər, perspektivlər açdı.

Medianın gücündən dövlət idarəçiliyində effektliliyin və səmərəliliyin təmin olunması baxımından istifadənin dünya tarixində bənzərsiz nümunəsini ya­ratmağa müvəffəq olmuş ulu öndər Heydər Əliyev IV hakimiyyətin qanunvericilik bazasının təkmilləşməsinə, yenilənməsinə və zənginləşməsinə böyük töhfələr verdi. Onun 1993-2003-cü illər ərzində reallaş­dırdığı tədbirlər Azərbaycan cəmiyyətinə, media ictimaiyyətinə jurnalistikanı tamam fərqli obrazda təqdim etdi. Cəmiyyətimiz beynəlxalq miqyasda media ilə bağlı yeniliklərin ölkəmizdə tətbiqi yollarının əzmlə müəyyənləşdirildiyini gördü. 1998-ci ildə senzuranın ləğvi ilə başlanılmış yolda Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar jurnalistlərin sosial-məişət qayğılarının aradan qaldırılmasından tutmuş redaksiyaların maddi-texnimi ba­zasının yaxşılaşdırılmasına, jurnalistikanın imtiyazlı peşə kimi qəbul edilməsinədək bir çox məsələlərə nəzəri və praktiki meydan verdi. Həmin illərdə jurnalistikanın bir növ bütöv, müstəqil orqanizm kimi belə demək mümkünsə, təqdimatı oldu. Ümummilli lider milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinin əsasını qoymaqla mətbuatımızın Azərbaycanın ictimai fikir tarixində oynadığı rola müstəsna dəyər verdi.

Heydər Əliyev şəxsiyyəti medianın dövlətsizləşdirilməsi xəttini rəhbər tutaraq məsələni beynəlxalq siyasət müstəvisinə məharətlə daşıdı. Senzuranın ləğv edilməsi, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu, eləcə də digər mühüm sənədlər dövlətin müstəqil media quruculuğu verdiyi önəmin bariz nümunələri kimi qarşılandı. Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra peşə prinsiplərinin qorunmasına duyulan ehtiyac medianın özünütənzimləməsi reallığını ortaya qoydu ki, Heydər Əliyev şəxsiyyəti bu istiqamətdəki xarici təcrübənin öyrənilməsinə ciddi önəm və dəstək verdi. Mövcud xüsusda ölkənin müstəqil jurnalistləri tərəfindən Azərbaycan Mətbuat Şurasının yaradılması ideyası üzərində dayanıldı və bu ideya 2003-cü ilin martın 15-də – ölkə jurnalistlərinin birinci qurultayında gerçəkləşdi.

Haşiyə çıxaraq bildirim ki, postso­vet məkanında ilk dəfə Azərbaycanda yaradılmış Mətbuat Şurası institutu media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi baxı­mından dünyada mövcud olan klassik özünütənzimləmə qurumlarının təməl prinsiplərinə söykənməklə ölkəmizdə demokratik quruculuq proseslərinin dərinləşməsinə öz töhfəsini verməkdədir. Ötən müddətdə müxtəlif vətəndaş qrup­larının media ilə bağlı şikayətlərinin araşdırılması istiqamətində mühüm təcrübə qazanmış Şura KİV-lərlə əlaqədar çoxsaylı ziddiyyətli məqamların məhkəmələrə daşınmasının qarşısını almaqla, məhkəmələrin yükünü azalt­maqla etimad qazanıb. Hesab edirəm ki, bu etimad həm də cəmiyyət üzvlərinin qurumun tövsiyələrinə, iradlarına həssas yanaşan media orqanlarına inam və etimadıdır. Ümumən, media-ictimaiyyət, media-hakimiyyət oxu üzrə qarşılıqlı inam və etimad mühitinin mövcudluğu hər bir ölkə üçün böyük sərvətdir. Güman edirəm ki, Mətbuat Şurası media ictimaiyyətinin dəstəyi ilə missiyasını bir qədər də dolğun­laşdırma imkanları əldə edəcəkdir.

Prezident İlham Əliyev hakimiyyətə gəlişi ilə ulu öndər Heydər Əliyevin nəzəri baxımdan ortaya qoyduğu, habelə real­laşmasına ciddi əmək sərf etdiyi media siyasətinin davamlılığını təmin etdi. Ölkədə həmin siyasətin tamamilə yeni çalarlar­la zənginləşdirilməsinə başlanıldı. Bu, müstəqillik illəri media tariximizin ayrıca mərhələsi kimi xarakterizə edilə bilər.

Cənab İlham Əliyev media sahəsinə fundamental baxış gətirdi. O, ulu öndər Heydər Əliyevin müxtəlif tədbirlərlə, o cümlədən güzəştlərlə həyata keçirdiyi mediaya dövlət dəstəyi siyasətinə sistem­lilik verdi. Bu sistem media fəaliyyətinin cəmiyyətin maraq və mənafeləri baxı­mından müəyyənləşdirilmiş sahələr üzrə stimullaşdırılmasını rəhbər tutdu. Eyni za­manda jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsinə konseptual yanaşma tətbiq olundu.

Prezident İlham Əliyev daxili idarəçilikdə effektivliyin artırılması baxımın­dan jurnalistikanın rolundan söz açmaqla onun ictimai nəzarət funksiyasının önəmini hər zaman vurğulayır. Dövlət başçımız həmçinin ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönələn fəaliyyətdə də jurnalist peşəkarlığının müxtəlif aspektlərinə toxunur, platforma xarakterli çıxışları ilə mövcud istiqamətdəki yolun konturlarını müəyyənləşdirir.

Bəli, bu gün Azərbaycan mediası dinamik inkişaf yolundadır. Bu yol eyni zamanda qarşımızda yeni vəzifələr də müəyyənləşdirməkdədir. Dəyişən və inkişaf edən dünya ilə ayaqlaşmaq, qlobal transformasiyalar şəraitində Azərbaycanın maraqlarının qorunmasında ardıcıllığın təminatı mediamızdan daha səmərəli fəaliyyət göstərməyi tələb edir. İnformasi­ya texnologiyalarının geniş vüsət aldığı, müharibələrin, qlobal konfrantasiyaların ayrıca informasiya cəbhəsinin mövcud olduğu indiki şəraitdə Azərbaycan mediası qabaqcıl normaları, standartları dolğun şəkildə mənimsəyərək inkişaf etməlidir. Cənab İlham Əliyevin bütün sahələri əhatə edən islahatlarının media tərəfi də məhz bu vəzifələrin gerçəkləşdirilməsini, habelə medianın Azərbaycan iqtisadiyyatında özünə layiqli yer tutmasını hədəf seçib.

Hesab edirəm ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu bu söylədiklərimin reallaşdırılması baxımından həm ilk addımdır, həm də kifayət qədər cid­di çıxış nöqtəsidir. İnanıram ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agent­liyinin qanuna söykənərək reallaşdırdığı fəaliyyət jurnalistikamızda indiyədək görülməyən işlərin həyata keçirilməsini təmin etməklə peşəmizin yeni keyfiyyət mərhələsinə uğurlu şəkildə uyğunlaşması­na şərait yaradacaqdır. Hazırda agentliyin işə yanaşma əzmi bu istiqamətdə ciddi nəticələrin əldə olunacağına, ümumən me­dia müstəvisində nizam-intizam mühitinin, səliqə-sahman ab-havasının formalaşaca­ğına əminlik hissi aşılamaqdadır.

Bu yazıda 147 ilə nəzər salmaqla, eyni zamanda Vətənimiz Azərbaycanın inkişaf tarixindəki ayrı-ayrı məqamları vurğuladım. Ötən müddətdə hardan-hara gəlmişik, hansı çətinliklərdən və məhrumiyyətlərdən keçmiş, hansı mərhələyə çatmışıq, bu barədə daha çox söhbət açmaq, paralellər və müqayisələr aparmaq mümkündür. Ümumən, hesab edirəm ki, 147 illin tarixi həm də qürur və fəxarət tariximizdir. Biz bu tarixdə mediamızın haqq davamız olan 44 günlük Vətən müharibəsindəki ideoloji mücadilə ruhundan qürur hissi keçirdik. Bu, son dərəcə böyük yaşantıdır. Arzu edirəm ki, jurnalistikamızın gələcək fəaliyyəti də dövlətimizin asayişi, xalqımızın firavanlığı naminə xoş yaşantılara köklənsin.

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri