Jurnalist Emin Abbasov: “Özümü futboldan başqa heç yerdə görmürəm”

0
503

Son dövrlər Azərbaycanda idman sahəsində tanınmış və hamı tərəfindən rəğbət görən jurnalist sayı çoxalıb desək, yəqin ki, bir qədər mübaliğəyə yol vermiş olarıq. Yazı yazan çox ola bilər, amma yazdığı yazı ilə faydalı olmaq hər kəsə qismət olmur. Söhbət Azərbaycan futbolu üçün ürəyi yanaraq yazanlardan gedir. Azərbaycan futbolunun inkişafını istəyən və “ağa ağ, qaraya qara” deyən idman jurnalistlərindən biri də Emin Abbasovdur. Öz işində yetərincə peşəkar olan jurnalist həm özü haqda, həm bu günki idman jurnalistikası haqda, həm də Azərbaycan futbolu haqda suallarımızı cavablandırıb.

— Futbol ictimaiyyəti Sizi cəsarətli jurnalist kimi tanıyır. Amma son vaxtlar jurnalist fəaliyyətiniz o qədər də görünmür… Nə baş verir?

— Mən belə deməzdim. Çünki son zamanlar bəlkə də məndən çox yazı yazan yoxdur. Yazılarım “Feysbuk” hesabımda da yerləşdirilir və bir çox fan-klub səhifələri tərəfindən paylaşılır. Hətta futbol ictimaiyyətində olan dost-tanışlarım deyirlər ki, çox sərt yazırsan, bir az loyal ol. Söhbət televiziya fəaliyyətindən gedirsə, bəli, bu sahədən xeyli müddətdir ki, uzağam. Ancaq bu məndən asılı olan bir şey deyil. Bu vaxt ərzində ürəyimcə olan heç bir layihəyə dəvət almamışam ki, özümü göstərə bilim.

— Bir neçə il öncə siz təxminən belə bir söz demişdiniz: “Bir komandam olmasını istəyirəm ki, istədiyimi həyata keçirə bilim”. Hələ də o arzu ilə yaşayırsınız?

— Əlbəttə. Ancaq bu elə arzu olaraq qalır. Çünki bizim reallıqlarda bunun gerçəkləşməsi o qədər də inandırıcı deyil. Bəlkə də bir vaxt gələcək və bu sahədə savadı olan insanlara daha çox güvənməyə başlayacaqlar. Bunun üçün futbola sərmayə qoyan iş adamlarının təfəkkürü dəyişməlidir. Hələ ki, belə bir dəyişikiliyə işarə yoxdur.

— Bir müddət “Qarabağ”da işlədiniz. İstədiyinizi reallaşdırmaq imkanınız olmadı?

— Təəssüf ki, yox. Elə ona görə də “Qarabağ”dan getmək qərarına gəldim. Çünki hiss etdim ki, klub rəhbərliyi ilə mənim futbol baxışlarım çox fərqlidir. Bu, normaldır. Futbol elə bir sahədir ki, burada fikir müxtəlifliyi qaçılmazdır. Mənim üçün ən əsası odur ki, oradan gedəndən sonra da “Qarabağ” rəhbərliyi ilə münasibətlərim pozulmadı.

— Sizin təcrübənizdə həm klubda işləmək var, həm də jurnalistlik fəaliyyəti.  Sizcə, klubda işləmək asandı, yoxsa jurnalistlik eləmək? Jurnalist gözü ilə kluba baxanda gördükləriniz orada işləyərkən gördüklərinzlə üst-üsti düşürmü?

— Hər ikisi çətindir. Əsas odur ki, sənin ideyalarına güvənsinlər və dəstək olsunlar. Nə qədər bacarıqlı olsan da, ideyalarını həyata keçirmək üçün imkanların yoxdursa, nəticə istədiyin kimi olmayacaq. Klub işi kənardan göründüyü kimi deyil, klubun öz reallıqları olur. Ona görə də çalışmalısan ki, klubda idarəçi olasan, icraçı yox.

— Milli komandamızda yerli məşqçinin işləməsinin tərəfdarısınız. Bunu nə ilə əsaslandırırsınız?

— Millimizdə əcnəbi məşqçiyə heç bir ehtiyac yoxdur. Yaxşı şərait yaradılsa, yerli məşqçi ilə az-çox nəticə əldə edə bilərik. Çünki yerli məşqçi ölkənin futbol potensialına daha yaxşı bələddir, futbolçuları daha yaxşı tanıyır. Avropanın əksər yığmaları da yerli məşqçilərə güvənir. Onsuz da kim gəlirsə gəlsin, millimizi final mərhələsinə çıxara bilməyəcək. Söhbət daha çox xal toplamaqdan gedirsə, əminəm ki, savadlı yerli mütəxəssislə daha yaxşı nəticə göstərmək olar. Statistikaya da baxsaz görərsiniz ki, Azərbaycan futbolunda əcnəbi məşqçilər əksər hallarda uğursuzluq yaşayıblar.

— Sizin fikirinizcə, Azərbaycanda hansı məşqçi Avropalı məşqçilərlərlə rəqabətə girə bilər?

— Bu suala cavab vermək çətindir. Belə baxanda, “Qarabağ” ucuz qiymətli futbolçularla “Tvente”, “Dnepr”, “Sent-Etyenn” və “İnter” kimi klublarla başabaş mübarizə apara bilirsə, demək ki, Qurban Qurbanov həmin klubların məşqçilərindən savadına görə heç də geri qalmır. Ancaq burada mentalitetlə bağlı məqamlar var. Misal üçün, Azərbaycana gəlmiş əksər tanınmış məşqçilər burada işləyə bilməyiblər. Con Toşak, Mustafa Dənizli, Şefer, Starkov və başqaları hətta çox savadsız təsir bağışlayıblar. Yəni, Azərbaycan futbolu heç kimə asan görünməsin. Burada hər əcnəbi məşqçi və ya hər əcnəbi futbolçu özünü rahatlıqla göstərə bilmir. Söhbət Azərbaycanda işləməkdən gedirsə, avropalı məşqçilər o qədər də bizimkilərdən üstün görünmür.

— Azərbaycan futbolunun inkişafına ən böyük maneə, sizcə, nədir? Mütəxəssisi çatışmazlığı, azarkeş qıtlığı, hakim qərarları, yoxsa başqa şey?

— İlk növbədə futbol idarəçiləri. Çünki hər şey bu insanlardan başlayır. Demək olar ki, Azərbaycanda heç bir klub idarəçisi futbol menecmenti üzrə təhsil almayıb. Xarici klublarda 2-3 il təhsil alandan sonra idarəçi işləyirlər, bizdə isə hərə öz ağlına görə futbolu idarə eləyir. Burda da vəhdət olmalıdır. Birinin futbol duyumu var, təhsili yoxdur. Eləsi də var ki, nə qədər təhsil alsa da, futbolu duymur. Bizdə heç cür anlamaq istəmirlər ki, futbolçu, məşqçi və futbol adamı ayrı-ayrı peşələrdir. Hamısını birləşdirən futboldur. Ancaq futbol adamı futboldan yaxşı anlayışı, intellektual səviyyəsi və iş görmək bacarığı olan kəslərə deyirlər. Necə ki, hər futbolçudan məşqçi olmur, elə də hər futbolçu futbol adamı deyil.

— Komandalarımızın klublaşmasına, sizcə, nə mane olur? Komandalarımız klublaşmadan Avropada uğur qazana bilərmi?

— Dediyim kimi, peşəkar futbol idarəçiləri çatmır. Sizə çox sadə bir misal gətirim. Qəbul olunmuş ümumi praktikaya görə, futbolçuların maaşları klubun illik büdcəsinin 50 faizindən çoxunu təşkil etməli deyil. Bizdə isə klubların büdcəsinin az qala 80 faizindən çoxu futbolçuların illik maaşlarına xərclənir. Ona görə də klubdakı digər sahələr inkişaf etmir. Vəziyyət o həddə çatıb ki, uşaq futbolunun xərclərini AFFA öz üzərinə götürməli olub.

— 9 milyonluq bir ölkədə 26 peşəkar komandanın olması normal haldırmı? Normal deyilsə, nə etməliyik?

— Çox azdır. Misal üçün, Belçikanın 11 milyona yaxın əhalisi var. Yüksək liqada 16, ikinci liqada 18, üçüncü liqada isə 36 komanda mübarizə aparır. 70 komanda hara, 26 komanda hara? Bu vəziyyəti dəyişmək üçün gərək iş adamlarını futbola cəlb edək. Amma Azərbaycanda futbol biznes yox, sosial layihə olduğu üçün bu elə də asan deyil.

— İdman jurnalistikasının bugünkü vəziyyəti sizi qane edirmi? Futbolumuzun inkişafı sürətlidir, yoxsa idman jurnalistikasının?

— Yox. İdman jurnalistikasının indiki durumu məni qane etmir. Nə televiziyada, nə də yazılı mətbuatda böyük layihələr yoxdur. Yalnız ayrı-ayrılıda bəzi fərdlərin istedadına baxıb bir qədər sevinə bilərik. Bu durğunluğun səbəbi çox sadədir. Təəssüf ki, ölkəmizdə idman jurnalistlərinə lazımi dəyəri vermirlər. Futbolumuza yatırılan pullar idman jurnalistikasına yatırılsaydı, bu sahəni qaldırmaq olardı. Sualınıza gəlincə, nə futbol, nə də idman jurnalistikası sürətlə inkişaf eləyir.

— Güzəranınızı idman sahəsindən təmin edirsiniz. Normal insan kimi yaşamaq üçün bu sahə qənaətbəxşdir, yoxsa övladlarınızın gələcəyi naminə başqa sahəyə keçmək barədə düşünürsünüz?

— Şükür Allaha, ailəmizin imkanları pis deyil. Jurnalistikada elə də böyük pullar qazanmaq olmur. Kənardan da baxıram ki, idman jurnalistlərinin əksəriyyətinin sıxıntıları var. Çünki saytların əksəriyyəti klublardan alınan reklamlar hesabına ayaqda qalır. İndiki halda isə klubların çoxu reklam vermir, verənlər də çox gecikdirirlər. Bəlkə də ciddi maliyyə sıxıntım olsaydı, başqa sahəyə keçməyi düşünərdim. Ancaq Allah ailəmizin ruzisini yetirir. Həm də mən özümü futboldan başqa heç yerdə görmürəm.

Rasim Məmmədli

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here