“Jurnalistə rüşvət verən məmurlara yazığım gəlir”

646

Milli Təhlükəsizlik Nazirliyinin “reket jurnalist”lərlə “işbirliyi” haqda son günlərdə mətbuatda xeyli xəbərlər dərc olunur. Yayılan məlumatlara görə, MTN-in nəzarətində bir sıra mətbuat orqanları var imiş və onlar açıq reketçiliklə məşğul olurlarmış. İddialara görə, həmin mətbuat orqanları vasitəsilə hədəfə götürdükləri “obyekt”, əvvəlcə, “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçirlərmiş. KİV-də yayılan məlumatlarda həmçinin Baş Prokurorluğun apardığı istintaqın gedişində həmin “reket” jurnalistlərin siyahısının hazırlanacağı da bildirilir. Qeyd olunur ki, onlar yaxın zamanlarda istintaqa cəlb ediləcək və barələrində həbs qərarı çıxarılacaq. Bu istiqamətdə hüquq-mühafizə orqanlarında ciddi işlərin getdiyi və “reket jurnalistlər”in MTN-in bir qrup zabiti ilə əməkdaşlıq çərçivəsində yol verdiyi cinayət tərkibli əməllərinin araşdırıldığı qeyd olunur.

“Mən inanmıram ki, həqiqi jurnalisti ələ almaq mümkün olsun”

Mövzu ilə bağlı qəzetimizin suallarını cavablandıran Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə cavablandırdı. Onun sözlərinə görə, Mətbuat Şurasında vaxtaşırı “reket jurnalistika” ilə bağlı müraciətlər müzakirə olunur və müvafiq tədbirlər görülür: “Bu məsələyə KİVDF-də qoşulub, yəni adları “reket jurnalistika”da hallanan, qara siyahıya salınan qəzetlər adıçəkilən fondun keçirdiyi layihələrə buraxılmır. Bu, onlara müəyyən təzyiq vasitəsidir. “Reket jurnalist” məsələsi Azərbaycan mətbuatında bir bəla olaraq 10-15 il bundan əvvəl əmələ gəlib. Bu gün də çox təəssüf ki, davam edir. Son vaxtlarda mən də mətbuatda gedən informasiyalarla tanış olmuşam. Konkret adlar hələlik çəkilmir, bəzi “reket jurnalist”lər və qəzetlər ola bilsin ki, MTN-in keçmiş rəhbərliyi ilə müəyyən təmasda olublar. Bunu təsdiq edən, hələlik, bir sənəd yoxdur, amma ehtimal kimi belə bir versiya var. Bu, çox təəssüfləndirici bir haldır. Bir jurnalist kimi, Azərbaycan mətbuatında 45 illik yol keçmiş qələm adamı kimi bu məni çox təəccübləndirir. Çünki onlara görə həqiqi jurnalistlər də Azərbaycan mətbuatı tarixində müəyyən rol oynamış, mətbuatımızın inkişafına xidmət göstərmiş adamlar da hörmətdən düşürlər. Ona görə ki, söhbət təkcə jurnalistikadan getmir, ümumilikdə jurnalistikadan bəhs olunur. Bu səbəbdən də həqiqi jurnalistlər də jurnalist olduqlarına görə narahat olurlar. Həmin adamlara cəmiyyət arasında hörmət, etimad, inam ola bilməz. Təəssüf ki, dövrümüzün reallığı belədir. Görünür, belə fikirlər səslənirsə, deyilən sözlərdə, irəli sürülən iddialarda, bəlkə də, bir əsas var. Amma bunu indidən qətiyyətlə söyləmək olmaz. Əgər belə faktlar olubsa, yaxın vaxtlarda məlumatlar veriləcək, yaşayarıq, görərik. Bununla da “jurnalist”ləri xalqımız tanıyacaq”.

Təcrübəli jurnalist dedi ki, jurnalistə pul verən, ona rüşvət verən və yaxud şirnikləndirici vasitələrlə hansısa məqsədi üçün ondan istifadə edən məmurlara yazığı gəlir: “Onlar düzgün hərəkət eləmirlər, nəticə etibarilə də istədiklərinə nail ola bilməyəcəklər. Ola bilsin ki, kiçik zaman kəsiyində, bəlkə də, nəyəsə nail oldular, amma ümumilikdə Azərbaycan jurnalistikası öz inkişaf mərhələsini yaşayır. Getdikcə hər kəsin gözü açılır. Mən inanmıram ki, həqiqi jurnalisti ələ almaq mümkün olsun”.

“Müzakirələr həmişə sonu görünməyən “sirli bir orqan” tərəfindən gündəmdən çıxarılıb”

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin sözlərinə görə, 2008-ci ildən bəri Mətbuat Şurasının “reket jurnalistika”ya qarşı apardığı prinsipial mübarizəni zəiflətmək üçün “reket jurnalist”lər bütün vasitələrə əl atıblar, özləri də “təkmilləşiblər”: “MŞ üzvlərinə hədə-qorxu gəlmək, onları şantaj etməkdən başlamış müxtəlif təkliflər verməyə qədər, variant seçdilər. Bu variantlar keçməyəndə, sonda “arxalarının güclü yerə bağlanmasını” etiraf edib, komissiya üzvlərində ümidsizlik yaratmağa çalışdılar. Təxribat cəhdləri də oldu: özlərini hansısa etnik azlığın nümayəndəsi kimi qələmə verib, reket fəaliyyətlərinə görə deyil, guya etnik kimliklərinə görə “sorğu-sual olunduqlarını” iddia edənlər də tapıldı. Açıq dillə deyirdilər ki, MŞ onlara qarşı mübarizədən əl çəkməsə, cəmiyyətə bu yöndə mesajlar verəcəklər, “soydaşlarını ayağa qaldıracaqlar”. Hər dəfə yeni metod tapılanda hamısının ondan faydalanması göstərirdi ki, bu tezislər bir mərkəzdə hazırlanır, şəbəkə üzvlərinin hamısına ötürülür: fəaliyyət eyni, şantaj vasitələri eyni, müdafiə vasitələri eyni, istifadə olunan tezislər də eyni”.

Müşfiq Ələsgərlinin dediyinə görə, “reket jurnalist”lər təhsil, səhiyyə sektorunda çalışanlara, biznes sahəsində fəaliyyət göstərənlərə “potensial yem mənbəyi” kimi yanaşıblar: “Barələrində olmazın şantaj yazan, yayan, onları güvəncsiz qoyub, dövlətə qarşı olan inamlarını sarsıdan bu şəbəkəni diqqətə almaq, haradan güc aldıqlarını araşdırmaq, dövlətin əsasına zərbə vuran bu hallara qarşı mübarizə aparmaq deyilmi Milli Təhlükəsizlik Nazirliyinin vəzifələrindən biri? Əgər belədirsə, hanı bu mübarizənin nəticəsi? MŞ şikayətlər komissiyasının iclası olan günlər “kriminal filmlərə baxırsan kimi” təəssürat yaranır insanda. MŞ ofisinin həyətində, adi günlərdən fərqli olaraq, yalnız qara rəngli “Range Rover”lər, “Lexus”lar dayanır. Bu avtomobillərlə gələnlər isə ən yaxşı halda ayda bir dəfə, normalda isə 3 aydan bir dəfə nəşr olunan, üst-üstə 5 nüsxə ilə dərc edilib yalnız hədəf seçilən şəxslərin evinə, qonşularına, iş yerlərinə poçtla göndərilən “qəzet”lərin, “xəbər portalları”nın baş redaktorları və onların mühafizəçiləridir. Peşəkar media təmsilçiləri “Reket jurnalistlərin varlı həyatı: Onlara kim dəstək verir?” başlığı ilə dəfələrlə müzakirə açıblar. Amma bu müzakirələr həmişə sonu görünməyən “sirli bir orqan” tərəfindən gündəmdən çıxarılıb, “reketlərin təhlükəsizlik strukturu” öz işini peşəkarcasına yerinə yetirib”.

Rasim Məməmdli