Joze Mourinyonu Əhməd Ələsgərova bənzədən Rüstəm Rəhimov: “O da Əhməd müəllim kimi, bir neçə komandaya yeni nəfəs verib”

523

Bu ayın 5-də tanınmış idman xadimi, “Neftçi” futbol komandasına SSRİ tarixində bürünc medalı qazandırmış Əhməd Ələsgərovun 79 yaşı tamam oldu. Bu münasibətlə hazırda Odessada yaşayan Əhməd Ələgərovla əlaqə saxlayıb, ona bəzi suallarımızı ünvanlamaq istədik. Lakin bir nəticə hasil olmadı. Buna baxmayaraq, həvəsdən düşmədik. Onun haqqında bir yazı hazırlamaq məqsədilə Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimova müraciət etdik.

– Artıq neçə ildir ki, Əhməd Ələsgərov Odessada yaşayır. Bəziləri onun Bakıdan qaçaq salındığını iddia edirlər. Bu fikir doğrudurmu?

— Yox, mən bu fikirlə əsla razı deyiləm. Müəyyən inciklik ola bilər. Daha onu qaçaq kimi qələmə vermək doğru olmaz. Bir də o, ailə vəziyyəti ilə əlaqədar hələ 1973-ci ildən Odessada məskunlaşıb. Hazırda da qeyd etdiyiniz kimi, Odessada yaşayır. Bir də sizdən soruşuram: axı hansı məşqçi uzun müddət bir komandada baş məşqçi kimi çalışır? Bəli, Əhməd Ələsgərov “Neftçi”dən sonra Tacikistanın “Pamir”, Ukraynanın “Çernomorets”, Moldovanın “Nistru”, “Şerif” komandalarında baş məşqçi kimi fəaliyyət göstərib. 1966-cı ildə “Neftçi” və 1973-cü ildə Ukraynanın “Çernomorets” klublarına  SSRİ çempionatının bürünc medallarını qazandırıb… Yeri gəlmişkən, Odessada futbolla bağlı bir salon var. “Şöhrət zalı” adlı həmin məkanda “Çernomorets”də fəaliyyət göstərmiş tanınmış şəxslərin şəkilləri və büstləri var. Onların arasında Əhməd Ələsgərovun da büstü var. Bu da səbəbsiz deyil. Çünki bundan öncə qeyd etdiyim kimi, Odessa futbolunun tarixində ilk dəfə “Çernomorets” məhz onun rəhbərliyi altında “bürünc”ə layiq görülüb.

– Yeri gəlmişkən, o, bu kimi uğurlarına görə 3 respublikanın — Azərbaycan, Ukrayna və Tacikistanın əməkdar məşqçisi adına da layiq görülüb…

— Səhviniz var. Əhməd müəllim eyni zamanda Moldovanın əməkdar məşqçisi adını da qazanıb.

– Əhməd müəllim həmin komandalarda çalışanda azərbaycanlı idmançıları da öz ətrafına cəmləyə bilirdimi?

— Məndə olan məlumata görə, Əhməd müəllim digər komandalarda, o cümlədən “Nistru”da çalışanda İsgəndər Cavadov, Vaqif Sadıqov kimi futbolçuları da komandaya cəlb edə bilmişdi. Bu mənada, o, həmvətənlərinə qarşı çox diqqətli olub. Bu da onun xidmətlərindən biridir. Bir də unutmayın ki, o, Azərbaycan millisinin ilk məşqçisi kimi tarixə düşüb. Hə, lap az qala unutmuşdum: Əhməd müəllim, səhv etmirəmsə, 2005-2006-cı illərdə “Bakı” klubuna dəvət alıb və burada müşavir kimi fəaliyət göstərib. Elə həmin il “Bakı” Azərbaycan çempionu titulunu qazanıb.

– Rüstəm müəllim, Əhməd Ələsgərov sonuncu dəfə Bakıda nə vaxt olub?

— 5 il bundan qabaq. Azərbaycan futzalının 40 illiyi ilə bağlı keçirilən tədbirə gəlmişdi. Onu da deyim ki, həmin tədbirə o dövrün tanınmış idman xadimləri — Çivadze, Boqdanov, Maslaçenko də dəvətli idilər. Onda onunla ötən günləri yada salmaq imkanım da olub. Lakin o, səhhətində yaranmış problemlərlə əlaqədar sonrakı tədbirlərimizə — Azərbaycan futbolunun 100, Ələkbər Məmmədovun 80 illik yubileylərinə gələ bilmədi.

– Onunla sonuncu dəfə nə zaman əlaqə saxlamısınız?

— Mən onunla vaxtaşırı əlaqə saxlamağa çalışmışam. Yeri gəlmişkən, bizim Hacı Fərəməz Əsədov, eləcə də Telman Əliyev də (o, bir zamanlar “Neftci”nin sürücüsü olub) onunla əlaqə saxlayır. Lakin Əhməd müəllim son vaxtlar səhhəti ilə əlaqədar telefon zənglərinə özü cavab vermir. Telefon zənglərinə həyat yoldaşı Madlena xanım cavab verir. Məndə olan məlumata görə, Əhməd müəllim yaddaşı ilə bağlı problemlə üzləşib.

– Elə isə AFFA ona yardım edirmi?

— Bəli, AFFA tərəfindən ona ən yüksək dərəcəli təqaüd ayrılıb. Müalicəsi üçün də hərdən maliyyə yardımı göstərilir.

– Bəzi informasiya agentlərinin məlumatına görə, Odessada Əhməd Ələsgərovun 75 illiyi qeyd olunub. Bakıdan bu tədbirə qatılan olubmu?

— Bu barədə ətraflı məlumatımız yoxdur.

– Onun adının əbədiləşdirmək məqsədilə hansı addımlar atılıb?

— Bilirsinizmi, təkcə onun yox, mənim fikrimcə, idman sahəsində xidməti olan hər kəsin adının əbədiləşdirilməsinə ehtiyac var. Yeri gəlmişkən, bir neçə il bundan öncə mən belə bir təkliflə çıxış etmişəm. Təklif vermişəm ki, “Lujniki” stadionununda olduğu kimi, Tofiq Bəhramov adına Respublika Stadionunun girəcəyində də tanınmış idmançılarımızın heykəlləri və ya büstləri qoyulsun.

“O stəkan başında sınsaydı”

– Rüstəm müəllim, Əhməd Ələsgərovla tanışlığınız nə vaxtdan başlayıb?

— Ötən əsrin 60-ci illərindən. “Neftyanik”in əvəzedici heyətində meydana çıxırdım. O zaman o, məni kapitan təyin etmişdi. Əsas heyətin tərkibində isə oyunlara az-az çıxırdım. Bilirsinizmi, o vaxt əsas heyətə düşmək çox çətin idi. Uzun sözün qısası, o, mənə deyirdi ki, hara getsəm, səni özümlə aparacağam. Əhməd müəllim 1971-ci ildə “Neftçi”dən ayrıldıqdan sonra (o, bir il işsiz qaldı) mən Mahaçqalanın “Dinamo”sunda (indiki “Anji”də) fəaliyyətimi davam etdirdim. Onu da deyim ki, onda bu komandanın baş məşqçisi “Neftçi”nin sabiq oyunçusu Nikolay Rasskazov idi. Elə ki, Əhməd müəllim Düşənbənin “Pamir”ini təhvil aldı, məni də öz komandasına cəlb etdi. Lakin tale elə gətirdi ki, o, bir ildən sonra Odessada çalışmalı oldu. Mən isə Bakıya qayıtdım. Əhməd müəllim bu qısa zaman kəsiyində aşağı pillədə yer tutmuş “Pamir”i 6-cı yerə qaldırdı. O, burada çoxlu futbolçu da yetişdirməyə nail oldu. Ümumiyyətlə, o, çalışdığı hər bir komandanı səviyyəli hala gətirirdi. Bu sözləri onun Naxçıvanın “Araz” komandasındakı fəaliyyətinə də şamil etmək olar. O həmişə deyirdi ki, hər bir məşqçinin əsas məqsədi çalışdığı komandanı zirvəyə daşımaq, uğur qazandırmaqdır.

– Əhməd Ələsgərovun hansı özəl xüsusiyyətləri var?

— O özü futbolçu (”Neftçi”nin əsas heyətində oynayıb. Bir müddət komandanın kapitanı olub) olduğuna görə, futbolu çox yaxşı bilir. Digər tərəfdən, onunla hər mövzuda söhbət etmək mümkün idi. Həm də psixologiyanı əla bilir. Gözəl dərk edir ki, psixoloji durumu yaxşı olmayan futbolçudan bir şey gözləmək boş söhbətdir. Odur ki, hər oyunçuya fərdi yanaşardı. Oyunqabağı oyunçulara elə stimul verərdi ki, sözün düzü, mən bu barədə danışmaqda çətinlik çəkirəm. Hə, onu da deyim, hərdən əsəbləşərdi. Bir dəfə o, ləng oyununa görə Rafiq Əlizadəyə, əgər belə demək mümkünsə, elə toy tutdu ki… Toy tutdu deyəndə, onu oyuna kökləmək məqsədilə soyunub-geyinmə otağında Rafiqi (Onu da deyim ki, Əhməd müəllim Rafiqin xətrini çox istəyirdi) danlaya-danlaya əlindəki stəkanı yerə elə çırpdı ki… Rafiq bu tənbehdən sonra həmin oyunun ikinci hissəsində elə çıxış etdi ki, gəl görəsən… Odur ki, biz bu olaydan sonra Rafiqə yarızarafat-yarıgerçək deyərdik: “O stəkan başında sınsaydı, yəqin ki, xarüqələr yaradardın”.

– Kimləri Əhməd Ələsgərova bənzədirsiniz?

— “Çelsi”nin baş məşqçisi Joze Mourinyonu. Çünki onun nəinki oyun zamanı özünü aparmağı, eləcə də geyimi, saç düzümü həmişə mənə Əhməd müəllimi xatırladır. O da Əhməd müəllim kimi bir neçə komandaya yeni nəfəs verib. Etiraf edək ki, bir sıra uğurlara imza atmış Mourinyo zəmanəmizin dahi məşqçilərindən biridir.

– Bəs Azərbaycanda?

— Bəri başdan deyim ki, bizdə onun kimi uğurlara imza atan məşqçi yoxdur. Buna rəğmən, Vaqif Abbasovun, Ruslan Abdullayevin, Ağasəlim Mircavadovun, Kazbek Tuayevin adlarını çəkmək olar.

 “Bu, o vaxt üçün çox böyük nailiyyət idi”

– Mənə elə gəlir ki, Əhməd Ələsgərovdan söz açarkən, onun milli komandamıza rəhbərlik etdiyi dövrdəki daha bir uğurunu vurğulamamaq ədalətsizlik olardı. Yəqin yadınızdadır, 1999-cu ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində məhz onun rəhbərliyi altında komandamız Portuqaliyanı qəbul etdi. Millimiz Fiqulu, Rui Koştalı Portuqaliya millisi ilə heç-heçə (1:1) etdi…

— Təbii ki, bu göstərici o vaxt üçün çox böyük nailiyyət idi. Hansı ki, həmin zamanlar milli üçün hazırda olan şərait yox idi. Onu da deyim ki, o zaman bizim millinin beynəlxalq oyunlarda, demək olar ki, təcrübəsi yox dərəcəsində idi. Buna baxmayaraq, rəqibinə layiqli müqavimət göstərdi. Həmin görüşdə oynamış futbolçuların sözlərinə görə, Əhməd Ələsgərov oyunçulara elə bir psixoloji təsir edibmiş ki, sanki Luiş Fiqulu Portuqaliya ilə deyil, sıradan bir komanda ilə qarşılaşacaqlar. Mənim fikrimcə, bu uğur Əhməd müəllimin futbol dünyasındakı təcrübəsinin nəticəsi idi. Bu uğurun memarı məhz o idi.

– Bu gün sizin bir komandanız olsa idi, orada baş məşqçi kimi görmək istərdiniz?

— Əgər Əhməd müəllimin durumu imkan versəydi, şübhəsiz ki, komandanı ona etibar edərdim. Fəqət indi bu, mümkün deyil. Odur ki, ən təcrübəli və idman aləmində müəyyən uğurlara imza atmış Ağasəlim Mircavadovu seçərdim. Bu yerdə bir məsələyə də toxunmaq istərdim. Mənim fikrimcə, bizim məşqçilər öz üzərlərində çox az işləyirlər. Bunun nədən qaynaqlandığı isə mənə hələ sirr olaraq qalır. Digər tərəfdən, məşqçilərə sərbəstlik verilməməsi mənə qəribə gəlir. Hazırda işsiz qalmış məşqçilərimizdən istifadə olunmaması da yaxşı hal deyil. Onların işsiz qalmaları futbolumuza da artıq öz təsirini göstərməkdədir.

– Nə əcəb siz də əcnəbi məşqçi üzərində dayanmadınız?

— Fakt göz qabağındadır da… Klublarımızda çalışan hansı əcnəbi nəticə verib ki? Doğrudur, dünyanın hər yerində əcnəbi məşqçilər fəaliyyət göstərirlər. Müəyyən nailiyyətlərə də imza atırlar. Onlar elə məşqçi dəvət edirlər ki… Lakin bizdə… Biz elə məşqçi dəvət etməliyik ki, o, bizimkilərdən daha bacarıqlı olsun, əgər belə demək mümkünsə, heç olmasa bir baş üstün olsun. Ondan həm yerli məşqçilər, həm də futbolçular faydalana bilsinlər. Sizə bir fakt deyim də… Türkiyənin məşqçiləri, üstəlik, futbolçuları məhz elə güclü məşqçilərdən bəhrələnib bu günkü səviyyəyə çıxıblar… Türkiyədə futbol sahəsində çalışmış Zepp Piontekdən və Yup Dervaldan bu oyunun sirlərini öyrənmiş Fateh Terim bu gün dünyaya meydan oxumurmu?

– Bəs hazırda ölkəmizdə çalışan hansı əcnəbi məşqçidən razısınız?

— Mənim aləmimdə hazırda ölkəmizdə fəaliyyət göstərən məşqçilərdən yalnız “İnter”in baş məşqçisi Kaxaber Sxadadze özünü doğruldub…

QVAMİ MƏHƏBBƏTOĞLU

RASİM MƏMMƏDLİ