Jestlər, mətbuata hörmətsizlik və havada qalan

628

Məqsəd İsayevi alqışlamaq lazımdır. Alqışlamaq lazımdır ki, Mahir Şükürovu sıradan çıxardı. Kubokun oyunlarında elə bir futbol sərgilədi ki, “Neftçi” başa düşdü ki, Mahir Şükürov əvəzolunmaz deyil. Məqsəd İsayev hələ ağır yükün altına girməyə tam hazır olmasa da, hazırdır, futbol oynamağa hazırdır.

Bütün bunları nəzərə alan “Neftçi” Mahir Şükürovu siyahıdan sildi və onunla sözləşmə imzalanmadı. Bunu “Çempion” qəzetinə açıqlamasında Tahir Süleymanov d təsdiqlədi. Əslində, mənə görə insan bir yerdə çox qalmalıdır. Gedəndə isə elə getməlidir ki, qayıdıb həmin örtdüyü qapını açanda onun qarşısına çıxan olsun, “xoş gəlmisən” deyəni olsun. Mahir Şükürov buna malikdirmi?

Malik deyil… Mahir Şükürov indiyə qədər oynadığı bütün klublardan problemlərlə ayrılıb. Biz yazaq siz də hali olsun…

 

“İnter”

İnsan həyatda öz işini lap üst səviyyədə bacarsa da, bəzən onun işinə yox insanlığına qiymət verirlər. Mahir Şükürov “İnter”də iki dəfə oynayıb. Hətta burada sərgilədiyi oyundan sonra “Anji”yə transfer olunub. Amma paytaxt klubu böyük təcrübəyə malik, Azərbaycan millisində və “Neftçi”də kapitan sarğısını daşımış Mahiri sərəncamında görmək istəmir. Klub prezidenti Georgi Nikolovun açıqlaması isə iynələrlə doludur. Nikolov məsələ ilə bağlı belə deyib: “Kim? Mahir Şükürov? Bu yəqin zarafatdı. Hətta, zarafat deyil, “quşdur” (это не шутка это утка). Şükürovun adı bizim komandada heç hallanmayıb. Mən Kaxaberin xasiyyətini də bilirəm. Mən və o belə bir futbolçunu komandamızda istəmərik. O artıq iki dəfə bizim komandada oynayıb. Atalar 3-dən deyib. Amma, bu 3-cü Şükürovluq deyil”.

 

“Xəzər Lənkəran”

Mahir Şükürovun ən böyük problemlərindən biri odur ki, klubdan gedərkən və ya getdikdən sonra klub rəhbərliyi ilə yanaşı azarkeşlərlə də problem yaşayır. Mahirin həm “Xəzər Lənkəran”la, həm də onun azarkeşi ilə problemi mövcuddur. Vaxtilə Mübariz Mənsimovun Lənkəranı tərk etməsi üçün vaxt qoyduğu Mahir Şükürov daha sonra “Neftçi”nin heyətində cənuba gedərkən fanatlar tərəfindən söyülüb və   ciddi şəkildə təhqir olunub. Əslində, sözsüz ki, heç bir azarkeşin   futbolçunu söymək haqqı yoxdur. Amma eyni zamanda, milli üzvü, vaxtilə yağ bal içində bəslənilən oyunçunun da dönük çıxmağa, ağzına gələni danışmağa, eləcə də orta barmaq göstərmək haqqı yoxdur.

Odur ki, indiki məqamda yerli futbolunu gündüz fənərlə axtaran “Xəzər Lənkəran”da belə Mahir Şükürovun oynamaq ehtimalı yoxdur. Klubun mətbuat xidmətindən isə məsələyə belə münasibət bldirilib: “Mahir Şükürov? Onun burada nə işi var?

 

“Bakı”

“Bakı” klubuna da Mahir Şükürov kimi futbolçu lazım deyil. Bunu illər öncə “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov bildirmişdi. “Qəbələ”dən ayrılıb, “Xəzər Lənkəran”a gedirəm deyən futbolçu bu keçid alınmadıqdan sonra üzünü “Bakı” tərəfə tutmuşdu. Zeynal Məmmədov isə bildirmişdi ki, Mahir Şükürovu “Bakı”nın bazasının həndəvərinə qoymaz.

Bax belə, yəqin ki, indiki məqamda Mahir Şükürov özü də bazanın həndəvərinə getməz. Pul yoxdu axı…

 

“Qəbələ”

Mahir Şükürovun “Qəbələ”yə etdiklərini ümumiyyətlə başa düşmək çətindir. Mahir Şükürov “Qəbələ”nin aparıcı oyunçusu olmaqla yanaşı, həm də kapitanı idi. “Qəbələ” hətta Mahir Şükürov dopinqdə ilişəndə onun arxasında durdu. “Qəbələ” bildirdi ki, Mahir Şükürov bizim futbolçumuzdur və sona qədər bu məsələnin necə nəticələnəcəyini gözləyəcəyik. Amma Mahirin cavabı necə oldu?

Futbolçu dopinq problemini Foqtsun əli ilə həll etdikdən sonra “Qəbələ”yə dedi ki, sən kimsən, mən kiməm? Sona bir neçə tur qalmış şimal klubunu tərk edən Mahir Şükürovun gözü “Xəzər Lənkəran”da idi ki, bu da alınmadı və qaldı havada. Digər klublara 400 min dollar oxuyan Mahir sonda “Neftçi”də aylıq 10 min dollar maaşa oynamağa məcbur oldu.

 

 

AZAL

İndi əksəriyyət Mahir Şükürovun AZAL-a keçmək variantının olduğunu söyləsə də reallıq başqadır. O vaxt AZAL-da 25 nömrəli futbolkada çıxış edən və Junivan Suareslə   əlbir olub ədalətli oyun qaydalarına tüpürən Mahir bu klubdan da problemlə ayrılıb. Hər açıqlamasında AZAL-ın mənə 17 min dollar borcu qalıb deyən Şükürov bu işi şişirtdiyi üçün həmin klubun da gözündən düşüb.

Düzdür, hazırda AZAL-ın baş məşqçisi Tərlan Əhmədovdur. Amma unutmayın ki, Vaqif Qasımov da oradadır. Və bu mənada Mahirin AZAL-a gələ biləcəyi inandırıcı deyil.

 

Digər variantlar

Əgər ciddi bir iş baş verməsə Mahir Şükürov bundan sonra iddiasız klublarda oynamalıdır. Onun xidmətində sabiq baş məşqçisi Əsgər Abdullayev yaxından maraqlanır və hər dəfə etiraf edib ki, Mahir Şükürovu sərəncamında görməyə hazırdır. “Sumqayıt” da Mahirə qucaq açmaq istəyir. Amma bu iki klubun maksimum 3 min maaş vermək imkanı olduğunu nəzərə alsaq, onların Mahirə gücünün çatmadığı ortaya çıxacaq. “Simurq” isə bu oyunçunu istəmir. 32 yaşlı müdafiəçinin legioner həyatı yaşamaq imkanının az olduğunu da nəzərə alsaq, işlər bir az çətinləşir. Amma unutmayaq ki, bunun adı Mahir Şükürovdur. Dopinq qalmaqalından sonra “Neftçi”yə keçən oyunçu…