“JEK”lər niyə “yaddan çıxıb”?

584

Neftin ucuzlaşması, dünya iqtisadiyyatında baş verən böhranın ölkəmizə təsiri dövlət qurumlarında struktur islahatlarının aparılmasını zəruri edib. Hələ bir müddət öncə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirmişdi ki, Azərbaycanda bir-birini təkrarlayan dövlət qurumlarının sayı kifayət qədər çoxdur. Onun sözlərinə görə, bu təşkilatların azaldılması ilə bağlı qərar verilməlidir. Prezident İlham Əliyevin tapşırıqlarından sonra artıq bir sıra struktur islahatları reallaşdırılıb. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, səlahiyyətləri Dövlət Əmlak Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Bundan başqa, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi ləğv edilib. Prosesin davamlı olacağı gözlənilir.
Çox maraqlıdır ki, 2009-cu ildən bəri ləğv olunacağı gözlənilən mənzil istismar sahələri, yəni əhalinin “JEK” kimi tanıdığı qurumlar hələ də fəaliyyətlərini davam etdirirlər. Struktur islahatlarının aparıldığı bir dövrdə “JEK”lər niyə yada düşmür? Məlumat üçün bildirək ki, yeni “Mənzil Məcəlləsi”nə əsasən, “JEK”lər ləğv olunmalı və əvəzində yeni idarəçilik sistemi yaradılmalıdır. Onların funksiyalarının müəyyən hissəsini bələdiyyələr, müəyyən hissəsini isə yeni yaradılacaq məhəllə komitələri həyata keçirəcəklər.
Qeyri-rəsmi məlumatlara görə, hazırda ölkəmizdə 200-ə yaxın “JEK” var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir.
Mövzu ilə bağlı  açıqlama verən iqtisadçı alim Vüqar Bayramov dedi ki, mövcud qanunvericiliyə əsasən, “JEK”lər təsərrüfathesablı qurumlardır: “Təsərrüfathesablı qurumlar kimi “JEK”lərin gəlirlərinin əhəmiyyətli hissəsi məhz əhaliyə xidmət nəticəsində əldə edilən vəsaitlər hesabına formalaşır. Struktur islahatlarında “JEK”lərin ləğv edilməsi düşünmürəm ki, maliyyə resurslarına ciddi qənaətdir. Lakin bu sektorda çevikliyin təmin edilməsi və şəffaflığın artırılması baxımından vacib hesab olunur. Mənzil Məcəlləsində də “JEK”lərin ləğvi nəzərdə tutulur. “JEK”lərin indiki formatda fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Çünki müəyyən xidmətlər var ki, artıq bələdiyyələr tərəfindən göstərilir, müəyyən xidmətlər də var ki, bina sakinlərinin özləri tərəfindən həyata keçirilə bilər”.
Vüqar Bayramov dedi ki, “JEK”lər praktik olaraq hətta köhnə binalarda yaşayanlara belə ciddi dəstək olmurlar: “JEK-lər əlavə bir quruma çevrilməkdədirlər və bu hiss olunmaqdadır. Ona görə də “JEK”lərin ləğvi vacibdir, buna ehtiyac var. Bu, birmənalı şəkildə strukturun yeniləşməsinə və islahatların aparılmasına imkan verəcək. Mənzil Məcəlləsinə əsasən, binalarda xüsusi komitələrin formalaşmasına, binaların idarəetməsinin komitələr tərəfindən həyata keçirilməsinə ehtiyac var. Ona görə indiki məqamda “JEK”lərin fəaliyyətinə ciddi ehtiyac görünmür, onların ləğvi məqsədəuyğun hesab edilir”.
Müsahibimizin fikrincə, “JEK”lərin ləğvi onların fəaliyyət göstərdiyi sektorda həm şəffaflığın artmasına, həm də korrupsiya hallarının tamamilə aradan qaldırılmasına imkan verəcək: “JEK”lərin özlərini saxlamaları üçün müəyyən xərclər var; bundan əlavə, həmin qurumlar dövlət əmlakında yerləşirlər. Güman edirəm ki, struktur islahatlarının bir elementi də JEK-lərin ləğv edilməsi və onun funksiyalarının bir qisminin bələdiyyələrə, bir qisminin isə binalarda fəaliyyət göstərən sakinlərdən formalaşmış komitələrə verilməsinə ehtiyac var. JEK-lər təsərrüfathesablı olsalar belə, yerli icra hakimiyyətləri xətti ilə müəyyən vəsaitlər alırlar. Amma əslində Nazirlər Kabinetinin qərarına əsasən, “JEK”lər təsərrüfathesablı olub, təsərrüfat hesablı fəaliyyət göstərməlidirlər”.
”Bəs “JEK”lərin səlahiyyətlərinin müəyyən hissəsinin bələdiyyələrə verilməsi nəyi dəyişə bilər?” sualımıza həmsöhbətimiz belə cavab verdi: “Bələdiyyələrin funksiyalarının genişləndirilməsinə ehtiyac var. “JEK”lərin ləğvi eyni zamanda bələdiyyələrin funksiyalarının genişləndirilməsinə gətirib çıxara bilər. Bu, imkan verəcək ki, bələdiyyələr daha çox xidmət həyata keçirsinlər. Eyni zamanda bəzi xidmətlərin ödənişli olduğunu nəzərə alsaq, bu, bələdiyyələrin maliyyə təminatı baxımından vacibdir. Ona görə də mənim fikrimcə, həm bələdiyyələrin funksiyalarının genişləndirilməsi, həm də bələdiyyələrin maliyyə təminatına müəyyən dəstəyin verilməsi baxımından “JEK”lərin funksiyalarının bələdiyyələrə verilməsi daha məqsədəuyğundur”.
Mövzu ilə bağlı mətbuatı araşdırarkən bir sıra maraqlı faktlar diqqətimizi çəkdi. Belə ki, bilavasitə bu sahə ilə bağlı olan bir çox millət vəkilləri “JEK”lərin yaxın vaxtlarda ləğv olunacağı ilə bağlı açıqlama versələr də, reallıqda heç nə dəyişməyib.
Məsələn, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə təxminən 1 il öncə demişdi ki, mənzil istismar sahələri faktiki fəaliyyət göstərmələrinə baxmayaraq, onların bu fəaliyyəti üçün heç bir hüquqi aspekt yoxdur: “Hazırda çoxmənzilli binaların idarəsinə MİS-lər baxsa da, 3 il əvvəl qəbul olunmuş Mənzil Məcəlləsində binaların idarə edilməsinin üç üsulu göstərilib. Binaların sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və idarəedici təşkilat tərəfindən idarə olunmasıdır. Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunarkən orada MİS-lərin adı qeyd olunmayıb. Məhz bu səbəbdən də yaxın vaxtlarda MİS-lərin fəaliyyəti tamamilə dayanacaq”.
Milli Məclisin dünən keçirilən iclasında millət vəkili Fəzail İbrahimli də “JEK”lərin ləğv olunması məsələsini bir daha gündəmə gətirib: “447 milyon manatı özündə daşıyan mənzil kommunal sisteminin, təsərrüfatının bu il saxlanılmasına nə ehtiyac var? Birincisi, mənzillər özəlləşib. İkincisi, kommunal məsələlərlə “Azərsu” özü məşğul olur, “Azəriqaz” məşğul olur. Kanalizasiya sistemi isə tam müstəqildir. Rabitə məsələlərinin də MİS-lərlə əlaqəsi yoxdur, nazirlik müstəqil şəkildə bu işlərlə məşğul olur. Elə buna görə də hər birimizin mənzilində bir problem olanda dərhal başqa istiqamətə yönəlirik, MİS-lərə yox. Odur ki, düşünürəm ki, MİS-lərin saxlanmasına ehtiyac yoxdur, onlar ləğv edilməlidirlər”.
Nicat İntiqam