Jalə Əliyeva: Bu qərarlar hər kəs tərəfindən təqdir olunur

0
480

“Prezident İlham Əliyev dəfələrlə bildirib ki, həyata keçirdiyi siyasət ilk növbədə sosialyönümlüdür. Odur ki, insan amili, onun rifahı həmişə önə çəkilir. Bu ilin fevral ayının ilk günlərində minimum aylıq əmək haqqı, pensiya və təqaüdlərlə bağlı imzalanan Fərman və sərəncamlar da davam etdirilməkdə olan bu siyasətin tərkib hissəsidir. Dövlət başçısı tərəfindən minimum aylıq əmək haqqının, əmək pensiyasının, eləcə də tələbələrin təqaüdlərinin əhəmiyyətli şəkildə artırılması əhalinin sosial müdafiəsində daha bir mühüm addımdır. Hətta mən deyərdim ki, nəhəng addımlardır. Əsasən, aztəminatlı təbəqənin sosial rifahının gücləndirilməsinə yönələn bu qərarlar hər kəs  tərəfindən təqdir olunur”.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Milli Məclisin deputatı bildirdi ki, minimum aylıq əmək haqqının məbləğinin 2019-cu il martın 1-dən 130 manatdan 180 manata, əmək pensiyalarının 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılması, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, eləcə də  doktorantların, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin AMEA-nın magisturatura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması minlərlə insanın sosial rifahının yaxşılaşdırılması deməkdir: “Şübhəsiz, bu, son dövrlər iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatların məntiqi nəticəsidir. Yeri gəlmişkən, fevralın 18-də cənab Prezident İlham Əliyev  Sumqayıta səfəri çərçivəsində dənizkənarı bulvarda şəhər sakinləri ilə görüşündə bu siyasətin davam etdiriləcəyini də bir daha vurğulayıb: “…Əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, uşaqlar daha da yaxşı böyüsünlər, Vətənimizin layiqli övladları olsunlar, ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin”. Təkcə bu fakt dövlətimizin başçısının Azərbaycanın hər bir vətəndaşına necə qayğı ilə yanaşdığından, eləcə də  ölkəmizdə sosial məsələlərin həllinin heç zaman gündəmdən düşməyəcəyindən xəbər verir. Yəni güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaq. Bu həm də ölkəmizdə həyata keçirilən siyasətimizin mahiyyətinin, eləcə də dövlət-vətəndaş münasibətlərinin sağlam zəmində qurulduğunun, ölkəmizdə insan kapitalına çox böyük önəm verildiyinin göstəricisidir. Ümumiyyətlə, cənab Prezident vətəndaşlarımızın  sosial rifahının yaxşılaşdırılmasını heç zaman diqqətdən kənarda qoymur. Bu mənada dövlət başçımız sözün həqiqi mənasında, həmişə onların yanındadır”.

Ölkəmizdə həyata keçirilən sosial siyasətin həm keyfiyyət, həm də ünvanlılıq baxımından yeni bir mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayan J.Əliyeva bildirdi ki, bütün bu addımlar yoxsulluq probleminin tam həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”