İxtisas seçimi barədə düşüncələrim

614
Ali məktəblərə qəbul imtahanlarının iki mərhələsindən biri başa çatdı. Abituriyentlər, onların valideynlərinin həyəcanı ən zirvədədir. Doğrudur, hər kəs nə qədər bal topladığını təqribən bilir, amma yenə də son söz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına aiddir.
Bu da keçəcək, ballar məlum olacaq və gənclər, onlardan bir qismi isə valideynlərinin seçdikləri ixtisaslara görə tələbə adını qazanacaq.Məsələnin mahiyyəti də elə bundan ibarətdir: ixtisas seçimi necə olmalıdır?Bugünkü abituriyentlərin valideyinləri keçmiş sovet siyasi, sosialist iqtisadi sisteminin dağılmağa başladığı, amma şüuraltında hələ də özünə möhkəm yer etmiş insanlardır. Onlar rahat kabinetlərdə oturub, bu və ya başqa məsələnin həlli ilə əlaqədar onlara müraciət edən, başqa sözlə, onlara işi düşən vətəndaşlardan pul, yaxud imtiyazlar qopararaq yaşamağı təmin edə biləcək ixtisaslara üstünlük verənlərdir. Buna görə də övladlarını (ixtisas adlarını çəkmirəm ki, bu vəzifə, peşə və ixtisas sahibləri inciməsinlər) məhz bu yolla sərvət toplamağın mümkün olduğu fakültələrə istiqamətləndirirlər. Yumşaq desək, övladlarını yumuçaq tərzdə “dolanışıq” adı verdikləri rüşvətlə yaşamağa təşviq edirlər.Digər qismi də belə düşünür, amma övladının savadının bu fakültələr üçün kifayət olmadığını bildiyi üçün daha asan fakültələr seçməli olur və övladlarını təskinləşdirirlər: “Sən bir buraya qəbul olun, qurtar, gör səni necə işə düzəldəcəyəm!”  “Necə iş” dediyi yenə asan qazanc mənbəyi olan vəzifələrdir.

İşin faciəli tərəfi bir də bundan ibarətdir ki, insan tərbiyə etmək vəzifəsini yerinə yetirən müəllimlərimizin də bir qismi bu valideynlərdən fərqli deyillər. Axı onlar da öz növbəsində valideyndirlər və şagirdləri ilə sorğu-sualda pullu fakültələri seçənlərə təbəssümlü, pedaqoji, incəsənət, mədəniyyət,  üzrə ixtisas seçənlərə isə dodaq büzərək münasibət bildirirlər. Beləliklə, hələ həyata yenicə qədəm basmağa hazırlaşan bu gənclərin düşüncəsinə, təsəvvürünə, təxəyyülünə, əxlaqına sağalmaz yaralar vurur, onları vətəndaş olmağa deyil, parazit həyat sürməyə sövq edirlər.

Bu kimi çox mühüm məsələdə təəssüf ki, bəzi dövlət orqanları, kütləvi informasiya – media orqanları da kənarda qalır, bu sahədə öz börclarını, vəzifələrini unudurlar. Halbuki  ölkənin gələcəyi məhz bu gün seçiləcək ixtisaslardan asılıdır desək, yanılmarıq. Bu gün çox sayda iqtisadçının, mühəndisin, hüquqşünasın xəyalında yaşatdığı işlə təmin oluna bilməməsi, xəyallarının puç olması və həyatını təmin edə bilmək üçün tamamilə başqa işlərlə məşğul olmaları məhz bu yanlış istiqamətləndirmələrin və laqeydliyin nəticəsi deyildirmi?

Bu gün universitetə daxil olan gənclər dörd və ya beş, altı il, bir qismi daha sonra məzun olacaqlar. Beş-on il də bu məzunların seçdikləri ixtisas üzrə təkmilləşməsinə sərf ediləcəkdir. On il, iyirmi il sonra Azərbaycan hansı inkişaf səviyyəsində olacaqdır? Azərbaycana hansı ixtisaslar üzrə mütəxəssislər lazım olacaqdır? Dünyaya inteqrasiya olunan Azərbaycanın təkcə ölkəmizdə deyil, başqa ölkələrdə hansı ixtisas və peşələrə ehtiyacı olacaqdır?

Bu sualların cavabı ciddi arayış və təhlil tələb edir. Müvafiq dövlət orqanları medyadan da istifadə edərək bu yöndə maariflərndirmə işi aparmasa, məktəblərdə şagirdlərlə bu mövzuda söhbələr təşkil edilməzsə, nəticə daha ağır ola bilər. Bu iddiaların doğru olduğuna inanmanız üçün, məktəblərimizə baxın. Müəllim və tərbiyəçi kadrlarının əksəriyyəti qadınlardır. Halbuki burada oğlalar da təhsil alır və onlar kişi müəllimlərlə təmasda olmağa möhtacdırlar.

Xəstəxanaların, klinikalara baxın. onların sayı yağışdan sonra çıxan göbələk kimi artır, amma hər biri ordan-burdan “arendaya götürdüklər” xarici universitet məzunu həkimləri reklam etməklə “səhiyyə xidməti göstərir,” əslində dərman satırlar. Mədəniyyət, incəsənət müəssisələrimiə baxın.  Hanı sovet dövrünün məşhur ədibləri, memarları, rəssamları, heykəltaraşları, bəstəkarları, müğənniləri, aktyorları, rejissorları? Telekanalların hamısı serial çəkib nümayiş etdirir, amma əksəriyyətinin içi boş, mənasız…

Bəli, işimiz “amma”dır. Çünki zamanı, onun tələblərini düzgün oxuya, düzgün oxuda bilmirik. Buna görə də təklif edirəm: Gəlin, gənclərimizi vicdanlı, namuslu, halal qazancla yaşayacaq vətəndaşlar yetişdirə bilməmiz üçün papağımızı qarşımıza qoyub düşünək. Düşünməklə də qalmayaq, bu məsul vəzifəni həyata keçirmək üçün konkret addımlar ataq. Axı bu vətən də, vətəndaşlar da bizimdir!

Nazim Əkbərov