İxtisarlar başlayıb: işçilərin ailə vəziyyəti mütləq nəzərə alınmalıdır

0
658

Dünyada yaşanan iqtisadi böhranın ölkəmizə təsiri, neftin ucuzlaşması, devalvasiyanın nəticəsi olaraq son vaxtlar ölkəmizdə özəl sektorda bağlanan iş yerlərinin sayının artdığı bildirilir. Bundan əlavə, ixtisarların da sayı artıb. Belə ki, əvvəlki qədər qazana bilməyən özəl sektorda çalışan şirkətlər işçilərin sayını azaltmaqla itkilərini kompensasiya etmək istəyirlər. Yayılan məlumatlarda son dövrlər dövlət təşkilatlarında da ixtisarların başlandığı qeyd olunur. Məsələn, G. A. son bir neçə günədək Zərdab Rayon Mədəniyyət Turizm Şöbəsində – kənd kitabxanalarından birində çalışırmış. Dediyinə görə, iqtisadi böhranın ölkəmizə təsirlərini əsas gətirərək, onu işdən azad ediblər: “Ümumilikdə, Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsi üzrə 60 nəfərin işdən çıxarıldığı bildirildi. Onlardan biri də mənəm. Deyilənə görə, tapşırıq Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyindən gəlib”.

G. A. bankdan kredit götürdüklərini və ixtisara düşdüyü üçün bundan sonra aylıq ödənişləri çox çətinliklə verəcəyini söylədi.

Qeyd edək ki, son dövrlər Bakıda icarəyə verilən obyektlərin sayı kəskin şəkildə artıb. Paytaxtda istənilən küçədə vitrininə “icarəyə verilir” yazılmış çoxlu sayda obyektlər görmək mümkündür. Bunun səbəbi isə sahibkarların icarə haqlarını ödəyə bilməmələridir. Belə ki, onlar ya nisbətən daha ucuz yerlərdə ofis kirayəyə götürür, ya da fəaliyyətlərini, ümumiyyətlə, dayandırırlar. Əvvəllər bir neçə işçisi olan bəzi ictimai obyektlərdə isə işçilər ixtisara salınır və onların işləri ixtisara düşməyən işçilərə yüklənir.

Yeri gəlmişkən, ölkəmizdə iş yerlərinin bağlanması məsələsinə bir müddət öncə Prezident İlham Əliyev də toxunmuşdu. Dövlət başçısı 2015-ci ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında ölkəmizdə bu müddət ərzində 67 min iş yerinin açıldığını, onun 30 mininin bağlandığını qeyd etmişdi. Hələ o vaxt ölkə başçısı bildirmişdi ki, həmin iş yerlərinin nə səbəbdən bağlandığı araşdırılmalıdır. Məlumatda qeyd edilib ki, bağlanan iş yerləri üzrə ən yuxarı göstərici Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında olub.

Ölkəmizdə dövlət və özəl müəssisələrində ixtisarların aparılmasına münasibət bildirən millət vəkili Qənirə Paşayeva indiki şəraitdə işçiləri ixtisar etməməyə, məcbur qaldıqda isə ailədə bir nəfər işləyən varsa, ona toxunmamağa çağırıb. Millət vəkili dövlət və özəl qurumlara müraciət edib. O bildirib ki, indiki şəraitdə çalışmaq lazımdır ki, çox işçi ixtisara düşməsin və insanlar iş yerlərini itirməsinlər, çünki insanlar üçün iş yerlərini itirmək çox ciddi problemdir: “Bəzi dövlət və özəl qurumların rəhbərləri işçi ixtisara salanda heç baxmır ki, bir bunu araşdırım görüm bu adamın ailəsində başqa işləyənlər varmı, bu ailənin büdcəsinə ayda nə qədər pul gəlir, bu adam işini itirsə, onun ailəsi hansı faciələrlə, ağır problemlərlə üzləşə bilər. İnsanları çıxılmaz vəziyyətdə qoymaq olmaz. Mən bütün dövlət və qeyri-dövlət qurumlarını, şirkətləri çağırıram ki, hər bir insanla bağlı ciddi araşdırma aparsınlar və bu addımı atmazdan əvvəl ciddi düşünsünlər. İndi biz hamımız bir-birimizi daha çox düşünməli, kömək etməliyik”.

Qənirə Paşayeva bildirib ki, əgər ailədə təkcə bir nəfər işləyən varsa və ya ailədə xəstələr, ağır vəziyyətdə olan insanlar varsa, o ailədən işləyən insanı ixtisara salmaq olmaz: “Qurumlarımız özlərini o adamların yerinə qoysunlar, sonra addım atsınlar. Bu məsələyə ciddi yanaşmalıyıq”.

Millət vəkili Fazil Mustafanın isə məsələyə münasibəti belə olub: “Ölkədə hər gün 300-500 adam işsiz qalır. Bu işsiz ordusu sabah aclar ordusudur. Sabah dövlətə qarşı təxribatçı qüvvələr onlardan istənilən səviyyədə istifadə edə biləcəklər. Ona görə də biz bunun qarşısını almalıyıq. İş yerləri bağlandıqca yenidən insanları iş yerinə qayıtmaq imkanı olmur. Bir neçə bankın açıqlamasına görə, attestasiya adı ilə 200-300 insan işdən azad olunur. Bunun ailəsi var, uşağı var. Bu hara, kimə qoşulmalıdır? İmkansız vəziyyətdə hansı işlərlə məşğul olmalıdır?”.

İxtisar məsələsi həm də hüquqi məsələdir. Bakı Hüquq Mərkəzindən (BHM) bir müddət öncə bununla bağlı “Zaman-Azərbaycan”a verilən yazılı açıqlamada deyilir: “İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulur. Həmin maddənin 1-ci hissəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir”.

Həmin maddənin 2-ci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir, şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadlarına (ərlərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara, məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

Bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin və halların siyahısı göstərilib: “Belə ki, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində və s. işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu şərtlər işçinin işlədiyi müəssisə bağlandığı və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı hallara şamil olunmur.

Nicat İntiqam