İxrac olunan xam neftin həm miqdarı, həm də dəyəri aşağı düşüb

565
Ötən illərdə olduğu kimi cari ildə də xarici ticarət sahəsində ən çox xam neft, neft məhsulları və təbii qaz ixrac olunub. 
2014-cü ilin ilk 9 ayı ərzində xarici ölkələrə 18,88 milyard dollar dəyərində xam neft, neft məhsulları və təbii qaz satılıb ki, bu da ümumi ixracın 92,7%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, neft, təbii qaz və neft məhsullarının ümumi ixracdakı payı ötən ilin analoji dövrü ilə müqayisədə aşağı düşüb. Belə ki, ötən il neft, qaz və neft məhsullarının ümumi ixracdakı payı 92,8% təşkil edib. Məlumat üçün onu da bildirək ki, ötən ilki göstərici də 2012-ci illə müqayisədə aşağı olub. Qeyd edək ki, neft, qaz və neft məhsullarının ümumi ixracdakı payı 2008-ci ilin yanvar-sentyabr aylarında ən yüksək həddə – 97,1%-ə çatıb. Növbəti ildə bu nisbət azalaraq 92,6%-ə düşsə də, 2010-cu ildə yenidən yüksələrək 94,1%-ə, 2011-ci ildə isə bir qədər də artaraq 94,9%-ə barəbər olub. 2012-ci ildə isə yenidən azalaraq 93,5% qədər düşüb. Onu da bildirək ki, cari ilin yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarının ümumi həcmi 23,8 milyard dollar təşkil edib və bu, ötən ilin müvafiq dövrünə nisbətən 8,6% azdır. Bu ilin 9 ayında idxal əməliyyatları 6,5 milyard, ixrac əməliyyatları isə 17,3 milyard dollar təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən idxal 19,1%, ixrac isə 3,8% aşağı düşüb.

 İxrac olunan təbii qazın miqdarı 40,6%, dəyəri isə 42,5% azalıb

Cari ilin ilk 9 ayı ərzində ixrac olunan xam neft və təbii qaz ötən ilin analoji dövrü ilə müqayisədə azalıb, neft məhsullarının ixracı isə artıb. Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatda göstərilir ki, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində xaricə gömrük bəyannamələri əsasında 18,2 milyon ton xam neft, 1,4 milyard kubmetr təbii qaz, 1,46 milyon ton neft məhsulları ixrac olunub. Qeyd edək ki, ötən ilin ilk 9 ayı ərzində 18,8 milyon ton xam neft, 2,36 milyard kubmetr təbii qaz, 1,19 milyon ton neft məhsulları ixrac olunub. Xaricə satılan xam neftin həm miqdarı, həm də dəyəri ötən illə müqayisədə aşağı düşüb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında ixrac olunan neftin dəyəri 15,3 milyard dollar olduğu halda, cari ilin yanvar-sentyabr aylarında 3,2% artaraq 14,8 milyard dollar təşkil edib. İxrac olunan təbii qazın miqdarı ötən illə müqayisədə daha çox – 40,6%, dəyəri isə 42,5% azalıb. Ötən ilin ilk 9 ayında ixrac olunan təbii qazın dəyəri 557,9 milyon dollar olduğu halda, bu il 237,5 milyon dollar olub.

 9 ayda ölkəyə 290,6 milyon dollarlıq tütün və tütün məhsulları gətirilib

Neft, qaz və neft məhsullarından başqa cari ilin 9 ayı ərzində xarici ölkələrə ən çox şəkər (172,5 milyon dollar), həmçinin meyvə-tərəvəz (168,2 milyon dollar) satılıb. Bunlardan başqa ixrac edilən məhsullar arasında bitki və heyvan mənşəli yağlar (146,7 milyon dollar), plastmassa və onlardan hazırlanan məmulatlar (114,1 milyon dollar) və digər məhsullar üstünlük təşkil edib. Cari ilin ilk 9 ayı ərzində xarici dövlətlərdən ölkəmizə ən çox maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib. Satın aldığımız bu məhsulların ümumi dəyəri isə 1 milyard 866 milyon dollar təşkil edib. Bu, ümumi idxalın 28,6%-nə bərabərdir. Qara metallar və onlardan hazırlanan məhsullar (696,1 milyon dollar və ya ümumi idxalın 10,6%-i) idxal malları arasında üçüncü sırada yer alıb. Eyni zamanda ilk 9 ay ərzində 579 milyon dollar (ümumi idxalın 8,9%-i) dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. 2014-cü ilin yanvar-sentyabr aylarında 721,2 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 172,5 milyon dolları buğdanın, 144,9 milyon dolları şəkərin payına düşüb. Hesabat dövrü ərzində ölkəmizə 290,6 milyon dollar dəyərində tütün və tütün məhsulları idxal olunub. Tütün və tütün məhsulları ixracı son bir il ərzində 15,9% artıb. Eyni zamanda əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün 9 ayda 177,7 milyon dollar ödənilib və ötən illə müqayisədə 5,5% azalıb. 2014-cü ilin ilk 9 ayı ərzində ən çox artım ət idxalında qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə idxal olunan ətin dəyəri 41,1% artıb. Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında ölkəmizə 14,4 milyon dollar dəyərində ət gətirilib.

 Avtomobil idxalı kəskin azalıb

2014-cü ilin yanvar-sentyabr ayları ərzində ölkəyə 47 min 984 ədəd avtomobil idxal olunub. Bu da, ötən ilin anoloji dövrü ilə müqayisədə 27 min 518 ədəd və ya 36,4% azdır. Belə ki, ötən ilin 9 ayı ərzində ölkəyə 75 min 502 ədəd avtomobil gətirilib. Sentyabrda ölkəmizə 4 min 708 avtomobil gətirilib, halbuki 2013-ün sentyabrında 8 min 276 ədəd avtomobil idxal olunub. Bu da sentyabrda idxalın ötən ilin eyni ayı ilə müqayisədə 1,8 dəfəyə yaxın azalması deməkdir. Yanvar-sentyabr ayları ərzində 244 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 43 min 496 ədəd minik  avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3 min 946 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 298 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub. Bu ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 24 min 991 ədəd və ya 36,5% azalıb. Eyni dövrdə yük avtomobillərin idxalı 1715 ədəd və ya 30,3% azalıb.

 İxracda İtaliya, idxalda Türkiyə birinci olub

Hesabat dövrü ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Yanvar-sentyabr ayları ərzində bu ölkəyə 4,03 milyard dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 23,2%-i İtaliyanın payına düşüb. Bundan başqa İndoneziyaya 1,86 milyard (ümumi ixracın 10,7%-i), Almaniya 1,46 milyard (8,4%), İsrailə isə 1,189 milyard dollar (6,8%) dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə 1,188 milyard dollarla Fransa, 685,3 milyon dollarla Hindistan, 667,2 milyon dollarla Tailand, 505,3 milyon dollarla İspaniya və digər dövlətlər gəlir. Cari ilin yanvar-sentyabr ayları ərzində ən çox məhsul Türkiyədən alınıb. Bu ölkədən idxal olunan məhsulların dəyəri 915,4 milyon dollar təşkil edib ki, bu da ümumi idxalın 14,04%-ə bərabər olub. Türkiyədən sonra ən çox Rusiyadan və Böyük Britaniyadan məhsul gətirilib. Bu ölkələrdən müvafiq olaraq 897,8 milyon (ümumi idxalın 13,7%-i) və 679,1 milyon dollarlıq (10,4%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (490,6 milyon dollar), Çin (466,6 milyon dollar), ABŞ (437,9 milyon dollar) və digər dövlətlər tutur.

Allahverdi Cəfərov