“İtirdiyimiz xalları bərpa etməyə çalışacağıq”

463

Yay fasiləsində heyətini xeyli gücləndirən və çempionluğa əsas namizədlər arasında göstərilən “Xəzər Lənkəran” ilk 6 turda ümidləri doğrultmadı. Belə ki, cənub təmsilçisi geridə qalan 6 turda cəmi 7 xal toplaya bilib və turnir cədvəlində 7-ci pillədə qərarlaşır. Həm baş məşqçinin, həm də futbolçuların yeni olduğunu nəzərə alsaq, uğursuz startı müəyyən mənada başa düşmək olar. Lakin artıq kollektivin uyğunlaşması üçün kifayət qədər zamanın geridə qaldığını və bundan sonra daha güclü “Xəzər Lənkəran” izləməli olduğumuzu düşünürük. Elə komandanın yeni transferlərindən olan Əfran İsmayılov da bizimlə eyni fikirdədir. Milli komandamızın yarımmüdafiəçisi “Çempion”a açıqlamasında komandasının ilk turlardakı çıxışını dəyərləndirdi, bundan sonrakı hədəflərdən və özünün hazırkı durumundan söz açdı.

– “Xəzər Lənkəran”ın ilk 6 turdakı çıxışını necə dəyərləndirirsən?

– Mövsümə bizə yaraşan oyunlarla başlamadıq. Öz meydançamızda “Sumqayıt”a məğlub olmağımız bizim üçün pis nəticə oldu. Mənə elə gəlir ki, əsl oyunumuzu hələ sərgiləyə bilməmişik.

– Çempionluğa oynayan bir komandanın 6 oyunda 7 xal toplaması heç də yaxşı nəticə deyil. Səncə, bunun səbəbi nədir?

– Bunun səbəbi çoxdur, biz zəif komanda deyilik. Sadəcə olaraq, Premyer Liqaya zəif başladıq, ona görə də hələlik vəziyyət belədir. Bunun üçün çalışırıq əlimizdən gələni edək və daha yaxşı nəticə göstərək.

– Zədədən sonra son 3 oyunda iştirak etdin, ilk dəfə ötən turda start heyətdə yer aldın. Artıq özünü tam hazır hiss edirsənmi?

– Bəli, zədədən sonra ilk dəfə “Araz Naxçıvan”la oyunda start heyətdə meydana çıxdım, qalib gəldik. Özümü 85-90 faiz hazır hiss edirəm. Getdikcə yaxşı olacağam və komandama daha yaxşı xidmət edəcəyəm.

– Ancaq hələ də 90 dəqiqə oynamamısan. Fiziki cəhətdən buna hazır deyilsən?

– Məlum səbəbdən komandanın yay təlim-məşq toplanışında iştirak edə bilmədim. Bəzi problemlər oldu. Zədədən sonra 20 dəqiqə, sonra bir az artıq oynamağa başladım. İnanıram ki, baş məşqçinin ümidlərini doğruldacağam. Hələ tam istədiyim səviyyədə deyiləm.

– Bəs əvvəlki Əfran İsmayılovu izləməyimiz üçün nə qədər zamana ehtiyacın var?

– Çalışıram mənə göstərilən inamın qarşılığı kimi əlimdən gələni edərək komandaya daha çox faydalı olum. Yəqin ki, 3 tur sonra tam hazır vəziyyətdə olaram.

– Həm sən, həm də bir çox futbolçu komandada yenidir. Uyğunlaşma prosesi necə gedir?

– Düzdür, futbolçular yenidirlər. Amma bunun üçün çox da zamana ehtiyac olmamalıdır məncə. Çünki burada olan futbolçular çox vaxt birlikdə oynayıb, bir-birilərinin oyunlarına bələddirlər. Uyğunlaşmada problem yoxdur, olmamalıdır da.

– Baş məşqçi Oğuz Çətin də yenidir. Məşqçinizin hansı özəllikləri var?

– Bəli, baş məşqçimiz yenidir. Amma mənə elə gəlir ki, bir-birimizi anlamaqda çətinlik çəkmirik. Oğuz Çətin bizə, yəni futbolçulara qardaşı kimi münasibət göstərir. Bunun da müsbət nəticələri olur. Bu amil getdikcə oyunlarımıza da təsirini göstərəcək.

– Səncə, “Xəzər Lənkəran” nə vaxtdan tam relsə düşəcək və bu mövsümlə bağlı hədəfiniz nədir?

– “Xəzər Lənkəran” artıq öz adına uyğun oyunlar sərgiləməyə başlayıb. Getdikcə itirdiyimiz xalları bərpa etməyə çalışacağıq. Komandada çox yüksək əhvali-ruhiyyə var. Qarşımıza böyük hədəflər qoyulub. Klub rəhbərliyi futbolçularla çox maraqlanır, bütün məşqləri izləməyə gəlirlər. Məncə, heç bir klubda belə bir şey yoxdur. Rəhbərliyin futbolçulara belə dəstək olması çox müsbət haldır.

– Həftəsonu “Qəbələ” səfərinə çıxacaqsınız. Azarkeşləri necə oyun gözləyir?

– Çox maraqlı və gərgin oyun olacaq. Çünki rəqib də xal qazanmaq üçün mübarizə aparacaq. Məncə, “Qəbələ” zəif rəqib deyil. Bununla belə, səfər oyunundan qalib dönəcəyimizə inanıram.

– Bu mövsüm hələ səfər qələbəsi qazanmamısınız. Bu sindromun yaranmasının səbəbi nədir?

– Çempionat hələ yeni başlayıb, uğursuzluqlar oldu. Bu sindromu qıracağımıza inanıram. Qarşımıza böyük hədəflər qoyulub, biz futbolçular bunu dərk edirik. Çempionatımız bu mövsüm çox maraqlı gedir. Zəif komanda yoxdur. Demək olar ki, istənilən komanda bir-birindən xal almağa qadirdir.

– Səni bu mövsüm yaxşı və pis mənada hansı komandalar təəccübləndirdi?

– Yenə deyirəm, bu mövsüm zəif çıxış edən klubumuz yoxdur. Bu, çempionatımızın güclənməsi deməkdir. Demək olar ki, heç nəyə təəccüblənmədim. “Sumqayıt”ın bizi öz meydançamızda məğlub edəcəyinə heç kim inanmırdı, lakin gəldilər, qalib olub, getdilər. İlk pillələrdə yer alırlar. Bu onu göstərir ki, komadalarımız inkişafdadır.

– Bu il çempionluğa əsas favoritin hansı klublardır?

– Çempionluq həmişə “Xəzər Lənkəran”, “Qarabağ”, “Neftçi” və “İnter” arasında gedib. Lakin bu mövsüm belə deyil. Çempion hansı komanda olacaq, bəlli deyil. Sürprizlər ola bilər, bu haqda danışmaq hələ tezdir.

– Son olaraq, bildiyin kimi, yığmanın hədəfi Avro-2016-nın final mərhələsinə vəsiqə qazanmaqdır. Amma komandamız ilk oyunda evdə məğlub oldu. Hədəfə çatmaq nə dərəcə realdır?

– İlk oyunda xal almalı idik. Bunun üçün şanslarımız da oldu. Bolqarıstan millisi əvvəlki kimi güclü deyil, bu komandaya Bakıda qalib gələ bilərdik. Lakin alınmadı. Bundan sonra daha ciddi oynamaq lazımdır. Bizdə bu potensial var, inanıram ki, əlimizdən gələni etsək, 3-cü ola bilərik.

RASİM MƏMMƏDLİ