İtaliya doğrudan da Azərbaycanın əsl dostudur

0
67

Dünya dövlətlərinin böyük əksəriyyəti Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfələr verən Azərbaycanın ərazi bütöv­lüyünün bərpasını arzulayırdılar. Belə ölkələrdən biri də İtaliya idi. Ümumiyyətlə, bu ölkə Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Bu mənada Azərbaycanın 44 günlük haqlı savaşından, daha doğrusu, Vətən müharibəsindən sonra ölkəmizə səfər edən ilk Avropa nümayəndə heyətinin də İtaliyadan olması təqdirəlayiqdir. Bütün dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda italiyalı parlamenitarilərin ölkəmizə səfəri  yüksək dəyərləndirilməlidir. Bunu  iki ölkənin dostluğunun bariz nümunəsi kimi xarakterizə etmək olar. Yəni, onların Azərbaycana səfəri məhz ölkəmizə olan yüksək dostluq münasibətinin göstəricisidir. Şübhəsiz, əlaqələrimizin bu səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar əhəmiyyətli rol oynayıb.

Dekabrın 7-də Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən onların bu gəlişinin təsadüfi olmadığını bildirməklə yanaşı, bu sözləri də deyib: “Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur.” Yer gəlmişkən qeyd edək ki, İtaliya ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr çox sürətlə inkişaf edir və hazırda yüksələn xətlə inkişaf etməkdədir. Bu gün Azərbaycan və İtaliya iki yaxın dost, strateji tərəfdaşdırlar. Təkcə bir faktı xatırladaq ki, 2020-ci ili İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan etmiş bu ölkə Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Belə ki, keçən il İtaliya ilə  ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici 4,2 milyard ABŞ dolları təşkil etmişdir. Yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək. Üstəlik, İtaliya müharibə nəticəsində ölkəmizin ziyan çəkmiş ərazilərinin dirçəldilməsinə də  öz töhfəsini vermək niyyətindədir. “Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər” deyən dövlətimizin başçısı artıq bununla bağlı İtaliya tərəfinə təkliflər verildiyini də vurğulayıb.

İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti səfər çərçivəsində Gəncə şəhərinə və Ağdam rayonuna da baş çəkib. Onların bu səfərlərinin əsas məqsədi Ermənistan ordusunun törətdiyi terrorun nəticələrini görmək olub. Nümayəndə heyətinin adından səfər təəssüratlarından, eləcə də Azərbaycanın artıq beynəlxalq hüquq tərəfindən tanınan sərhədlərinin bərpa olunmasından söz açan İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycanın münaqişədə həyatını itirən mülki şəxslərinə görə başsağlığı verməklə yanaşı, 27 illik işğal dövründə Ağdamda törədilmiş vəhşilikərdən dəhşətə gəldiklərini  də vurğulayıb: “Hətta inanmaq belə çətin idi ki, burada nə zamansa insanlar yaşayıb.”

Onu da qeyd edək ki, İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato jurnalistlərə müsahibəsində də bu məsələdən söz açıb. O, iqtisadi qüdrətimizin xarüqələr yaratmaq iqitdarında olduğunu vurğulayaraq bildirib ki, erməni  vandallarına qarşı təkbaşına mübarizə apararaq öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövlətinin və xalqının səyləri nəticəsində bundan sonra bu torpaqlara həyat qayıdacaq: “Dağıdılmış evlər yenidən bərpa olunacaq, buralar iqtisadi cəhətdən yenidən inkişaf edəcək. İnanırıq ki, beş ildən sonra buraya gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq.”

Ölkəmiz üçün olduqca xüsusi əhəmiyyət kəsb edən belə bir dövrdə burada olmaqdan məmnunluq hissi duyduğunu qeyd edən İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato, həmçinin Azərbaycanın dostu kimi bölgə həqiqətlərini, burada gördüklərini İtaliya və dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcəklərini, Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəklərini də bildirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”