İtən günə gün çatmaz…

84

 

Yaxın keçmişə qədər dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da dərslər sentyabrın 1-də başlayırdı. Həmin gün bizə elə gəlirdi ki, bütün dünya öyrənməyə başlayır. Yeni fəsil yeni dərs ilinin başlanması ilə necə də həmahəng idi! Sentyabrın ilk günlərindən payızın sərinliyi hiss olunur, günlər keçdikcə şagirdlər də məktəb həyatına uyğunlaşırdılar. Bu uyğunlaşma sentyabrın ortasına qədər davam edirdi.

“Sentyabr” sözü latınca “septum” – “yeddi” deməkdir. “Yeddi” bir çox mədəniyyətlərdə uğurlu rəqəm hesab olunur. Dünyanın yaradılışı, göyün yeddi təbəqəsi, həftənin günləri, səslər, rənglər və s. də “yeddi” ilə əlaqədardır. Sentyabr həm də payız fəslinin birinci ayıdır. “Sentyabr” sözünün məzmununda müqəddəslik, “başlanğıc” mənası duyulur.

Bir faktı da qeyd etmək yerinə düşərdi ki, yeniliyə açıq olmaq zəmanəmizin tələbidir. Lakin hər yenilik, həm də illərin sınaqlarından keçib gələn bir köhnəliyin üstündən xətt çəkmək deməkdir. Bütün ənənələri yeniliyə qurban vermək də insafdan deyil. Dərslərin sentyabr ayının əvvəlində başlanmasının qədim tarixi var. Bu ənənə dünya pedaqoji fikrinin və məktəb sisteminin inkişafı və təkmilləşməsinə böyük təsir göstərmiş dahi çex pedaqoqu Yan Amos Komenskidən (1592-1670)  başlanır. Leybnitsin fikrincə, Komenskinin pedaqoji elmin inkişafında xidmətlərini Dekart və Bekonun fəlsəfənin, Kopernikin də astronomiyanın inkişafında göstərdikləri ilə müqayisə etmək olar.

Komenski həm də didaktika elminə gətirdiyi yeniliklərlə məşhurdur. Dərs ili, onun rüblərə bölünməsi, sinif dərs sistemi, şagird biliyinin qiymətləndirilməsi və qeydə alınması, dərs gününün müddəti, ibtidai təhsilin altı yaşdan başlanması və s. kimi bu gün də əhəmiyyətini saxlayan yeniliklər görkəmli pedaqoqun adı ilə bağlıdır. Onun “Real aləm şəkillərdə” adlı kitabı bir çox ölkələrdə 150 il dərs vəsaiti kimi istifadə olunub. Böyük alman şairi Höte dərs aldığı həmin kitabı “nümunəvi kitab” adlandırmışdı.

***

Nə gizlədim, mən əslində cari dərs ilimizin sentyabrın birində başlayacağını gözləyirdim. Təhsil nazirliyinin bu il orta və ali təhsil müəssisələrində dərslərin bir qədər də gec başlanması haqqında qərarı təəccübümə səbəb oldu. Hamıya məlumdur ki, Covid-19 bütün ölkəmizdə də ciddi dəyişikliklərə səbəb olub. Ötən dövr ərzində həm şagird və tələbələr, həm də müəllimlər uzaqdan təhsilə uyğunlaşa bildilər. Biz bu il dərsləri gec başlamaqdansa qazanılmış təcrübədən istifadə edərək ölkəmizdəki epidemioloji vəziyyət qənaətbəxş olana qədər online formada bir qədər də erkən, sentyabrın birində başlaya bilərdik. Qardaş Türkiyədə üzbəüz dərslər bu il sentyabrın 6-da başlansa da, birincilər dərs başlanana qədər bir həftə adaptasiya mərhələsi keçdilər. Adaptasiya təkcə birincilər üçün deyil, təhsilin bütün pillələrində əhəmiyyətlidir. Axı həyat yalnız dərsə getməkdən ibarət deyil. Biz istəsək də, istəməsək də insan orqanizmi ozünəməxsus ritmlə yaşayır. Yeni dərs ilində yeni iş və fəaliyyət rejiminə uyğunlaşmaq ən azı bir həftə davam edir. Başqa sözlə desək, gecikdiyimiz hər gün əksimizə işləyir və bu situasiyaya keçmişin həsrətini oxşayan “Ötən günə gün çatmaz calasan günü günə” deyil, “İtən günə gün çatmaz calasan günü günə” demək uyğun gəlir.

Bütün qərarlara, hətta konstitusiyalara belə dəyişiklik edilir. Mövcud vəziyyətlə əlaqədar olaraq bu dərs ilini online formatda sentyabrın 1-də başlamaq olardı. Çətin vəziyyət gözləməyi deyil, daha çevik qərar qəbul etməyi, çıxış yolu tapmağı tələb edir. Şuşanın şanlı ordumuzun şücaəti ilə mənfur düşmənin əsarətindən azad olunması bu çevikliyin ən gözəl nümunəsidir.

Məktəbin öz ənənəvi funksiyasının öhdəsindən gələ bilməməsi artıq heç kəs üçün sirr deyil və hamı bunu normal hal kimi qəbul edir. Bu baxımdan repetitor və hazırlıq kurslarının geniş şəbəkəsi də məktəbin “əlindən tutub” təhsilimizin inkişafına öz töhfələrini verməkdədir. Ali məktəblərə builki qəbul nəticələri, həm qəbul olunanların həm də yüksək bal toplayanların sayı bunu bir daha aydın şəkildə göstərdi. Bu faktı təhsil sahəsinin rəsmiləri də etiraf etdilər.Yəni ki, uzun illər bundan əvvəl olduğu kimi, indi partadan durub universitetə daxil olmaq mümkün deyil, orta məktəb bu missiyanın öhdəsindən gələ bilmir. Repetitor və kurslarda dərslər öz axarı ilə gedir. Məktəblər isə təyin olunmuş vaxtları gözləməkdədir. İtirilmiş günlərin dərslərini şagirdlərin tətil günləri hesabına ödəmək, bizcə, işin keyfiyyətinə o qədər də müsbət təsir göstərməyəcək.

***

Ali təhsil müəssisəlrində tədrisin gecikdirilməsi də, qəribə görünür. Ötən dərs ilini ali təhsil müəssisələri də uğurla başa vura bildi. Uzaqdan təhsil tələbələr üçün o qədər də ciddi problemlər yaratmır. İndi ölkəmizdə internet şəbəkəsi olmayan yer yoxdur. Budan savayı, ötən dərs ilində tələbələr həm də ixtisaslarına uyğun müxtəlif resurslardan istifadə edərək özünütəhsil vərdirşlərinə müəyyən dərəcədə yiyələnə biliblər. Dərs ilimizin heç olmazsa birinci yarımilini online formatda başalyıb davam etdirsəydik daha səmərəli olardı. Bir el məsəli var: – Soruşan qalar, gedən çatar. Yola bir addım belə atan adam gec-tez mənzilinə catacağından əmin olur. Biz zamanı gözləsək də, zaman bizi gözləmir. Mövcud potensial imkanlarımızdan istifadə edərək bu dərs ilimizi sentyabrın 1-də başalsaydıq təhsilimiz daha çox qazanardı.

Nə qədər qəribə görünəcəyini bilməsəm də, bunlar, bir məktəb və təhsil təəssübkeşi, ömrünün qırx dörd ilini bu işə həsr etmiş müəllim kimi mənim şəxsi fikirlərimdir.

***

Rahib Sədullayev

ADPU Quba Filialının baş müəllimi,

qabaqcıl təhsil işçisi