İsti hava, fəhlə baba, işlə görək…

520

Bir çox insanlar isti havalarda sərin, kondisionerli yerdə oturduqları halda, günün altında, 40-45 dərəcə günəş istisində işləməyə məcbur olanlar da az deyil. Biz xatırlatsaq da, xatırlatmasaq da hər kəs bilir ki, bu cür işlərdə çalışanlar daha çox əhalinin kasıb təbəqəsindən olan insanlardır. O insanlar ki, ailələrinin çörəkpulunu çıxarmaq üçün hər cür ağır işlərdə çalışmaq məcburiyyətindədirlər. Əslində bir insanın ailəsinə görə, bu işlərdə çalışması normal haldır. Amma məsələnin bir başqa tərəfi də var. Söhbət ondan gedir ki, hər bir işəgötürənin qanun qarşısında öhdəçiliyi var və buna əməl etmək məcburiyyətindədir. Ən azından insanlıq baxımından da işçinin halına yanmaq, isti havalarda onun bir neçə saatlıq da olsa dincəlməsinə şərait yaratmaq olar. Amma təəssüf ki, hər kəs belə düşünmür. Hər halda hər gün qızmar havalarda günəş altında çalışdığını gördüyümüz işçilər bizə bu qənaətə gəlməyə əsas verir.

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bu məslə ilə bağlı maraqlı bir məlumat daxil oldu. Məlumatda qeyd olunurdu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin iyul ayında ayrı-ayrı müəssisələrdə ümumilikdə 1840 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib. Bu göstərici ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 15,9 faiz çoxdur. Nazirlik bildirir ki, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına DƏMX tərəfindən dövlət nəzarətinin gücləndirilməsi işçilərin əmək hüquqlarınun təmin olunması, o cümlədən onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılması məqsədinə xidmət edir.

 

45 dərəcə müəyyən olunub

İşçilərin günəş altında işlədilməsinin qanunvericilik nöqteyi-nəzərindən məsuliyyəti barədə hələ bir müddət öncə qəzetimizə Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov açıqlama vermişdi.

Sahib Məmmədov demişdi ki, yay ayları, yəni qızmar yay mövsümü üçün iş rejimi ilə bağlı Əmək Məcəlləsində müəyyən edilmiş həddə müəyyən qüsurlar var. Onun sözlərinə görə, Azərbaycan SSR Əmək Qanunları Məcəlləsində isti dövr 40 dərəcə həddində müəyyən edilmişdi və bu, müəyyən mənada loyal yanaşma hesab olunurdu. Amma indi isə bu hədd 45 dərəcə müəyyən olunub. S. Məmmədovun sözlərinə görə, hətta 40 dərəcədə belə qızmar günəş altında işləyən işçilərin problemlə üzləşməsi qaçılmaz görünür. Yaxşı olardı ki, temperatur 40 dərəcəyə çatdıqda işçilərə bir neçə saatlıq da olsa fasilələr verilsin.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, hazırda istər Bakıda, istərsədə rayonlarımızda minlərlə insan açıq havada çalışır. Ən qəribəsi də odur ki, belə işçilərin bəzilərinin heç baş geyimləri də yoxdur.

Bir daha qeyd edək ki, işəgötürən şəxslər və ya təşkilatlar bu məsələdə humanist davransalar çox yaxşı olardı. Çünki sabah, birisigün işçinin başına bir iş gələndə elə onu işlədən təşkilatın özü də çətin vəziyyətdə qalacaq. Burada söhbət həm də zərərçəkmişə kompensasiyanın ödənilməsindən gedir.

 

Sinəsində ağrı, nəfəs darlığı, çırpıntı hiss edənlər…

Bəs isti havalar və ya isti havada çalışmaq sağlamlığımıza nə kimi problemlər yarada bilər? Ürək-damar cərrahı, professor Azmi Özler deyir ki, sərt isti havalar ürəyində problem olan insanların şikayətlərini artırdığı kimi, səhhətində problem olmayan insanları da çətin durumda qoya bilir. Onun sözlərinə görə, ürək xəstəlikləri hər nə qədər mövsüm tanımasa da, ürəyinin sağlamlığını qorumaq üçün hər bir insan yay aylarında diqqətli olmalıdır.

Professor deyir ki, isti havalardan təsirlənən xəstələrin ürək damarlarında “ağciyər ödəmi” deyilən çatışmazlıq ortaya çıxa bilir. Odur ki, problem yaşamaması üçün hər insan mütləq ehtiyat tədbiri görməlidir.

Ekspert hesab edir ki, nəmli isti havada sağlam insanların susuz qalmaları infarkt riski də yaradır. Belə ki, ürək xəstələri isti havalarda çox tərlədikləri halda təzyiqləri düşür. Yaşanan bu durumlar ürəyin çalışmasını təsirləndirərək ritm pozuqluğuna yol aça bilir. Sinəsində ağrı, nəfəs darlığı, çırpıntı hiss edən insanlar təcili tədbir görməli və ya həkimə müraciət etməlidirlər.

 

İsti havalarda 12:00-16:00 təhlükəsi

Dərman qəbulunun mövsümə görə nizamlanmasının vacibliyini deyən həkim maraqlı bir misal da çəkir: “Tutaq ki, iki boru var, birindən su sürətlə, digərindən isə bal yavaş axır. Vücudun maye itirməsi qanın damarlardan yavaş axmasına səbəb olur. Ürək-damar xəstələrində isə qanın necə axması çox önəmlidir. Çünki yavaş axan qan damarlarda problemlərə yol aça bilər.

İsti havalarda kondisionerdən çox istifadə edənlərə gəlincə, həkim: “Ani hava dəyişmələri, yəni bir anda soyuqdan istiyə və ya istidən soyuğa düşmək də infarkt riskini tətikləyir. Odur ki, bu məsələyə ciddi yanaşmaq lazımdır.

Həkim isti havalarda 12:00-16:00 radələrində açıq hava altında çox qalmamağı tövsiyə edir.

Nicat İntiqam