İstehlak mallarının yarıdan çoxunu fərdi sahibkarlar satır

496
Bu ilin ilk beş ayı ərzində ölkədə 23,4 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur. ÜDM-in 61,2 faizi məhsul istehsalı sahələrinin, 31,7 faizi xidmət sahələrinin, 7,1 faizi isə vergilərin payına düşüb. Adambaşına düşən ÜDM istehsalı isə 2 min 499,8 manat (3 min 187,4 dollar) təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumatda bildirilir ki, ÜDM-in yarıdan çoxu 55,4 faizi qeyri-neft sektorunda istehsal olunub. Ümumiyyətlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda istehsal  8,3 faiz artıb, neft sektorunda isə 3,6 faiz azalıb.

Neft hasilatı azalıb, qaz hasilatı artıb

Mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 2,2 faiz azalıb. Bu dövrdə 17,7 milyon ton neft, 7,6 milyard kubmetr əmtəəlik qaz hasil olunub. Ötən ilin yanvar-may ayları ilə müqayisədə neft hasilatı 2,2 faiz aşağı düşüb, qaz hasilatı isə 2,7 faiz artıb. Beş ay ərzində istehsal edilən 9,2 milyard kv.saat elektrik enerjisi ötən- ilki səviyyədən 3 faiz çox olub.

Əkin sahələri ötən il daha geniş əraziləri əhatə edib

DSK-dan verilən məlumatda həmçinin qeyd olunur ki, iyun ayının əvvəlinə kimi 342,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb, 26,6 min hektar sahədə dənli və dənli paxlalılar, 34,7 min hektar sahədə dən üçün qarğıdalı, 61,5 min hektar sahədə kartof, 73,3 min hektar sahədə tərəvəz, 21,1 min hektar sahədə pambıq, 26,8 min hektar sahədə bostan bitkiləri, 5,5 min hektar sahədə şəkər çuğunduru, 9,8 min hektar sahədə dən üçün günəbaxan əkilib. Müqayisə üçün bildirək ki, günəbaxan və şəkər çuğunduru istisna olmaqla sadalanan digər məhsullarun əkin sahələri ötən il daha geniş əraziləri əhatə edib.

5 ay ərzində 638,1 milyon ədəd yumurta istehsal olunub

Yaz-tarla işlərinin aparılması ilə yanaşı, hesabat dövrü ərzində tarlalardan 40,1 min ton dənli və dənli paxlalılar, 52,6 min ton kartof, 77,9 min ton tərəvəz, 8,6 min ton meyvə və giləmeyvə, 220,4 ton yaşıl çay yarpağı toplanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il dənli və dənli paxlalılar 7 min ton, kartof 900 ton, yaşıl çay yarpağı isə 34,1 ton daha az toplanıb. Əvəzində əkin sahələrindən toplanan tərəvəzlə meyvə və giləmeyvə artıb. Tərəvəzdə artım 1,1 min ton, meyvə və giləmeyvədə isə 700 ton olub.  Bunlardan başqa, ilin əvvəlindən 174,7 min ton diri çəkidə ət, 753 min ton süd, 638,1 milyon ədəd yumurta, 12,6 min ton yun istehsal olunub. 2013-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,1 faiz, süd istehsalı 2,8 faiz, yumurta istehsalı 12,6 faiz, yun istehsalı 1,5 faiz artıb.

Əmtəə dövriyyəsi 8,3 milyard manata çatıb

İlin əvvəlindən ötən vaxt ərzində istehlak və xidmət bazarlarında əhaliyə 11,1 milyard manatlıq istehlak malları satılıb və pullu xidmət göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 8,8 faiz artaraq 8,3 milyard manata, pullu xidmətlərin həcmi isə 6,7 faiz artaraq 2,4 milyard manata çatıb. İstehlak mallarının 11,7 faizi hüquqi şəxslər, 36,8 faizi yarmarkalar və bazarlar, 51,5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunub.

Orta aylıq əməkhaqqı 436,7 manata yüksəlib

İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əməkhaqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 436,7 manata, hər bir nəfərə düşən gəlirlər isə 3,1 faiz çoxalaraq 1603,9 manata çatıb. May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb. Yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,6 faiz, xidmət tarifləri 0,3 faiz bahalanıb. ALLAHVERDI CƏFƏROV