“İstehlak bazarında süni qiymət artıranlara iş qaldırılır”

İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə “Zaman-Azərbaycan”a Xidmətdən məlumat verilib: “Manatın məzənnəsinin dəyişdirilməsi ilə istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinqlər zamanı istehlak bazarında “Tulçinka” yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib. Bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan “Komrad” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb”.

Xidmətdən ötən gün verilən digər bir məlumatda isə qeyd olunur ki, süni qıtlıq yaratma əlamətləri üzrə iş qaldırılıb: “Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib. Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan “Vest Produkt Marketinq” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir”.

Nazirlik “Fərid” şirkətinə məxsus mağazada aparılan yoxlamanın nəticəsi barədə də açıqlama yayıb: “İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə tərəfimizdən nəzarət tədbirləri davam etdirilir. Dövlət Xidməti tərəfindən “Fərid” şirkətinə məxsus mağazada aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür”.

“Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq”. Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

DSMF sədri bildirib ki, buna görə narahat olmağa əsas yoxdur: “Bilirsiniz ki, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir. Bunlardan biri də hər il inflyasiya göstəricisinə uyğun olaraq pensiya məbləğlərinin indeksləşdirilməsi prosesidir. Prezident tərəfindən hər il bu barədə qərar qəbul olunur. DSMF isə avtomatlaşdırılmış sistemdə pensiyaların indeksləşdirməsini aparır. Cari ildə də ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi prosesini, eləcə də fərdi hesablarda sığorta kapitallarında indeksləşdirilməni aparmışıq. Bu mexanizm özlüyündə inflyasiyanın səviyyəsindən asılı olmayaraq, eləcə də, istehlak qiymətləri indeksinin dəyişməsindən asılı olmayaraq pensiya məbləğlərinin bazar iqtisadiyyatı şəraitində fiskal təsirlərindən qorunmasını ifadə edir”. Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyalar ödənilən gün bankomatların qarşısında gərginliyin aradan qaldırılması üçün iki istiqamətdə əlaqədar qurumlarla iş aparır. DSMF sədri Elman Mehdiyev bildirib ki, birinci istiqamət banklararası interfeys şəbəkəsinin yaradılmasıdır ki, bununla pensiyaçılar başqa bankların bankomatlarından pensiyalarını çıxara biləcək: “Banklararası interfeys şəbəkəsinin qurulması ilə bir pensiya kartı vasitəsilə müxtəlif banklardan istifadə imkanı yaranacaq. İkinci istiqamət isə pensiyaçılar arasında nağdsız ödəniş sahəsinin genişləndirilməsidir. Bu əsasda onlara verdiyimiz çoxfunksiyalı plastik kartlardan istifadə edərək, vəsaitləri nağd götürmək yox, nağdsız POS-terminallardan istifadə edərək, alış-veriş, kommunal xidmətlərin dəyərinin ödənilməsi və sair məqsədlərin istifadəsinə nail olmaqdır. Bu Dövlət Sosial Müdafiə Fondunun müəyyənləşdirdiyi hədəflərdir”.

Yeri gəlmişkən, DSMF sədri bildirib ki, yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi qrafikdən əvvəl yekunlaşıb  Novruz bayramına qədər pensiyalar qrafikdən əvvəl maliyyələşdiriləcək: “Qarşımızda duran məsələ Novruz bayramına qədər pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsidir ki, biz buna da nail olacağıq”.

DSMF sədri əlavə edib ki, neftin qiymətinin dəyişməsi ilə əlaqədar iqtisadiyyatda baş verən dəyişikliklər fonunda maliyyə dayanıqlığı məsələsində istər 2014-cü ildə, istərsə də cari ildə DSMF-nin maliyyə göstəriciləri kifayət qədər uğurla ifadə olunur: “Hətta 2014-cü ili əhəmiyyətli praktik məbləğ ilə başa vurmuşuq ki, bu cari ildə də maliyyələşməni vaxtında aparmağa imkan verir”.

Nicat İntiqam