“İstedadı olmayan özünü jurnalistikada tapa bilməz”

0
512

Müstəqillik illərinin əvvəlində hər bir sahədə, o cümlədən media sahəsində də böhran yaşandı. Lakin 2001-ci ildən başlayaraq medianın maddi-texniki bazasının gücləndirilməsi, mətbuata dövlət yardımının artırılması sahəsində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə çoxlu mühüm tədbirlər həyata keçirildi. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və mətbuatın inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbul edilməsi ilə Prezident İlham Əliyev dövlətimizin mediaya göstərdiyi dəstəyi, yardımı sistemləşdirdi və şəffaflaşdırdı. Bu gün də Azərbaycan dövləti mətbuatın dayağına çevrilib və ona mütəmadi dəstək verir.

Müstəqil Azərbaycan mətbuatı ölkəmizin daxili informasiya tələbatını tam ödəyir, əhalinin informasiya almaq hüququnu, dövlət və vətəndaşlar arasında əlaqələndirici funksiyanı uğurla həyata keçirir.
Bu günlərdə Mingəçevirdə jurnalistlərlə keçirilən tədbirlərdən birində Bakı Dövlət Universitetinin (BDU) dosenti, jurnalistika fakultəsinin elmi işlər üzrə dekan müavini, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi, filologiya elmləri namizədi Sevinc xanım Əliyeva ilə həmsöhbət olduq.

– Sevinc xanım, sizin fikirinizcə, bir jurnalistin sahib olduğu ən ümdə mənəvi keyfiyyəti hansıdır və ümumiyyətlə, əsil jurnalist necə olmalıdır?
– Mən bir müəllim kimi öncə onu demək istərdim ki, bizim perspektivli gənclərimiz çoxdur, yəni onlar jurnalistikanın bütün sirlərinə yiyələnirlər və peşəkarcasına bu işlə məşğul olmağa can atırlar. Gənclərimizdə bu enerjini görəndə, sözün həqiqi mənasında, adamın ürəyi açılır. Həm də jurnalistika elə bir sahədir ki… Digər tərəfdən, indi texnika, texnologiya inkişaf edib, əsrimiz texnologiya əsridir, sosial şəbəkələr, internet və s. bu gün jurnalistlər üçün böyük imkanlar yaranıb. Yəni jurnalistlərin informasiya almaq, ötürmək baxımından işləri bir az yüngülləşib. Nəzərə alsaq ki, jurnalistin ümdə vəzifəsi oxucunu məlumatlandırmaq və intellektini artırmaqdır, deməli, o, özü də yüksək intellektual səviyyəyə malik olmalıdır. Jurnalistdə operativlik, obyektivlik, özünün fantaziyası, işgüzarlıq kimi keyfiyyətlər də önəmlidir. Onu da demək yerinə düşərdi ki, biliyin olmadığı yerdə bunlar oxucu üçün o qədər də yararlı olmur. Bizim peşəmizin ziddiyyətlərindən biri ondan irəli gəlir ki, jurnalist bir tərəfdən mövzu ilə yaşamalı, digər tərəfdən bu mövzunu işləyərkən obyektiv olmağa çalışmalıdır.
– 141 ildir mövcud olan Azərbaycan mətbuatı müasir dövrümüzün ictimai-siyasi həyatında hansı rola malikdir?
– 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və cəmi 56 nömrəsi çıxan “Əkinçi” həm də dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və carçısı olub, ziyalıları vahid azərbaycançılıq ideyası ətrafında birləşdirərək bir araya gətirib. Bu prinsipləri əldə rəhbər tutan “Əkinci”nin ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə də dövrün mütərəqqi fikirlərini öz səhifələrində əks etdirib, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarıb. Azərbaycanda mətbuatın inkişafı üçün bütün lazımı addımlar atılıb. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qaydışı ölkəmizdə mətbuatın inkişafına, azad sözə, azad fikirə geniş imkanlar yaratdı. Onu da vurğulayım ki, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində də mühüm işlər görülüb. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən biri olan “mətbuat cəmiyyətin güzgüsüdür” cağrışı söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin edib.

“Yetər ki… həvəs olsun”
– Bu gün mətbuatın qarşıya qoyduğu hədəf nədir, müstəqilliklə bağlı daha çox hansı mövzulara yer verilməlidir?
– Təbii ki, hər bir mətbuat orqanı ictimayyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuat özünü bu sahədə daha güclü, qərəzsiz, vətənpərvər olmalıdır. Bu baxımdan da jurnalist peşəkarlığı, ən əsası onun vətənpərvərlik duyğuları əsasdır. Biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Prezidentimizin dediyi kimi, müstəqillik sadəcə dövlət atributları deyil. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Bu mövzuda da daha çox rəngarəng yazılar yazmaq olar. Bəzən jurnalist mövzu tapmaqda çətinlik çəkir. Amma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra o qədər inkişaf edib ki, onun hər bir qarışı mövzu, yaxşı xəbər, informasiya mənbəyidir. Yetər ki, jurnalistlərimizdə yazı yazmağa həvəs olsun, səbr olsun.
– Jurnalistika fakultəsinin müəllimi olaraq “reket nəşr “lərin Azərbaycanda fəaliyyəti sizi narahat edirmi?
– Bu, hamımızı narahat edən probmlemdir. Reket jurnalistlərinin arasında bizim məzunlar ola bilməz. Yəni bizim fakultədə təkcə jurnalistika peşəsini öyrətmirlər, burada həm də mənəvi təmizlik dərsi keçirlər. Ona görə inanmıram ki, bizim məzunlarımız reketçiliklə məşğul olsunlar.
– Bugünkü müasir jurnalistikamızda nələr çatışmır?
– Bu gün çox təəssüflər olsun ki, satirik jurnalistika yoxdur. Ötən əsrin jurnalistikasında publisistikaya daha çox üstünlük verirdilər və daha çox reportajlar hazırlanırdı, daha çox publisistik yazılar yazılırdı, satirik jurnalistika inkişaf edirdi. Bu gün satiradan bir az uzaqlaşmışıq, ümumiyyətlə, satirik jurnalistika geridə qalıb.

“Keyfiyyət dalınca qaçmalıyıq”
– Əgər sirr deyilsə jurnalistikaya marağınız necə yaranıb?
– Orta məktəb illərindən, beşinci sinifdə oxuyandan məndə bu sahəyə maraq yaranıb. Bir haqsızlıqla qarşılandım və o haqsızlığı beşinci sinif təfəkkürü ilə qələmə aldım. Və “Azərbaycan pioneri” qəzetinə göndərdim. Bax onda valideyinlərim də hiss etdi ki, məndə yazı yazmaq qabiliyyəti var. O vaxtlar məktəblərdə “Gənc müxbirlər” dərnəkləri var idi. Mən də bu dərnəklərə gedirdim. Elə həmin dərnəklərdə yazılarımı daha da təkmilləşdirdim. Elə o vaxtdan bu sənətin vurğunu oldum. Daha sonra jurnalistika fakultəsinə qəbul oldum və bu gün də fəxr edirəm ki, həmin fakultədə mən öz müəllimlərim ilə çiyin-çiyinə işləyirəm.
– Jurnalistika fakultəsinə qəbul olmaq istəyənlər üçün Mətbuat Şurasının təşəbbüsü ilə qabiliyyət imtahanı tətbiq edildi və bu qabiliyyət imtahanının üstünlüyü nədən ibarətdir, bundan sonra bu sahəyə maraq varmı?
– Zaman keçdikcə bu peşəyə əsl istedadı olan gənclər gələcək. Artıq iki ildir ki, bizdə qabiliyyət imtahanı keçirilir. Mən etiraf edim ki, iki il bundan öncə bizim tələbələrin sayı çox idi. Amma bu say bir az azaldı. Ötən il sənəd verən 500-dən çox olsa da, amma 47 nəfər qəbul olunmuşdu. Sadəcə qabiliyyət imtahanında özünü sınaya bilməyənlər kəsildilər. Hətta bəziləri heç qabiliyyət imtahanına belə girmədilər. Çünki onlarda bir xof yaranmışdı ki, keçə bilməyəcəyik. Fürsətdən istifadə edib demək istəyirəm ki, qorxmasınlar, jurnalistikada qabiliyyət imtahanı orta məktəb səviyyəsində bir inşa yazmaqdan ibarətdir. Çox adamlar da elə düşünürlər ki, bu ixtisarlara səbəb olur və uşaqların sayı azaldılır. Amma biz kəmiyyət arxasınca qacmamalıyıq, keyfiyyət dalınca qaçmalıyıq. Onu da deyim ki, qabiliyyət imtahanının üstünlüyü ondan ibarətdir ki, burada onların yaradıçılığına da bələd olmaq olur. Onların gələcəkdə perspektivi daha çox olacaq. Ona görə ki, bu insanlar bu sənətin bütün çətinliklərinə dözməyə hazır insanlardır. Amma əvvəllər digər ixtisaslara sənəd verib o yerə balları çatmayan abituriyentlər könülsüz olsalar da, nəyə görəsə jurnalistikanı seçirdilər. Jurnalistika isə yaradıcılıq deməkdir, istedadı olmayan adam özünü bu sahədə tapa bilməz.
Sonda Sevinc xanım Mingəçevirdə ilk dəfə olduğunu bildirdi və ümumiyyətlə, Azərbaycanın bölgələrində az olduğunu dedi. Amma onu da qeyd etdi ki, bundan sonra tez-tez bölgələrdəki tədbirlərdə iştirak edəcək və bölgə mətbuatında çalışan jurnalistlərin qayğıları, problemləri ilə daha yaxından tanış olmaq məqsədi ilə onlarla əlaqələri genişləndirəcək.
Esmira Hidayətova, Mingəçevir.