İstanbulda gecə klubuna silahlı hücum olub – 39 nəfər həyatını itirib

326

İstanbulda gecə klubunda törədilmiş silahlı hücum nəticəsində ölənlərin sayı 39-a yüksəlib. Türkiyə mətbuatı bildirir ki. bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
S. Soylu deyib ki, bir qətliam törədilib. Olayda həyatını itirən 39 nəfərdən 4-ü də “Reina” gecə klubunun işçiləridir: “Bizim məlumatımıza görə 39 nəfər həyatını itirib. Ölənlərdən 21-nin şəxsiyyəti məlumdur. Qalan 18 nəfərin şəxsiyyəti dəqiqləşdirilir. Ölənlərdən hələlik 16-sının əcnəbi, 5-nin isə Türkiyə vətəndaşı olduğunu müəyyənləşdirmək mümkün olub. Xəstəxanadakı yaralılardan 4-nün vəziyyəti ağırdır”. Türkiyənin daxili işlər naziri Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə xəstəxanalarda hazırda 65 yaralının olduğunu söyləyib..
Qeyd edək ki, hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.

Azərbaycan prezidenti İlham Əliyev İstanbulda gecə klubuna silahlı hücum nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar türkiyəli həmlkarı Rəcəb Rayyib Ərdoğana başsağlığı verib.

İlham Əliyev xəbərdən çox sarsıldığını dilə gətirib.

“Hörmətli cənab Prezident, əziz qardaşım, İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı bu xain əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”, – deyə başsağlığı məktubunda bildirilir.