İşsizlikdən bezənlər, banka borcu olanlar, alıcı yolu gözləyənlər…

Esmira Hidayətova, Mingəçevir

Hava qaralan kimi Mingəçevirdə Kür çayının üzərindəki körpünün üstü əllərində tilov tutan balıqçılarla dolu olur. Bu, kimisi üçün xobbi, kimisi üçün ehtiyacdır. Belə ki, balıqçıların bir çoxu tutduqları balıqları satıb ailələrinə çörəkpulu qazanırlar. Körpünün üstündən o qədər də iri balıq tutmaq mümkün deyil, amma xırda olsa da Kür çayının balıqları çox dadlıdır.
Mingəçevir sakini, 45 yaşlı Tərlan Quliyev deyir ki, balıq tutmaq onun üçün xobbi deyil, onu məcbur edən işsizlik problemidir. Tərlan əvvəllər ticarətlə məşğul olub, daha sonra isə özəl təşkilatlarda çalışıb. Ticarətdə əli gətirməyib, şirkətdən də işdən azad edildikdən sonra 4 uşağına çətinliklə baxdığını bildirdi: “Mən balıqçı deyiləm. Neyləyim, imkansızlıq ucbatından bu işlə məşğul oluram. Külfətimi dolandırmalıyam, ya yox? Uşaqlarım hələ balacadırlar, onların gələcəyi məni narahat edir. 4 qız atasıyam, mən də istəyərdim ki, onları yaxşı şəraitdə saxlayım. İşsizlik çox pis problemdir. Hər axşam gəlib körpünün üstündə durur, tutduğum xırda balıqlardan həm evə aparıram, həm də satıb qəpikdən-quruşdan qazanıram”.
Tərlan danışdıqca qəhərini boğa bilmirdi, ailəsinin taleyi onu çox narahat edirdi: “Böyük qardaşım Rusiyada işləyirdi. Ayda bir dəfə 200 dollar göndərəndə ailəmizə kömək olurdu. Rusiyadan da gələn pulumuz kəsildi. Qardaşım Moskvada bazarda alver edirdi. Rus rublunun dəyəri aşağı düşdükdən sonra bura gəlib. İndi o da işsiz, gücsüz gəzir. Mingəçevirdə də bir normal iş yeri yoxdur ki, gedib işləyək, dolanaq. Bu cür problemlər içində yaşamaq artıq həyat tərzimizə çevrilib”.
Bu gün ölkəmizdə əyləncə mərkəzləri sürətlə artmaqdadır. Bəllidir ki, ölkədə işsizlik problemi var. İnsanların çoxu digər ölkələrə, xüsusən də Rusiyaya bir tikə çörəkpulu qazanmaq üçün üz tuturdu. Rus rublunun dəyərdən düşməsi, bu ölkəyə qarşı tətbiq olunan sanksiyalar oradan dolanan ailələrin büdcəsinə xeyli ziyan vurdu.
Bir çox insanlar isə kredit götürərək, xırda ticarətlə, alış-verişlə məşğul olur. Artıq ölkədə bu tip işlərlə məşğul olanların çoxu iflasa uğrayaraq, banklara borclu qalır və işlərini dayandırır.
Bikarçılıqdan çayxanalara, yeməkxanalara üz tutanlar da kifayət qədərdir. İşsizlik ucbatından boşanmaların da sayı artıb. Məsələ bundadır ki, bu gün əksər ailələrdə böyük problemlərdən biri də işsizliklə bağlı yaranan söz-söhbətlərdir.
İşsizlik problemi ali təhsil ocaqlarında təhsil alan tələbələri də narahat edir. Onlar bildirirlər ki, görəsən, biz də institutu bitirib öz ixtisasımıza uyğun iş tapa biləcəyikmi? Mingəçevir Politexnik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Ayaz Yusifzadə də universiteti bitirib işsiz qalmasından narahat olduğunu bildirdi: “Universitetimizdə tələbələr üçün mütəmadi olaraq, “Karyerada ilk addım” əmək yarmarkası keçirilir. Biz tələbələr bu yarmarkadan yararlanmaq üçün iştirak edir, öz ixtisasımıza uyğun işlərlə tanış oluruq. Amma yenə də institutu bizdən əvvəl bitirən tələbələrin çoxu işsizdir. Biz istərdik ki, öz ixtisasımıza uyğun işlə təmin olunaq. Çox acınacaqlı haldır ki, imkanı zəif olan ailələrin övladları institutu bitirsələr də, öz ixtisaslarına uyğun olmayan işlərlə məşğul olurlar”.
İşsiz qalan vətəndaşlar şəhərdə keçirilən əmək yarmarkalarına qatıldıqlarını, yalnız özlərinə münasib iş tapa bilmədiklərini dedilər.
“Banka olan borcumu ödəyə bilmirəm, bank məni məhkəməyə verib”,-deyən şəhər sakini Tərlan vəziyyətlə bağlı çıxılmaz duruma düşdüyünü bildirdi: “Artıq nə edəcəyimi də bilmirəm. Aylıq maaş olmasa, bu borcu ödəmək mümkün deyil. Məhkəmə mənə borcumu 3 ay müddətinə qədər ödəməyə vaxt verib. Əgər borcu ödəməsəm, cinayət işi açılıb, tutulacağımı bildiriblər. Bu vəziyyətim məni çox narahat edir. Hara müraciət edəcəyimi bilmirəm”.
Mingəçevirdə alış-veriş mərkəzlərində də durğunluq yaşanır. Hətta ən böyük ticarət mərkəzində də alıcı qıtlığı var. Bu vəziyyətdən daha çox satıcılar şikayət edirlər. Onlar bildirdilər ki, günlərlə bura gəlib, boş-bikar oturub geri qayıdırlar…