İşsizlik, yaxud Damokl qılıncı

612

Deyirlər, dərd varsa, dərmanı da var. Amma elə dərd var ki, ona uzun müddət “dərman” belə tapılmır. Nəticədə həmin dərdin fəsadları daha böyük olur. Bu nə mənzil dərdidir, nə övlad dərdidir… Bu dəfəki yazımda mən sizə özgə bir dərddən söz açmaq istəyirəm. Özü də bu dərd son illərin, əgər belə demək mümkünsə, “məhsuludur”. O hansı “məhsuldur”? Tələsməyin, ərz edəcəyəm.
Eh, yəqin, bəziləri deyəcəklər, indi dərdsiz insan var? Bu suala mən də bəzi filosoflar kimi: “Dərd çəkmək elə yaşamaq əlamətidir” cavabını verə bilərdim. Amma belə şablon cavab verib bu taleyüklü dərdin üstündən keçmək istəmirəm. Çünki zənn edirəm ki, bu cavabla kimləri isə yeni bir dərdə sala bilərəm. Bir də, indi, şair demişkən, dərd dərdin əlindən tutur, dərd dərdin ipini çəkir (Ramiz Rövşən). Dərdlərin dərdə rəvac verdiyi bir yerdə bu mənə lazımdırmı? Belə bir dərdli girişdən sonra keçək əsas məsələyə…

Bu günlərdə metronun “Nərimanov” stansiyasının yaxınlığındakı parkda bir yaxın tanışımla rastlaşdım. Elə ilk baxışdan onun fikirli olduğunu başa düşdüm. Odur ki, tanışımı fikirdən uzaqlaşdırmaq məqsədilə çayxanaya dəvət etdim. Çay sifariş verib onun niyə bikef olduğunu soruşdum. Tanışım: “Bəlkə, bu barədə danışmayaq”, – desə də israr etdim. Cayçı çaydanı stolun üstünə qoyub: “Nuş olsun”, – deyib bizdən uzaqlaşan kimi tanışım sözə başladı:

– Çox uzatmayacağam. Düz, iki ay bundan əvvəl iyirmi il işlədiyim müəssisədən heç Allahın bir quru sağ olunu da demədən “sokraşeniyə” adı altında məni çölə atıblar. O gündən özümə iş axtarıram. İnandırım səni, indiyədək iş üçün bəlkə yüz qapı döymüşəm, dost-tanışa ağız açmışam. Amma nə fayda? Onlardan eşitdiyim eyni cavab olub: “Yaşın çoxdur, bu səbəbdən səni işə götürə bilmərik”. (Bildiyin kimi, mənim 55 yaşım var. Pensiyaya çıxmağıma da səkkiz ildən çox var). Deməli, belə çıxır ki, yaşım çoxdur deyə mən işsiz qalmalıyam. Bəs o vaxta qədər mən ailəmin gündəlik təlabatını necə ödəməliyəm? Övladlarım da məktəb yaşındadırlar… İndi heç bilmirəm, başıma haranın külünü töküm? Bir sözlə, qardaş, yaşım Damokl qılıncı kimi asılıb başımın üstündən, heç tərpənə də bilmirəm. Elə bil cəzaya məhkum olunmuşam e cəzaya…

Tanışım çayından bir qurtum içib söhbətini şeirlə davam etdirdi:

– Ağrılı çəkdiyim, dərdli çəkdiyim,

Bu boyda Bakıda dərddi çəkdiyim.

Mənim azadlıqda şərti çəkdiyim

Cəzanın adını çəkənlər bilər.

Yəqin, bilirsən, bu misralar çağdaş ədəbiyytımızın istedadlı nümayəndəsi Əbülfət Mədətoğlunundur. Onun bu şeiri hansı məqsədlə yazdığını bilmirəm. Bircə bildiyim budur ki, həmin misralar mənim bu günkü halımla çox gözəl səsləşir… Daha güman yerim də qalmayıb.  Hə, bəs sən mənə nə məsləhət verə bilərsən?

O, cavabımı gözləmədən dilləndi:

– Məsləhət demişkən. Bir tanışım var. Bilirsən, o, mənə nə məsləhət görür? Deyir ki, boş-bekar oturma, sovetdən qalma maşının var, şükürlər et, get “taksovatlıq” elə, ailəni dolandır. Maşallah, şəhəri də yaxşı tanıyırsan. O, mənə maraqlı bir fakt da dedi. Dedi ki, indi bu məmləkətdə işsizlik problemi ilə üzləşənlərin, demək olar ki, hamısı bu yolu seçir. Maşını yaxşı idarə edən də, yaxşı idarə edə bilməyən də… Mən də ona zarafatla dedim ki, bəlkə elə bu səbəbdən şəhərin küçələrində tıxaclar yaranır? Həmin tanışım nə desə yaxşıdır: “Heç zarafat-filan deyil. Elə tıxacların yaranmasını bir səbəbini də bunda axtarmaq lazımdır. İndi onsuz da minik maşını idarə etmək bizim millətin əsas məşğuliyyətinə çevrilib”. Amma öz aramızdır, onun məsləhəti ağlabatandır axı… Hə, bəs sən deyirsən?

Məni isə fikir aparmışdı. İlahi, sabah mən də 55 yaşda “sokraşeniyə” adı altında işdən çıxsam, günüm necə olacaq?

Tanışımdan fərqli olaraq, mənim nə maşınım var, nə də “pravam”…  Qvami Məhəbbətoğlu