İşsizlərin işi

545

Sonuncu dərsdən çıxıb avtobus dayanacağına tələsdim.

Tələsməyim təkcə avtobusa yetişməyimdən deyil, həm də evdə məni gözləyən işlərin çoxluğu ilə əlaqədar idi. Gəncliyim həyat məngənəsinə düşmüşdü. Yaşlı ata-ana, uşaqlar bir yandan, şəraitsizlik, iş yerimin kənarda olması da öz yerində. Son zamanlar ictimai-siyasi həyatda baş verən radikal dəyişikliklər – spirtli içkilərin qadağan olunması, işə gecikmələrin dəqiqələrə görə cərimələnməsi çox insanları təəccübləndirmişdi. Saatıma görə avtobusun tez-tez boylanmağa vərdiş elədiyim yoxuşdan çıxıb dayanacağa yan almasına beş-on dəqiqə qalmışdı. Dayanacaqla üzbəüz, bir neçə ağacın kölgəliyində yaşlı sakinlərin şənlik yeri vardı. Adamlar daşların üstünə qoyulmuş uzun, köhnə bir şalbanın üstündə oturub söhbət edər, zarafatlaşar, deyə-gülə vaxtlarını keçirərdilər. Bir gün əvvəl həmin tiri traktorla sürükləyib aparmışdılar ki, buraya onların təbirincə desək, “işsiz adamlar” toplaşmasınlar. Siyasi rəhbərliyin yeritməyə başladığı yeni siyasətə görə, Sovet ölkəsində sərxoş və işsiz adam olmamalıydı. Avtobusdan bir neçə dəqiqə əvvəl o dövrün bir milis maşını yoxuşdan peyda oldu, boş yolda sürətini artırıb uzaqlaşmaq istədi, lakin birdən yavaşıyıb mənə tərəf gəldi. Milislərdən biri düşüb salam-kalamsız, özünəməxsus, amiranə əda ilə:

– Günün günorta vaxtı burda neynirsən? – deyə sual verdi.

Mən qeyri-ixtiyari olaraq, sağ əlimlə sol qolumun altındakı qovluğu bir az irəli çəkib: – Dərsdən gedirəm, – dedim. Milis, deyəsən, əl çəkmək istəmirdi, bir az da çox gənc və özü kimi şişman olmamağımdan şübhələnərək: – Bu nə vaxtın dərsidir belə? Sən müəllimsən? – deyə suallarını yağdırmağa davam etdi. Maşındakı milislərin də səbri tükənmişdi, “Villis”in siqnalı milisi tələsdirdi. Mən bu kənddə orta məktəbdə işlədiyimi, qonşu kəndə getmək üçün avtobus gözlədiyimi deyincə avtobus da gəlib çatdı. Milis “səhv ünvan”a gəldiyindən narazı halda uzaqlaşdı, bayaqdan onu gözləyən həmkarlarına qoşulub yollarına davam etdi.

Haqqında danışdığım vaxt 1983-cü ilə təsadüf edir. O zaman Sovet hökumətinə başçılıq edən Yuri Vladimiroviç Andropov əsaslı islahatlar apararaq SSRİ-ni gücləndirmək istəyirdi. Lakin cəmi on beş ay rəhbər postda qala bilən Andropov nəzərdə tutduğu islahatları həyata keçirə bilmədi.

Bu yaşanmış epizod bəzilərinə inanılmaz görünə bilər. Bir ömürdə bir neçə ömrün qarmaqarışıq hadisələri ilə üzləşən, onları yaşayan birisi olaraq deməliyəm ki, o illərdə qadağan olunan işsizlik indi, az qala, xəstəliyə çevrilib. Kimi dindirirsən, kimi tanıyırsan işsizdir. Səbəbini soruşanda da peşman olursan: “Maaşı azdır. Nə maaş verirlər ki, işləyim də”.

Mən uzun illər 60-70 manat maaşla işləmişəm. Şəxsi təsərrüfatım olub. Qənaətcil olmuşam.

Günümüzün əksər işsizləri, sanki bu günü çoxdan arzulayıblarmış. Öz hallarından çox məmnundurlar. Az maaşı bəyənməyən bu adamlar şəxsi təsərrüfatdan da imtina edirlər. Ət, süd məhsullarının ölkəmizdə gözəl qazanc mənbəyi olduğu halda, onlar təsərrüfatlarında mal-qara saxlamağı özlərinə ar bilirlər. Bir reklamda deyildiyi kimi, onların xanımları da yəqin nəinki qabyuyan, heç inəksağan da deyillər. Üstəlik, işsiz gənclərin bəziləri də “Az aşım, saz başım”, – deyib, əllərinə düşən pulu da başlarını dumanlandırmağa sərf edirlər.

Standartlarına can atdığımız, bəzilərinin, az qala, cənnət hesab etdikləri Qərbdə yaşayış qəribə bir prinsipə əsaslanır: – Əgər bir gündə $19 xərcləyib, $20 qazanmısansa, deməli, günü xeyirlə başa vurmusan, $20 xərcləyib, $19 qazanmısansa, günün ziyanla bitib.

İşsizlik müasir dünyanın əsas problemlərindəndir. Ən çox inkişaf etmiş ölkələr belə bu problemdən yaxalarını qurtara bilmirlər. Hər ölkə bu məsələ ilə öz sosial-iqtisadi imkanları çərçivəsində məşğuldur. Ölkəmiz yaşamış olduğu və üzləşdiyi bu qədər çətinliklərə baxmayaraq, işsizlik problemini uğurla həll etməkdədir.

İşləyə bilmədiyi halda, axtarıb özü üçün iş tapan o qədər insanımız var ki. Rəhmətlik anam heç boş dayanmazdı. “İşsiz adamı şeytan məşğul edər”, – deyərdi. Bir neçə iynəni sapladıb yanına qoyar, quramalar tikib, nalçalar hazırlayardı. Özü də cehiz hazırlayan qızlar kimi şövqlə tikərdi. Hərdən anamın tikmələrinə baxıb kövrəlsəm də, bu sadə sənət əsərlərindən təsəlli də tapıram.

Bu yaxınlarda atamın pensiya kitabçası çıxdı köhnə sənədləri yerbəyer edərkən. 1890-ci ildə anadan olmuş bu adam neçə yaşında pensiyaya çıxsa yaxşıdır – 1969-cu ildə, düz 79 yaşında, aylıq 12 manat məbləğində. Pensiyanın nə olduğunu bilməyən atamın şəklini də qonşumuza qonaq gəlmiş Absəttar adlı bir nəfərin çəkdiyi də yaxşı yadımdadır. Kişini şəklə güclə durdura bildik.

Çəpər qonşumuz Adil kişinin yaşı səksəni ötsə də, əlini işdən saxlamayıb. Həyətyanı torpaq sahəsində qarışqa kimi çalışır, hər cür meyvə-tərəvəz yetişdirir. Bu adam bağında ərazimiz üçün uyğun olmayan əncir belə yetişdirib. Yorulanda da talvarda dincini alır. Hərdən nəvələrinin onu çay içməyə, çörək yeməyə çağırmaları adama ləzzət verir.

İşsiz olmaq o demək deyil ki, sən əlini ağdan qaraya vurmayasan. Ehtiyac kəşfin anasıdır – deyirlər. Hər cəmiyyətin öz xüsusiyyətləri var. İşsizlik kapitalizmin əsas “gözəlliklərindən” biridir. Müasir Amerika yazarlarından olan Orson Scot Kard (Orson Scott Card ) yazır: “İşsizlik kapitalizmin səni bağ salmağa məcbur edən üsuludur”.

Kapitalizmin qucağnda böyüyən müəllifin dediklərindən belə çıxır ki, bu cəmiyyətdə oturub nəyi isə gözləmək sadəlövhlükdür. İnsan öz inadkarlığı, ağlı və biliyi ilə, Allahın verdiyi qabiliyyətlərdən istifadə etməklə çox şeyə nail ola bilər. İnsanlıq tarixi, yaşadığımız dövr belə faktlarla doludur.

Otuz il çilingər işləmiş 65 yaşlı Tom Hopperton indi böyük bir supermarketdə işləyir. İşi əşyalarını unudan müştərilərə kömək etməkdən ibarətdir. Geyindiyi roller skates (diyirlənən/çarxlı konkilər) ilə gündə beş mildən artıq məsafə qət edir. Əşyalarını unutduqlarından kassayan gələndə sonra xəbər tutan alıcılar ona qarşı çox gözəl davranırlar. Hər saatına £4.50 qazanan Tom Hopperton işini çox sevir. O deyir: “Mən heç nə etmədən evdə otura, işsiz dayana bilməzdim, sadəcə olaraq, ölərdim. Mən məşğul olmalıyam. İnsanlarla işləməyi sevirəm. Bu, gümrah qalmağımam kömək edir. Vaxt, həqiqətən, sürətlə keçir. Hər gün mənim üçün fərqlidir”.

Konfiçusun dediyi kimi: – Dayanmadan yeriyirsənsə, nə qədər asta yeriməyin əhəmiyyəti yoxdur. Çoxumuz bir qapı qapanan kimi digər bir qapını açmağa çalışmaqdansa, məyus olur, işsizliyimizlə barışırıq. Unuduruq ki, qapını bağlayan da, açan da Uca Yaradandır. Onun bağladığını heç kəs aça bilməz, Onun açdığını da heç kəs bağlaya bilməz. Bu məqamda buraxdığımız səhvi Aleksandr Qraham Bel (Alexander Graham Bell) daha gözəl ifadə etmişdir: “Bir qapı bağlananda o birisi açılır, lakin biz bağlanmış qapıya uzun müddət və təəssüflə baxdığımızdan üzümüzə açılmış o biri qapını görmürük”. Yaşadığım daha bir əhvalatla davam edək sözümüzə.

Avtobusun sonuncu reysinə gecikmişdim. Taksilərdən birinə yanaşıb məni kəndə neçəyə aparacağı ilə maraqlandım. Dörd manatlıq yola yeddi manat istədi. Onu beş manata razılaşdırmaq istəsəm də, fikrindən dönmədi. Kənddən boş qayıdacağını bəhanə gətirdi. Yaxınlıqdakı sürücü yoldaşları da onun sözünə qüvvət verib, həmrəylık göstərdilər. “Qazan daşanda çömçə baha olar,” – deyib aralandım. Yaqub adlı taksi sürücüsü hal-əhval tutub, hara isə getməli olduğumla maraqlandı. O, beş manata razılaşdı, yola düşdük. Səhərdən bəri bircə nəfər də müştərisinin olmadığını, az qala çıxıb evə gedəcəyini bildirdi sürücü. Qırmızı Qəsəbəyə daxil olmuşduq ki, iki nəfər yerlimi gördüm. Onları da götürdük. Kəndimizə daxil olan kimi iki qadın və bir uşaq taksidən qayıdarkən onları götürməsini xahiş etdi. Yaqub: – Müəllim, maşallah, ayağınız bərəkətlidi, – dedi.

“Bərəkət Allahdandır, – deyib, beşliyi uzadıb, maşını saxlamasını xahiş etdim. Yaqub pulun qalığını qaytarmaq üçün cibindən manatlar çıxarmaq istəsə də, qoymadım. “Bu, sənin qismətindir, – dedim. Səni səhərdən səbirlə gözlədən bu qismət imiş, qardaş, xoş halalın olsun.

Yeddi manat üçün inadından dönməyən sürücü bir qəpik də qazanmadı, Yaqub isə evinə on manatla döndü. Uzun illərin sınağından çıxmış belə bir pedaqoji prinsip mövcuddur: – Dərsin verimliliyini təmin etmək üçün şagirdin əli işsiz, başı fikirsiz qalmasın gərək. Həyat da belədir. Əli işsiz, başı fikirsiz, təfəkkürsüz adamı şeytan tez bir zamanda öz dostu edir. Ona görə də dünyanın dəyişməsini gözləməməliyik. Lev Tolstoy belələri haqqında qısa şəkildə belə demişdir: – Hər kəs dünyanı dəyişmək haqqında düşünür, lakin heç kəs özünü dəyişdirmək haqqında düşünmür.

Allah bizləri əli işlı, başı fikirli, dili dualı, taleli bəndələrinin sırasına daxil eləsin. Amin!

RAHIB ALPANLI