İsrailin Azərbaycandakı səfiri: “Mülki insanlara, dinc əhaliyə qarşı hücumlar qəbul olunmazdır”

0
138

Həm İsrail, həm də Mingəçevir enerji ilə dolu məkanlardır. Hər ikisi 1948-ci ildə yaradılmasına baxmayaraq, minillikləri ötən zəngin tarixə malikdirlər

Bu gün oktyabrın 23-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevirdə səfərdə olub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səfirə Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrdən, eyni zamanda cəbhə bölgəsindən xeyli kənarda yerləşən və dinc əhalinin yaşadığı rayonlara erməni hərbi birləşmələrinin uzaq və yaxınmənzilli raketlər, top mərmiləri atmasından danışıb.

Səfir bildirib ki, o uşaq olanda İraqdan İsrailə atılan raketlərin həyəcannı hələ də yaşayır: “O zaman mobil telefon yox idi. Biz ağzımıza maska taxıb, atamızın nə vaxt evə qayıdacağını gözləyirdik. Dünən Gəncədə olanda, evləri dağılan, yaralanan insanlarla, həlak olanların yaxınları ilə görüşəndə uşaqlığımı bir daha xatırladım. Düşünürəm ki, heç bir insan belə ağrılardan keçməməlidir. Mülki insanlara, dinc əhaliyə qarşı hücumlar qəbul olunmazdır.”

Söhbət zamanı qeyd olunub ki, həm İsrail, həm də Mingəçevir enerji ilə dolu məkanlardır. Hər ikisi 1948-ci ildə yaradılmasına baxmayaraq, min illikləri ötən zəngin tarixə malikdirlər. Dünyanın müxtəlif yerlərində məskunlaşan yəhudilər və azərbaycanlılar yerli xalqlarla həmişə mehribanlıq şəraitində yaşamışlar. İki ölkə arasında səmimi dostluq münasibətləri və işgüzar əlaqələr  var və bu, heç zaman üçüncü ölkələrə qarşı istifadə olunmur. Azərbaycanda yəhudi icmalarının üzvləri ölkənin başqa vətəndaşları kimi rahat ömür sürürlər: “Yəhudilər hətta Azərbaycanın küçələrində öz milli geyimlərində də gəzə bilirlər, buna görə heçkim onlara bir söz demir”, -səfir belə deyib.

İ.İsmayılov isə diqqətə çatdırıb ki, İsrayılın ölkəmizdəki səfirləri Mingəçevirə həmişə diqqət göstəriblər: “2013-cü ildə şəhərimizin yubiley mərasiminə İsrail səfiri də qatılmışdı. Mingəçevirlə İsrailin Afula şəhərini qardaşlaşması barədə razılıq da əldə olunub. Bir dəfə həmin şəhərdən bizə nümayəndələr gəliblər”.

Görüş zamanı Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə ciddi əməkdaşlığın olduğu,  gələcəkdə turizm və təhsil  sahələrinə də diqqətin artırılacağı barədə də fikir mübadiləsi aparılıb.

Bundan sonra səfir Corc Dik və onu müşayiət edən şəxslər Azərbaycan İstilik Elektrik Stansiyasına baş çəkib, Heydər Əliyevin və Qarabağ şəhidlərinin abidələrini ziyarət edib, oktyabrın 11-də Ermənistan tərəfindən raket atılmış ərazilərə baxıb, sadə insanlarla həmsöhbət olub.    Stansiyanın direktoru Təhməsaib Hüseynov səfirə enerji müəssisəsinin iş prosesi barədə məlumat verib.

Qonaqlar Mingəçevir su hövzəsi ilə də tanış olublar.

Esmira Hidayətova, Mingəçevir