İsrafil İsrafilov Türkiyədə işgüzar səfərdədir

616

Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov fəxri qonaq qismində Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak etmək üçün Türkiyəyə yolda düşüb.

Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalı artıq 8 ildir ki, mütəmadi şəkildə keçirilir və böyük maraqla qarşılanır. Dostluq və sülhü əsas məramı hesab edən festivalda bu 8 il ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edib. Xatırladaq ki, ötən il festivalda Azərbaycanı Akademik Milli Dram Teatrı “İlahi oyun” tamaşası ilə təmsil etmiş və teatrımızın tamaşası böyük müvəffəqiyyət qazanmışdı.

Festivalın bu ilki proqramına Türkiyə, Azərbaycan, Qazaxıstan, Dağıstan, Başqırdəstan, Türkmənistan, Kipr, Albaniya və Xakasiya teatrlarının tamaşaları da daxildir. Bu il “Min nəfəs, bir səs” festivalında Azərbaycanı Şəki Dövlət Dram Teatrının “Xəsis” tamaşası təmsil edəcək.

Festival müddətində Məşhur türk dramatuqu Haldun Tanerin xatirəsinə həsr olunmuş Beynəlxalq pyes müsabiqəsi də keçiriləcək. TÜKRKSOY və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək müsabiqədə bütün türkdilli xalqların nümayəndələri iştirak edəcək. Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.

 

Səfərin nəticələri ilə bağlı tezliklə daha ətraflı məlumat veriləcək.