İsrafil İsrafilov səfirlə görüşüb

Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliçi və Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyevi qəbul edib.

Professor İsrafil İsrafilov səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. Direktor Azərbaycan teatrının tarixi haqqında ətraflı məlumat verib, bu gün dünya teatr məkanına inteqrasiyanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən teatrımızın qətiyyətlə ölkənin hüdudlarından kənara çıxdığını və Avropada tanındığını vurğulayıb.

Görüşdə Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib,iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri  müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrin gerçəkləşdirilməsi ilə bağlıfikir danışıqlar aparılıb.

Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov əməkdaşlığın genişlənməsində qarşılıqlı qastrol səfərlərinin önəminixüsusi vurğulayıb. Monteneqro səhnəsində Azərbaycan müəlliflərinin, Azərbaycan səhnəsində Monteneqro müəlliflərinin əsərlərinin tamaşaya qoyulmasını təklif edib.

Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç və Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyevsəmimi qəbul üçün minnətdarlıqlarını bildirib, bütün sahələrdə, o cümlədən teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd ediblər.