“İsrafçılığa yol verilməməlidir”

Prezident İlham Əliyev: “Neftin qiymətinin düşməsinə baxmayaraq, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, vətəndaşlar bu böhranı hiss etməsinlər. Görülən işlər zamanı israfçılığa yol verilməməlidir. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınıb”.
Dünən Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının 1-ci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda iştirak edən Prezident İlham Əliyev çıxış edərək bildirib ki, qarşıda duran bütün planların həyata keçirilməsi üçün makro-iqtisadi sabitliyin qorunub saxlanılması zəruridir. O, qeyd edib ki, ölkə üzrə bütün investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstək, quruculuq və abadlıq işləri və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq: “2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Görün biz nə qədər ehtiyat yığmışıq! Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox geniş miqyaslıdır. Ancaq biz ildən-ilə valyuta ehtiyatlarımızı artırmışıq. Bu, ilk növbədə, bizə böyük inam verir, eyni zamanda kredit reytinqlərimizi artırır. Bununla bərabər, bu, bir sığortadır. İstənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bunu hər bir insan gündəlik həyatında hiss edir, çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər”. Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını deyən dövlət başçısı görülən işlər zamanı israfçılığa yol verilməməsinin vacibliyini vurğulayıb, investisiya proqramına ancaq prioritet məsələlərin salındığını qeyd edib. Ölkədə sosial sahənin də inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, indi ölkədə orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır: “Bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub. Regionlarda 41 olimpiya-idman, o cümlədən 30 gənclər mərkəzi yaradılıb. Son 11 ildə məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib”.