İsmayıllı turizm mərkəzinə çevrilir

1169

Gözəl flora və faunaya, zəngin maddi-mədəniyyət nümunələrinə, uzaq tariximizin bu günümüzədək gəlib çatmış, özündə hələ də Azərbaycanın qədim və orta əsr dövrlərinin açılmamış sirlərini yaşadan abidələrə malik İsmayıllı rayonu ölkənin turizm potensialı yüksək olan bölgələrindəndir.

Rayon ərazisində eramızın əvvəllərinin və orta əsrlərin yadigarı olan, Mehranilər sülaləsinin görkəmli dövlət xadimi Cavanşirin adı ilə bağlı Cavanşir, habelə Qız, Qasımxan, Niyal, Mustafa xan qalaları kimi tarixi keçmişimizin yadigarları mövcuddur. Çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli memarlıq üslubunun ənənələri barədə canlı təsəvvürün formalaşmasına imkan verən Lahıc və Basqal qəsəbələri bu gün hər kəs üçün son dərəcə ecazkar məkana çevrilmişdir.
Rayonun təbiəti, heyvanat aləmi də çox zəngindir. Dağlar qoynunda yerləşən İsmayıllı ərazisindən Girdiman, Ax-ox, Göyçay çayları axır. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndləri ərazilərində füsunkar şəlalələr, təbii göllər, Kürdmaşı və Aşıqbayramlı kəndləri yaxınlığında böyük həcmli sututarlar mövcuddur. Bunlar isə bölgədə ovçuluq, balıqçılıq, alpinizm kimi sahələr üzrə turizmin inkişaf etdirilməsinə, turist bazalarının yaradılmasına, daxili və xarici turistlərin rayona axınının sürətlənməsinə şərait yaradır.
Bu gün Azərbaycanda bütün sahələr, o cümlədən turizm sektoru özünün sürətli inkişaf dövrünü yaşayır. Bu proses İsmayıllıda da müvəffəqiyyətlə gedir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və həm də sürətlə yeniləşən həyatın tələblərinə uyğun, yaradıcılıqla davam etdirilən sosial-iqtisadi inkişaf konsepsiyası turizm sahəsində də böyük nailiyyətlərə yol açmışdır. Regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət proqramları, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkədə, o cümlədən İsmayıllı rayonunda turizm sektorunun inkişafı istiqamətində böyük layihələrin həyata keçirilməsinə şərait yaratmışdır.
Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının təzahürü olmaqla, ayrı-ayrı regionların potensialından maksimum yararlanmaq, turizmin inkişafı məqsədi ilə bu potensialdan səmərəli istifadə etmək üçün geniş imkanlar açmış, bu sahədə xeyli işlər görülmüşdür.
Bütün bunlar təsadüfi deyildir. Axı, turizmin inkişafı iqtisadiyyatın yüksəlişində, yerli əhalinin məşğulluğunun artmasında, nəticə etibarı ilə insanların maddi-rifah halının yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Bir faktı qeyd edək ki, hazırda İsmayıllının turizm sektorunda 165 nəfər işçi çalışır.
Bu gün İsmayıllıda rayon haqqında, onun tarixi keçmişi barədə hərtərəfli təsəvvür yaradılmasına, lazımi bilgilər verilməsinə xidmət göstərən Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, Lahıc və Basqal tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Lahıc qəsəbəsində 108, Basqal qəsəbəsində isə 23 tarixi abidə mühafizə edilir. Ümumiyyətlə, hazırda bölgədə 233 tarix-mədəniyyət abidəsi vardır. 2012-ci ildə yaradılmış Turizm İnformasiya Mərkəzi və bu qurumun “Facebook” sosial şəbəkəsində açılmış “İsmayıllı Turizm İnformasiya Mərkəzi” adlı səhifə də bu sahədə mühüm əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən qeyd edək ki, bölgədə turizm planlı şəkildə inkişaf etdirilir. Turizm istirahət mərkəzlərinin yaradılması, muzeylərin fəaliyyətinin canlandırılması, xatirə-memorial və memarlıq komplekslərinin, tarixi abidələrin qorunub saxlanılması istiqamətində ardıcıl işlər görülür. Hazırda İsmayıllıda 23 istirahət mərkəzi fəaliyyət göstərir. 202 yerlik “Şeraton” otel kompleksinin tikintisində tamamlanma işləri aparılır. Yeni marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Millenium Tourism Congress DMC” şirkətinin təşkilatçılığı ilə “Azərbaycanda yeni turist marşrutlarını kəşf edək!” infotur layihəsi əsasında “Qırxotaq əfsanəsi” və “Fit dağı əfsanəsi” adlı yeni turizm marşrutları açılmışdır.
Turizm obyektləri üçün peşəkar kadrların hazırlanması xüsusi diqqət mərkəzindədir. Hazırda İsmayıllıda fəaliyyət göstərən peşə tədris mərkəzində məhz bu cür kadrlar hazırlanır.
Dövlətimizin başçısının diqqət və qayğısı rayonda yol infrastrukturunun təzələnməsinə, şəhər və kəndlərin abadlaşdırılmasına şərait yaratmışdır. Bütün bunlar isə son nəticədə bölgəyə turist axının artmasına səbəb olur.
Təsadüfi deyildir ki, son 5 ildə İsmayıllıya gələn turistlərin sayı 15000 nəfərdən 81845 nəfərə çatmışdır. Onların da 40 faizə qədəri xarici turistlərdir.
Bir sözlə, ölkəmizdə turizm sektoruna göstərilən diqqət və qayğı İsmayıllı rayonunda da bu sahənin dinamik və sürətli inkişafını təmin etmişdir. Bu diqqət və qayğı getdikcə gözəlləşən, müasirləşən, özünün əsrarəngiz təbiəti ilə göz oxşayan, tarixi abidələri ilə diqqəti cəlb edən bölgəni məşhur turizm zonasına çevirməkdədir. AzərTAc