“İslamın daxilindəki maarif işığı hamıya göstərilməlidir”

644
Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı əsasında Akademiya, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans AMEA Rəyasət Heyətinin qərarı əsasında akademiya, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların yaşadığını, onlar üçün bütün lazımi şərait yaradıldığını deyib.

Dövlət müşaviri Kamal Abdulla Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda deyilir:

“Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və maarifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlərarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir”.

Dövlət başçısı məktubunda bildirib ki, o, dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda islam maarifçiliyi və müasir dövr kimi mühüm bir mövzu ətrafında tanınmış dini liderlərin, hökumət və dövlət rəsmilərinin, görkəmli alimlərin, din mütəxəssislərinin, nüfuzlu beyin mərkəzləri təmsilçilərinin bir araya gəlməsini son dərəcə təqdirəlayiq hal hesab edir: “İslamın daxilindəki maarif işığını görənlər onu hamıya göstərməyi də bacarmalıdırlar. Bu baxımdan, keçirilən konfransın elmi tərəfi ilə yanaşı, həm də böyük ictimai əhəmiyyəti var.

Tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaşdığı ölkəmizdə bu gün sistemli və harmonik din siyasəti həyata keçirilir. Belə harmoniyaya nail olmağımız Azərbaycanın beynəlxalq nüfuzunu artırır və sizin mötəbər konfransınızın məhz Bakıda keçirilməsi bunu bir daha sübut edir.

Əminəm ki, bugünkü beynəlxalq toplantınızda din və cəmiyyət mövzusunda bir sıra qlobal problemlər və Azərbaycanın dövlət-din münasibətləri sahəsində nümunəvi təcrübəsi ilə bağlı ciddi müzakirələr aparılacaq, gəldiyiniz nəticələr dinlərarası əməkdaşlığın inkişafına, mütərəqqi dini maarifçiliyə, etnik-dini dözümlülük, həmrəylik və sülh işinə öz layiqli töhfəsini verəcək. Bu xeyirxah və nəcib işdə hər birinizə cansağlığı, konfransınıza uğurlar arzulayıram”.

 

“Müsəlman dünyası böyük təhlükə, sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb”

“Azərbaycan müsəlman dünyasının bir parçası olmaqla yanaşı, həm də dünyəvi və çoxkonfessiyalı ölkədir. İslam dini ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsidir. Yüz illər ərzində etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyyətimizdir”. Bu fikirləri konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə səsləndirib.

A. Paşazadə qeyd edib ki, bu gün Azərbaycan Respublikası İslam dininin elmi və maarifpərvər əhəmiyyətini təbliğ edən, onun sülhsevər və tolerant ruhunu dünyaya çatdıran ölkələrdən biridir: “Belə bir münasibətin arxasında böyük siyasi uzaqgörənlik və dövlət rəhbərinin müdrikliyi amilinin qərar tutması şübhəsizdir. Mütərəqqi ənənələrinə sadiq olan Azərbaycan Respublikasının bütöv bir tarixi mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olub. Əslində, bu gün keçirdiyimiz beynəlxalq konfransın özü də ulu öndərin himayədarlığı ilə 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında təşkil edilən “İslam sivilizasiyası Qafqazda” beynəlxalq Simpoziumunun ənənəvi davamı və XXI əsrdə keçirilən növbəti konfransıdır”.

QMİ sədri bildirib ki, artıq Azərbaycan əvvəlki məzlum dövlət deyil: “Bu gün Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi qlobal və regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirir. Bu, əlbəttə dövlət rəhbərimizin səyləri nəticəsində əldə etdiyimiz nailiyyətlərdir. Bizi çox sevindirir ki, möhtərəm prezidentimiz ölkənin iqtisadi və siyasi qüdrətini artırmaqla yanaşı, dini və elmi mühitimizin inkişafına da həssaslıqla yanaşır. Mədəni irsimizin qorunmasında, milli-mənəvi dəyərlərin inkişafında möhtərəm prezidentimizlə bərabər, böyük zəhmətləri olan birinci xanım Mehriban Əliyevanın xidmətləri və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır”.

Şeyxülislam deyib ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da müşahidə olunur: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, elm və din xadimlərinin birgə fəaliyyətinə ciddi ehtiyac var. Dindən siyasi məqsədlər üçün istifadəyə, ekstremist təmayüllərə qarşı mübarizənin ön cərgəsində, ilk növbədə nüfuzlu siyasi və dini liderlər, ziyalılar, güclü təsir imkanlarına malik olan informasiya vasitələri durmalıdır. Keçirilən konfransın əsas məqsədi – bütün dünyaya dinlə elmin vəhdətinin vacibliyini bəyan etməkdir”.

Şeyxülislam çıxışı zamanı Azərbaycanın işğal olunmuş torpaqlarından, dünyada hökm sürən ikili standartlardan bəhs edib: “Bildiyiniz kimi, biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik. Bu fəlakətləri özümüzdə yaşadığımız üçün İraqdakı qətliamları, Suriyadakı qardaş qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik. İki yüz ildən artıq dövr ərzində azərbaycanlılara qarşı mütəmadi deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya “məzlum qurban” kimi təqdim etməsini siyasi riyakarlıq hesab edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər. Dünyada sülhün və əmin-amanlığın bərqərar olması, cəmiyyətdə mənəvi-əxlaqi bazisin yaradılması və ənənəvi dəyərlərin qorunması məsələsində ziyalıların, elm və din xadimlərinin səylərinin birləşdirilməsi önəmli şərtlərdəndir.

Dinimizdə elmin və alimin mövqeyi barədə Peyğəmbərimiz Həzrət Məhəmməd əleyhissalamın mübarək hədisi var ki, alimlər peyğəmbərlərin varisləri, xəlifələri və davamçılarıdır, peyğəmbərlərin yolunu davam etdirənlərdir. Yaxın keçmişimizə qədər dinə bəslənən neqativ münasibəti, elm və din arasında uçurum fərqi qoyulmasını ruhun bədəndən ayrılmasına bənzətmək olar. Bu gün din və elm yaradılan şərait və imkanlardan istifadə edərək bir-birinə arxa-dayaq olmalı, cəmiyyətin, özəlliklə gələcək nəslin düzgün ruhda tərbiyəsinə və maariflənməsinə yardım etməlidir”.

“Xalqımıza xas olan tolerantlıqdan

hər yerdə danışılır”

“Minilliklər boyunca Azərbaycan çoxsaylı mədəniyyət və dinlərin kəsişdiyi məkan olub, və bu gün də belədir. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə bir sıra beynəlxalq forumlar keçirilir və bu forumlarda multikulturalizmin və dini dözümlülüyün aktual məsələləri müzakirə olunur. Xalqımıza xas olan tolerantlıq, başqa din və mədəniyyətlərə qarşı hörmətdən bu gün hər yerdə danışılır və konfrans iştirakçıları Bakıda olduqları müddətdə, təbii ki, bir daha bunun şahidi olacaqlar”. Bunu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, Azərbaycanda müxtəlif dinlərə sitayiş edən bir çox xalqlar yaşayır və ölkəmizin bütün vətəndaşları bərabərhüquqludurlar: “İslamın ümumbəşəri ideyalarına əsaslanan mənəvi dəyərlərin qorunması və inkişafı dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir. Sivilizasiyanın beşiklərindən biri olan Azərbaycanda bir çox dinlər münbit şəraitlə qarşılaşıb və hazırda bu kiçik ərazidə, yəni “Odlar yurdunda” atəşpərəstlərin məbədləri və yəhudi sinaqoqları, Avtokefal Qafqaz Albaniyası, rus Pravoslav və Katolik kilsələri mövcuddur”.

 

“Azərbaycan dini xurafata və geriliyə qarşı mübarizə aparan mayakdır”

“Bu gün Avropada müxtəlif qruplar İslam əleyhinə çağırışlar edirlər. Onların içərisində faşist ideologiyasının ardıcılları olmaqla yanaşı, aralarında özünü elm adamı kimi təqdim edənlər də var”. Bunu isə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxışında deyib.

M. Qurbanlı bildirib ki, İslam maarifçiliyi məsələsində İslam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var: “Bura elm, tədris mərkəzləri, qeyri-hökumət təşkilatları cəlb edilməlidir”.

Komitə sədri Azərbaycanın İslam sivilizasiyanın tərkib hissəsi olduğunu xatırladıb: “Eyni zamanda, Azərbaycan dini xurafata və geriliyə qarşı mübarizə aparan mayak rolunu oynayır. Azərbaycanın İslam maarifçiliyinin inkişafında rolu danılmazdır. Zaman-zaman alimlərimiz burada əsl İslamı təbliğ ediblər. Hazırda ölkədə İslam dini pərdəsi altında gənclərə qarşı yönəlmiş təxribatların, radikalizmin qarşısı alınır. İslamşünaslıq yeni inkişaf mərhələsinə daxil olur. Biz milli-mənəvi dəyərlərimizi qorumalı, eyni zamanda milli kadrlarımızı yetişdirməliyik. İslam dəyərlərinin təbliğində bu gün Azərbaycan alimlərinin, islamşünasların tədqiqatlarına böyük ehtiyac var”.

M. Qurbanlının sözlərinə görə, İslamı yalnız radikalların simasında görüb onu elə təbliğ etmək istəyənlər islamofobiyaya rəvac verə bilərlər: “Lakin elm aləmində islamofobiya müşahidə olunmur. Çünki onlar onun mahiyyətini anlayırlar”.