“İslamı terrorizmlə əlaqələndirmək qəbuledilməzdir”

557

Prezident İlham Əliyev Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxış edib.

Prezident İlham Əliyev: ”Bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var”.

“Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik”. Bunu Prezident İlham Əliyev Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı deyib. Prezident ermənilər Azərbaycana aid tarixi irsi məhv etdiklərini vurğulayıb: “Lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar!”

Dövlət başçısı bildirib ki, bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var: “Bakı prosesi” təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə gətirib çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik və düşünürəm ki, Azərbaycan kimi ölkələrin nümunələri bunu əyani şəkildə göstərir. Bizim ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin, pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır. Qafqaz regionunda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən fərəhlənirik. Eyni zamanda, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanın qədim Şamaxı şəhərində yerləşməsindən qürur hissi keçiririk. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini bayramları eyni masa arxasında qeyd edirlər. Buna görə də multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir”.