“İslam NATO-sunun real gücə çevrilməsi üçün zamana ehtiyac var”

Pakistanın keçmiş müdafiə naziri general Raxil Şərifin əksər müsəlman ölkələrini birləşdirən və İslam NATO-su adı ilə tanınan Terrorizmlə mübarizə üzrə İslam ölkələri Hərbi Koalisiyasının (İNAFT) rəhbəri təyin edilməsi beynəlxalq aləmdə müxtəlif reaksiyalara səbəb olub. Buna səbəb Pakistanın və islam dünyasının ən tanınmış generallarından biri hesab edilən Raxil Şərifin İslam NATO-sunu güclü hərbi quruma çevirə biləcəyi ehtimalıdır. Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov  verdiyi açıqlamasında Raxil Şərifin İslam NATO-suna rəhbərliyə gətirilməsinin müsbət hal olduğunu söylədi. O qeyd etdi ki, pakistanlı general həqiqətən də təcrübəli və müasir metodlarla döyüşlər aparılmasını dərindən bilən bir hərbçidir. Ekspert xatırladıb ki, Raxil Şərif Azərbaycanın haqq işini müdafiə edən və istənilən an ölkəmizin köməyinə gəlməyə, işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Pakistanın yüksək səviyyədə hərbi yardım göstərməyə və bunu real addımlar atmaqla sübut etməyə hazır olduğunu bəyan edən generllaardan biridir.

Üzeyir Cəfərov: “Raxil Şərif islam NATO-sunu real hərbi gücə çevirməyə qadirdir. Lakin buna onun asan nail ola biləcəyini söyləmək çətindir. Çünki quruma üzv ölkələr arasında beynəlxalq aləmdə baş verən hadisələrə münasibət fərlqidir və onların hər biri daha çox öz milli, hərbi, siyasi, iqtisadi maraqlarından çıxış edirlər. Məsələn, islam aləminin ən böyük dövlətlərindən biri olan Pakistan İranla sıx münasibətlərə malikdir. Adı çəkilən ölkə İran-Səudiyyə Ərəbistanı arasında davam edən qarşıdurmada Tehranın əleyhinə çətin ki, hansısa addımlar atsın. Çünki bu İran-Pakistan münasibətlərində gərginliyə gətirib çıxara bilər. Eyni sözləri Türkiyə haqqında da demək olar. Bununla belə bütün hallarda İslam NATO-su müsəlman ölkələrinə qarşı xaricdən həyata keçirilən təxribatların qarşısını ala bilər. Bunun üçünsə kifayət qədər imkanlar mövcuddur. Əgər qurumun 3 böyük ölkəsi olan Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə İslam NATO-sunun real gücə çevrilməsi üçün ortaq məxrəcə gələ bilsələr, onda həqiqətən də bölgədə islam ölkələrinin qüdrətli bir hərbi birliyi formalaşdırılmış olacaq. Amma qeyd etdiyim kimi bunun üçün quruma üzv ölkələr arasında bölgədə və dünyada baş verən hadisələrə münasibətdə fərqli mövqelərin uzlaşdırılması və bu məsələlərdə ortaya çıxan problemləri həll etmək lazım gələcək. Ona görə də belə hesab edirəm ki, Islam NATO-sunun real gücə çevrilməsi üçün zamana ehtiyac var”,-dedi.
Əziz Mustafa